Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."
18 oktyabr 2026
# 11:40

Kulis.az tanınmış türkoloq, dilçi alim, yazıçı Ahmet Bican Ercilasunun "Azərbaycan" yazısını təqdim edir.

8–10 oktyabr 2026-cı il tarixlərində Bakıda 4-cü Beynəlxalq Türk Dili və Ədəbiyyatı Təhsili Simpoziumu keçirildi.

Mən də 7–11 oktyabr tarixlərində Bakıda idim. Məclis Qazi Təhsil Fakültəsinin Türk Dili və Ədəbiyyatı Təhsili bölməsi tərəfindən təşkil olundu. Tədbirin Bakıdakı təşkilatçısı isə Azərbaycan Dillər Universiteti (ADU) idi. Simpoziumun tərəfdaşları sırasında Türk Mədəniyyətini Araşdırma İnstitutu ilə Yunus Əmrə İnstitutu da var idi.

Toplantıda Türkiyə və Azərbaycandan bir çox alim və mütəxəssis məruzə ilə çıxış etdi. Çıxış edənlər arasında Polşadan professor Danuta Xmelovska (Danuta Chmielowska) və Yaponiyada çalışan bir qazax türkü də vardı.

Bu cür elmi toplantıları təfsilatı ilə yazmağımın səbəbi tarixə qeyd etməkdir. Bütün bu elmi məclislər gələcəkdə qələmə alınacaq türkologiya tarixində öz yerlərini tutacaqlar.

Simpozium Bakı Türkoloji Qurultayının və Qazi Universitetinin 100 illiyi, həmçinin Azərbaycan Dillər Universitetinin 80 illiyi xatirəsinə təşkil edilmişdir.

Yüz il əvvəlki təsisatlar iki qardaş respublikanın ilk illərində ciddi bir gələcək perspektivinin mövcud olduğunu da nümayiş etdirir. Ümid edilir ki, ölkələrimizin bugünkü rəhbərləri də quruluş illərindəki həmin gələcək baxışından dərs və ibrət alarlar.

Akademik toplantılar təkcə elmə töhfə verməklə qalmır, həmkarların bir-biri ilə tanış olmasına vəsilə olaraq akademik mühitlərin yaranmasına da zəmin hazırlayır. Əlbəttə, həm də ölkələrin tanıdılmasını, xüsusən də mədəniyyət və incəsənət sərvətlərinin görülməsini təmin edir.

Toplantının məruzələri nəşr olunacaq - maraqlanan oxucular məruzələri həmin nəşrdən oxuya bilərlər.

Mən burada iki sənət hadisəsindən bəhs edəcəyəm:

1. Fəxri Xiyaban

2. "Gülçöhrə və Əsgər" musiqili tamaşası.

Birincisi, çoxdandır Bakıda mövcud olan şərəf məzarlığıdır. Fəxri Xiyaban ifadəsini Türkiyə türkcəsinə "Şərəf Yolu" kimi tərcümə edə bilərik.

Bura yalnız siyasətçilərin deyil, elm, mədəniyyət və sənət xadimlərinin də məzarlarının yer aldığı bir açıq səma muzeyidir. Sadəcə məzarlardan və başdaşlarından bəhs etmirəm; orada uyuyan şəxsiyyəti ən gözəl şəkildə təcəssüm etdirən büst və heykəllərlə bəzədilmiş bir məzarlıqdan danışıram.

Lap girişdə sizi qollarını açmış Rəşid Behbudov heykəli qarşılayır. Fikrət Əmirov, Müslüm Maqomayev kimi böyük bəstəkarlar, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi böyük şairlər yaşıllıqlar içində, tər-təmiz bir sənət bağçasında əbədi yuxuya dalıblar. Görkəmli nasir Elçin Əfəndiyevin 2025-ci ildə vəfat etdiyini də burada öyrəndim. Əlbəttə, Elçibəyin məğrur dayanan heykəli qarşısında həyəcanlandıq. Heydər Əliyev üçün isə çox xüsusi bir guşə salınıb.

"Gülçöhrə və Əsgər" Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın qələmə aldığı bir dram əsəridir. Kamal Abdulla - "Üzeyir Hacıbəylinin virtual qəhrəmanlarının aqibəti necə oldu görəsən?" - deyə düşünüb və bu əsəri yazıb.

"Arşın mal alan" sədaları ilə qulaqlarımızda yer etmiş Əsgər, Stalinin repressiya illərində Sibirə sürgün edilib. Dustaqlar ağır tirləri çiyinlərində daşımaqdan əldən düşüb, vaxtından əvvəl qocalıblar. Gecə barakların birində film nümayişi var.

Sən demə, Üzeyir Hacıbəyli "Arşın mal alan"ı yazıbmış. Barakdakı film də "Arşın mal alan"dır. Yəni sürgündəki Əsgər (arşınmalçı) ekranda özünü seyr edir. Öz-özünə "Bu Süleyman, bu Vəli, bu da mənim sevdiyim Gülçöhrə" deyə pıçıldayır, tab gətirə bilmir və canını tapşırır.

Azərbaycan Dövlət Musiqili Akademik Teatrında Cavanşir Quliyevin bəstələdiyi, Əsgər Əsgərovun quruluş verdiyi bu pyesi izləmək belə Azərbaycanı gözümüz kimi qorumaq üçün yetərli səbəbdir.

Azərbaycan müstəqil qardaş ölkədir. Türkiyədən ora nizam verməyə qalxmağın mənası yoxdur.

# 105 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər