Anar: "Makronlar gəlib gedirlər, Paris əbədidir..."

Anar:  "Makronlar gəlib gedirlər, Paris əbədidir..."
22 yanvar 2024
# 09:00

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin qonağı olub.

Kulis.az Modern.az-a istinadən xəbər verir ki, Bakıdakı 276 nömrəli tam orta məktəbdə keçirilən görüşdə əvvəlcə məktəblə tanış olan qonaq təhsil ocağının kitabxanasına baş çəkib, kitabxana fondundakı bədii ədəbiyyat nümunələri ilə maraqlanıb.

Anar xatirələrlə dolu məktəb illərinin ömür səhifəsindəki yerindən, müəllim adının, peşəsinin müqəddəsliyindən, insan şəxsiyyətinin formalaşmasında məktəbin, müəllimin rolundan söz açıb. O, məktəblilərə məsləhətlərini verib, onları düşündürən sualları cavablandırıb.

“Siz dünyanın dörd yanını gəzmisiniz. Olduğunuz ölkələrdən ən çox xoşunuza gələn hansıdır?” - deyə şagirdlərdən birinin sualına: “Doğrudan da dünyanın çox ölkəsində olmuşam”, - deyə yazıçı həvəslə cavab verib.

“Makronun siyasətinə nifrət etməyimə baxmayaraq, Fransanı çox sevirəm. Çünki makronlar gəlib gedirlər, amma Fransa dünyanın ən gözəl ölkələrindən biridir. Paris əbədi bir şəhərdir. Böyük ölkələrin, demək olar ki, hamısında olmuşam. Təkcə Yaponiyada olmamışdım. Fikirləşirdim ki, 85 yaşım var, indi də getməsəm nə vaxt gedəcəyəm? Keçən il qızımla Yaponiyaya da səfər etdik. Çox maraqlı ölkədir. Həmçinin Hindistan maraqlıdır, İtaliya səma altında muzeydir, ABŞ-də dəfələrlə olmuşam. Ömür vəfa etsə, “Gündoğar diyardan günbatan bulvaradək” adlı kitab yazacağam”, - Xalq yazıçısı Anar əlavə edib.

# 840 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #