AYB-də “Söz” jurnalının 30 illiyinə həsr olunmuş tədbir keçirildi

AYB-də “Söz” jurnalının 30 illiyinə həsr olunmuş tədbir keçirildi
12 dekabr 2023
# 10:40

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” “Söz” jurnalının 30 illiyinə həsr olunmuş tədbiri keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə Xalq yazıçısı, AYB-nin birinci katibi Çingiz Abdullayev açıb.

Sonra tədbiri aparmaq üçün sözü jurnalın baş redaktoru Sevda Əlibəyliyə verib. Sevda xanım övladı qədər əzizlədiyi “Söz”ün işığına toplaşanları salamlayıb, onları bir-bir təqdim edib.

Tədbirdə uroloq-alim, akademik Sudeyf İmamverdiyev, Xalq yazıçısı Elmira Axundova, siyasi elmlər doktoru, professor Hadi Rəcəbli, ilk poliqrafçı alim Şəddat Cəfərov, tibb elmləri doktoru Paşa Qəlbinur, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Dünya Azərbaycanlılarının həmrəyliyinə dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, Buzovna məscidinin axundu Hacı Soltan Əlizadə, Əməkdar jurnalistlər Zemfira Məhərrəmli və Şəmsiyyə Kərimova, prokurorluğun baş ədliyyə müşaviri, şair Əli Şimşək, naşir-publisist Hacı Mehman Fərzullayev, şair Əlisəmid Kür və başqaları baş redaktor Sevda Əlibəylini təbrik edib, jurnalın hansı çətinliklərlə üzləşib işıq üzü görməsindən söz açıblar.

Şair-publisist Ağamir Cavad, şuşalı qonaq Şükür Həsənov Sevda Əlibəyliyə həsr etdikləri şeirləri oxuyublar.

Sevda Əlibəyli müəyyən səbəblərdən tədbirə qatıla bilməyənlərin salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Mətbuat Şurasının diplomunu idarə heyətinin üzvü Elçin Mirzəbəyli, görkəmli dövlət xadimi Əziz Əliyev adına “Dünyada sülh naminə” ordenini Milli Dədə Qorqud Fondunun prezidenti Eldar İsmayılov, “Bakı Mətbəəsi” ASC-nin sədri Şakir Acalovun təbrik məktubunu poliqrafçı alim Şəddat Cəfərov təqdim ediblər.

Sonda Sevda Əlibəyli “Söz”ün yubiley iştirakçılarına minnətdarlığını bildirib. Azertac

# 626 dəfə oxunub

Müəllifin son yazıları

# # #