AYB Füzulini tənqid edənlərə cavab verib: "Füzuliyə dil uzatmalarına biganə qala bilmərik!"

AYB Füzulini tənqid edənlərə cavab verib:  "Füzuliyə dil uzatmalarına biganə qala bilmərik!"
10 oktyabr 2023
# 15:04


"Özlərini postmodernist adlandıranların öz ənənələrinə uyğun olaraq Füzuliyə dil uzatmalarına biganə qala bilmərik."

AYB-nin mətbuat xidməti Tehran Əlişanoğlunun ötən həftə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş məqaləsinə münasibət bildirib.

Kulis.az sözügedən məqaləni təqdim edir.

Azərbaycan Yazıçılar Birliyinin «Ədəbiyyat qəzeti»ndə Birliyimizə qarşı, onun rəhbərliyinə qarşı, bir çox klassik və çağdaş yazıçılarımıza qarşı qərəzli yazılar yazan müəlliflərin mətnlərinin gen-bol çap olunmasına, onların əndazəsiz təriflənməsinə AYB katibliyi heç vaxt etiraz etməyib.

Qarşı tərəfin – yanlış fikir olsa da, fikir demək haqqını danmamaq demokratik davranışın ilkin şərtlərindəndir. Amma həqiqi ədəbi dəyərlərin keşiyində durmaq, klassikləri və çağdaşları cahil iradlardan qorumaq da Yazıçılar Birliyinin haqqı və borcudur.

Gözümüz qarşısında cərəyan edən ədəbi prosesi birtərəfli və təhrif olunmuş şəkildə işıqlandırmaq düzgün deyil. Vaxtilə iddialı şəkildə özünü Azərbaycan Yazıçılar Birliyinə alternativ kimi qələmə verən AYO (Azad Yazarlar Ocağı) az bir zaman ərzində mənəvi iflasa uğrayaraq tarixin arxivinə verildi. «AYB-ni yıxacayıq, dağıdacayıq», «ədəbiyyat bizdən başlanır» kimi cəfəng iddiaları elə iddia olaraq da qaldı. “AYO”çuların aralarından ən istedadlıları və ədəbi dəyərlərə sadiq olanlar yanlış yola düşdüklərini dərk edərək Azərbaycan yazıçıları arasında layiqli yerlərin tutdular. AYO təxribatının yalnız çağdaşlara deyil, klassiklərimizə qarşı çıxışları unudulmayıb. Amma ən qəribəsi odur ki, sanki hamının yaddaşı silinibmiş kimi AYO-çuların ədəbiyyatımızın dünəninə və bu gününə, milli dəyərlərimizə qarşı ardıcıl təxribatlarını guya ədəbi hadisə kimi diriltməyə çalaşanlar tapılır. Təəssüf ki, bu işə Akademiyamızın müxbir üzvü, ciddi tənqidçi kimi tanınan Tehran Əlişanoğlu da qoşulub.

«Ədəbiyyat qəzeti» nadir hallarda bir müəllif haqqında üç səhifə yarım yazı verir. Tehran Əlişanoğlunun Qan Turalı haqqında yazısı barədə, onun bu müəllifə verdiyi qiymət haqqında mübahisə etmək fikrimiz yoxdur. Hər kəsin öz ədəbi zövqü, öz keyfiyyət anlayışları, öz mətni qavramaq səviyyəsi olur və bunu təbii qəbul etmək lazımdır. Qəzetin bir müəllifə bu qədər yer ayırmaq səxavətiylə də işimiz yoxdur.
Amma özlərini postmodernist adlandıranların öz ənənələrinə uyğun olaraq Füzuliyə dil uzatmalarına biganə qala bilmərik. Həm də bir qayda olaraq bizim posmodernistlər Azərbaycan ədəbiyyatına qarşı təxribatlarını ən böyük şairimizə sataşmaqla başlayırlar.

«Müasir Azərbaycan ədəbiyyatı oçerkləri: «Qan Turalının həyat praqmatikası» adlı məqaləsində Tehran Əlişanoğlu yazır:
«Ədəbiyyatın missiyası, cəmiyyət və insan həyatında yeri barəsində gənc yaşlarından ciddi düşünən Qan Turalının ən müxtəlif janrlarda yazılarını birləşdirən xətt – yazıçının həqiqət axtarıcılığı, zamanın sürətlə dəyişən ritmini, ahəngini, qlobolizə əsrinin «tələb və təklifləri»ni milli ədəbiyyata gətirmək cəhdidir. Bu yolda o, başlıca əngəl kimi milli varlığın və düşüncənin sxolastikasını görür və oxucunun nəzərində onu dağıtmaq yolunu tutur: «Həqiqət canlıdır, müasir insanın mənəvi dünyası çalpaşıqdır, yaşadığı cəmiyyət çox mürəkkəbdir. Adi bir sevgi şeirinə baxsanız Füzulinin dövrümüz üçün çox köhnəldiyini görəcəksiniz».

Qan Turalının belə deməsi bizi qətiyyən təəccübləndirmir, amma Tehran Əlişanoğlunun bu hədyanı qeydsiz-şərtsiz qəbul etməsi təəssüfləndirir, «Ədəbiyyat qəzeti»nin Füzuliyə belə münasibət isə heyrətləndirir. Əlbəttə, əsrlər boyu dahi şairin ölməz əsərlərinə elə böyük şəxslər pərəstişlə yanaşıblar ki, indi kimin onu köhnəlmiş sayması ya saymaması Füzulinin vecinə deyil. Amma bizim vecimizədir və belə ucuz atmacaları cavabsız qoymağa haqqımız yoxdur.

Yaxşı, «həqiqət axtarıcılığı», «zamanın dəyişən ritmi» «qlobolaşma zamanı» və bu kimi dəbdə olan sözləri bir yana ataq, Füzulinin «köhnəlməsinə» qarşı hansı «yeniləşən» şeiri qoymaq olar?
Müxbir üzvün fikrincə, elə həmin Qan Turalının şeirini:

“Universitetdə 3-cü kursda oxuyanda;
Ürəyimi ona açdım.
Elə oradaca operativ formatda rədd cavabı almışdım”.


Vəssəlam.

“Bu vüsala yuxu əhvalı demək mümkün idi
Əgər olsaydı yuxu dideyi-giryanimizə”
beyti köhnəlib, sevgi etirafına «operativ formatda» rədd cavabı isə çağdaş şeirin təzələnməsinin bariz örnəyidir. Güman edirik ki, hörmətli Tehran Əlişanoğlu hər halda poeziyayla protokol dilini, həqiqi şeirlə qrafomaniyanı ayırmağı bacarır.

İnanmaq istərdik ki, «Ədəbiyyat qəzeti»ni yönətənlər də bunları fərqləndirə bilirlər. Yeri gəlmişkən, həmin bu müəllifin bir kitabının adını da bizə izah edin: «Həyatda heç bir şeyim yox olmadı sənin qədər»
Bu nə deməkdir və hansı dildədir?

Məqalədə bu sayaq başqa qəribəliklər haqqında ətraflı danışmaq istəmirik. Elə dediklərimiz yetərlidir ki, qəzet klassiklərə sataşanda ölçü hissini itirməsin.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti
2 oktyabr 2023

# 2187 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #