Aşıq Əhlimanın xanımı: "Ən böyük arzumuz Prezident Təqaüdünün verilməsidir" - Müsahibə

Aşıq Əhlimanın xanımı:  "Ən böyük arzumuz Prezident Təqaüdünün verilməsidir" - Müsahibə
4 iyul 2024
# 16:01

Onunla əslində, çoxdan söhbət eləmək istəyirdim. Amma sözünə söz çatdırmamaqdan, söhbətinin qabağında aciz qalmaqdan qorxardım. Dəfələrlə onu ustad aşıqları, şairləri meydanda bağlayan görmüşdüm. Düşünürdüm ki, bir az da kamilləşim, danışaram. Amma fələk deyir sən saydığını say, gör mən nə sayıram.

Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının keçmiş müdiri (indi orada məsləhətçi professor vəzifəsindədir) Əməkdar Mədəniyyət işçisi, fəlsəfə doktoru, dosent Aşıq Əhliman Rəhimovla görüşümüz onun ömrünün 70-ci ilinin astanasına və həyata ağır imtahan verdiyi günlərə düşdü. 11 il öncə insult keçirən ustad sənətkarın səhhəti Covid 19 pandemiyasından sonra daha da korlanıb. Vaxtilə sözü-söhbəti bulaq kimi çağlayan, meydan basıb, aşıqlar bağlayan adam xəstəliyi səbəbilə çox çətinliklə danışır, fikirlərini zorla ifadə edir. Bir söz adamı üçün bundan ağrılı nə ola bilər? Ona görə söhbət zamanı tez-tez kövrəlir, daxili gərginlik keçirdiyi hiss olunurdu.

Aşığın bağlı-bağatlı həyətinə daxil oluruq. Həyətdəki ağacları suvarırdı. Bizi görəndə gözləri sevinclə parladı, amma “xoş gəldin” kəlməsi dodaqlarından zorla qopdu. Xanımı Aybəniz müəllim söhbət zamanı ona kömək edir, fikirlərini çatdırmağa yardımçı olurdu.

Öncə kiçik bir qeyd verim ki, Şirvan aşıq məktəbinin davamçısı Aşıq Əhliman 1955-ci il martın 5-də Ucarın Bərgüşad kəndində doğulub. Öz dediyinə görə, ilhamı Füzulinin ustad hesab etdiyi Həbibinin doğulduğu doğma Bərgüşad kəndinin təbiətindən qaynaqlanıb. Şirvan aşıq məktəbinin böyük sənətkarları Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Aşıq Məhəmmədağanı dinləyə-dinləyə sinəsi sazın, sözün evinə çevrilib.

Kulis.az Şirvan aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Əhlimanın müsahibəsini təqdim edir:

- Aşıq indi özünüzü necə hiss edirsiniz?

- Bu günə şükür.

Söhbətə Aybəniz müəllimə də qoşulur.

- Aşıq Əhliman uşaq ikən çox əzab-əziyyət çəkib, yetimliklə böyüyüb. Həmişə düşünürdüm ki, ömrünün başlanğıcında çox çilə çəkmiş bu adamın ömrünün sonu uğurlu olar, dərd-qəm görməz, amma gəl gör ki, sınağı ağır oldu.

- Sağalmasına güman var?

- Həkimlər yox deyirlər. Allahın işini kim bilir. Xaricdən dərmanlar alıb gətiririk müalicəsinə. Ən azından bu dərmanlardan sonra gümrahlaşır, nitqi bir az düzəlir. Dərmanlar yaşadır onu.

- Aşıq Əhlimanın sənət dostları, aşıqlar, Mədəniyyət Nazirliyindən onu yad edən, arayan, soran var?

- Var. Elə dünən bir dəstə qonaq yola salmışıq. Sağ olsun, tələbələri, yetirmələri gəlib gedirlər. Aşıq Samirəni Əhlimandan sonra İncəsənət Universitetində onun yerinə təyin etdilər. Öz qızıdır sanki, tez-tez gəlir baş çəkir.

- Aşıq Əhliman harada təhsil alıb?

- Əvvəlcə böyük qardaşı, məşhur həkim Mövludun təkidi ilə Tibb Universitetinə sənəd verib, lakin müsabiqəyə düşdüyü üçün daxil olmayıb. Əsgərlikdən qayıdandan sonra uşaqlıqdan sevdiyi saz sənətini seçəcəyini bildirib. İncəsənət Universitetinin Mədəni Maarif fakültəsini bitirdikdən sonra bir müddət Ucarda Mədəniyyət Evində işləyib. Elə o vaxtdan el məclislərinə dəvət alıb, adı oba-oba yayılıb. Bakıya 2002-ci ildə köçdük.

- Bildiyimə görə, heç bir toy Aşıq Əhlimanın Aran ənənəsinə uyğun “bəy tərifi” mərasimi olmadan başa çatmazdı.

- Hə, məclisə onun gələcəyini biləndə dəvət olunmayanlar da toy qapısına yığışar, səhərə qədər dastan deyərdi. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər dillər əzbəri idi. Onun əlində o cansız taxta parçası haray çəkirdi. Nəinki toy, yas məclislərinə gedəndə də camaat onun söhbətini dinləmək üçün başına yığışırdı. Əhlimanda insanlarla ünsiyyət, onları başına toplamaq qabiliyyəti, şirin söhbət Allah vergisidir. Hamı deyirdi ki, Aşıq Əhlimanla təkcə şair Zəlimxan Yaqub söz güləşdirə bilər. Elə bil bəd nəzərə gəldi.

Yenə üzümü ustada tuturam.

- Neçə sazınız var aşıq?

Aşığın mavi gözləri sazdan söz düşəndə parlayır.

- 3 sazım var.

- Sizi buxara papaqsz görəndə az qala tanımadım.

- ( Gülümsünür) Hə, buxara papaqlarım çoxdur. Şəkidə öz ustam var idi, o tikirdi papaqlarımı.

- Yenə sazı dilləndirə bilirsiniz?

- Çətinliklə. Allah qismət eləsin, yenə çala bilim.

Qısa-qısa cavablar verir. Hər cavabında o qədər təəssüf, yazıb-yaratmaq eşqi var ki... Aybəniz müəllim deyir, özü çalıb-oxumasa da, saz aşıqları efirə çıxanda dinləyir. Kimin xaric oxuduğunu, səhv buraxdığını dərhal tutur.

- Aşığın öz yetirmələri varmı?

- Aşıq Qəlbinur, Aşıq Elçin, Aşıq Sahib, Aşıq Nəsib, Aşıq Məharət onun davamçılarıdırlar. Gəlib gedirlər sağ olsunlar.

- Bəs övladlarınız haradadırlar?

- 3 övladımız var. Bir oğlumuz, iki qızımız. Üçü də xaricdə ali təhsil alıb. Bir qızımız Almaniyada oxudu, orda da ailə qurdu. Yarı alman 1 nəvəmiz də var. O biri qızım və oğlumuz Bakıdadır. Nəvələrimizin gəlişi Əhlimanı çox sevindirir. Əhvalı durulur onları görəndə.

- Yerinə yetməmiş hansı arzusu var, sizcə?

- Bir otaq dolusu fəxri fərmanları, diplomları var. Bu yaxınlarda yaradıcılıq gecəsini keçirdilər. Ölkə başçısının yolu Ucara düşəndə onu qarşılayanlar arasında Aşıq Əhliman da var idi. Dövlət başçısı onun çıxışını çox bəyənmişdi. Şirvan aşıq məktəbinin ən tanınmış davamçısı olaraq ümid edir ki, ona Prezident Təqaüdü verilər. Xalqın yaddaşını, folklorunu sevə-sevə yaşadıb, təbliğ edib. Dəfələrlə dövlət tədbirlərində, xaricdə verilən konsertlərdə aşıq sənətimizi təmsil edən də Aşıq Əhliman olub. Ömrünün bu çətin illərində bu təqaüd ona həm dəstək olardı, həm də hiss edərdi ki, zəhmətinə, yaradıcılığına dövlət tərəfindən qədir-qiymət verilir. Xalqımız, elimiz, obamız onu çox sevib.


Aşıq heç gözləmədiyim halda soruşur:

- Ləhcən şirin gəldi. Ucarlısan?

- Bəli. Sizi lap uşaqlıdan tanıyıram. Elimizdə, obamızda çox məclislərə gəlmisiniz.

Bayaqdan danışmağa çətinlik çəkən aşıq həzin səslə, şirin avazı ilə dillər əzbəri olan öz qoşduğu “Ucarım “ mahnısından bir bənd oxumağa başlayır.


Mənim üçün cənnət məkan
Doğulduğum diyarımdı
Qonaqpərvər bir el görsən
Bil ki, mənim Ucarımdı...


Qulaqlarımda onun sazının havası, evlərini tərk edirəm. İçimdə niskil var. O susmağa məcbur qalmış bülbüldür sanki. Sinəsi sözlə aşıb-daşır, dili çevirmir, dodaqlarından tökülmür. Gedə-gedə Allaha dua edirəm: “Aşıqlara vergi haqdan gəlir, ey yaradan sözünü, söhbətini ona geri ver”.

Lent.az

# 1048 dəfə oxunub

Müəllifin son yazıları

# # #