Qar yağanda ortaya çıxan 10 azərbaycanlı tipi

Qar yağanda ortaya çıxan 10 azərbaycanlı tipi
24 fevral 2021
# 16:50

Kulis.az qar yağan kimi ortaya çıxan 10 azərbaycanlı tipini təqdim edir.

1. Sosial şəbəkələrdə status yazanlar

Sanki başqa heç kim qarı görmürmüş kimi bu haqda heç bir kreativliyi olmayan məlumat xarakterli statuslar yazırlar. Təsəvvür edin, güclü qar yağır, siz pəncərədən küçəni xeyli seyr edirsiniz, birdən içəri qayıdıb görürsünüz ki, kimsə belə bir şərh yazıb: “Qar yağır”. Məsələyə kreativ yanaşıb şeir və foto paylaşanlar, komik və əyləncəli fikirlər yazanlar da olur.

2. Foto çəkdirənlər

Anlamaq olur bunları. Çünki şəhərimizə qar nadir hallarda yağır. Dadını belə çıxarırlar.

3. Foto çəkənlər

Bunlar xüsusi tiplərdir. Məhz, ətrafı çəkmək istəyir və bundan xüsusi zövq alırlar. Olsun. Görünür bu da əyləncənin bir növüdür. Bir az da mədəni əyləncədir.

4. Qartopu oynayanlar

Əsasən uşaqlardır. Lakin böyüklərdin arasında da var. Bəzən küçədə tanımadığı xanımlara, bəylərə qartopu atanlara rast gəlirik. Təbii, heç kim incimir. Adətdəndir. İstəyirsən sən də cavab atəşi aça bilərsən. İstəməsən, boynunu qısıb əllərinlə qoruna-qoruna yoluna davam edərsən.

5. Sürüşənlər

Xizəkdən tutmuş ayağına sellofan sarıyanlara qədər geniş əhatəsi var. Xüsusən enişli yolları o qədər sürüşkən edirlər ki, adam gedəndə gözlənilmədən yıxılır. İllah da buzun üstünə təzə qar yağıbsa, vəziyyət çox təhlükəlidir.

6. Sürüşüb yıxılanlar

Sürüşmək demiş, bu tipləri mütləq qeyd eləməliyik. Qar yağanda mütləq yıxılırlar. Bəzən, özləri bunu etiraf edirlər. Qar yağdımı, bilirlər ki, hardasa yıxılacaqlar. Bəlkə, bundan çox qorxduqları üçün başlarına gəlir. Qar yağanda mütləq yıxılanlar da iki qola ayrılır. Yıxılarkən dilxor olanlar və yıxılarkən gülənlər. Bütün hallarda pozitiv olaq. Amma ən başlıcası ehtiyatı əldən verməyək.

7. Maşın itələyənlər

Bunlar qar yağan zaman özündə xüsusi xeyirxahlıq missiyası hiss edənlərdir. Ən çox məhəllələrdə olurlar. Batan maşınları itələyib yola düzəldirlər. Bəzən, sürüşən maşınları tutub saxlayırlar. Bəzən, yıxılan yaşlıların qolundan tutub qaldırdıqları da olur. Pis uşaqlar deyillər. Küçə heyvanlarını yemləyənləri də bu qrupa aid etmək olar. Diqqətli olsaq, “bomj”lara araq, isti yemək və papaq hədiyyə edənləri də görə bilərik.

8. Qardan adam düzəldənlər

No description available.

Bu da bir hobbidir, bəlkə. Mütləq etməlidirlər. Bəzən, bir neçəsini düzədirlər. Bəzən, kömək etmək istəyirsən, imkan vermirlər, sanki, qalıcı bir əsər yaradırlar. Yaradıcı iş qurtarandan sonra hələ kənardan durub baxmalarını görəsiniz. Əmin olun, heç Leonardo da Vinçi “Mona Liza”ya bu həvəslə baxmayıb...

9. Dilxor olanlar

Qar bütün pozitivliyi ilə yanaşı həm də problemdir. Bunu danmaq olmaz. Lakin elə tiplər var ki, qarı ümumiyyətlə sevmir, qar yağanda dilxor olur. Səbəbsiz yerə. Onlara səbir arzulayırıq. Eyni zamanda, bildiririk ki, qarı sevmək üçün çoxlu səbəblər var. Bir az həssas olsalar, onların birini mütləq tapacaqlar.

10. Gəzməyə çıxanlar

Bəlkə də ən ağıllı tiplərdir. Əsəb sakitliyi, təmiz hava və gəzinti. Qarın xırtıltısı xüsusi zövq də verir. Həkimlərin ən çox tövsiyə etdiyi üç şey. Sağlam olun!

# 3720 dəfə oxunub

Müəllifin son yazıları

# # #