Borc - İlhamə Həkimoğlunun hekayəsi

Borc - İlhamə Həkimoğlunun hekayəsi
3 oktyabr 2023
# 12:50

Kulis.az İlhamə Həkimoğlunun "Borc" hekayəsini təqdim edir.

Xəbər yayıldı ki, Xatın arvadın yetim nəvəsi Əli əsgər gedir. Atası həlak olmuşdu Əlinin. Hərbi qulluqçu idi. Atəşkəs dönəmində snayperlə vurmuşdular. Anasını da doyunca görməmişdi, lap balaca olanda ağır xəstəlik nəticəsində itirmiş, nənəsinin ümidinə qalmışdı.

Bu kənddən əsgər gedən tək Əli deyildi təbii ki. Əlinin əsgər gedir xəbərini vətənşüvən ləqəbli QHT sədri Elçin yaymışdı.

- Toplaşaq, şəhid balasını layiqincə yola salaq, - demişdi.

Elçini tanımayan yox idi. Hər hadisədən özünə pay çıxaran biri idi deyə çağırışına qoşulub gələn çox olmadı. Bir özü gəldi, 3-4 dənə də özü kimi QHT sədri. Səhər saatlarında dörd dənə yekə “Cip” dayandı yetim Əligilin qapısında. Ömründə belə bahalı maşın görməmişdi. Həsrətlə baxdı, içindən bir ah keçirdi, amma udqundu, arzusunu içində, dərin bir yerlərdə gizlətdi. Adət eləmişdi o. Nəsə arzulayanda bilirdi ki, nənəsinin almağa gücü çatmayacaq, onu üzməmək üçün istəyini qəlbinin ən dərin yerlərində gizlətməyi öyrənmişdi.

Qonşuda yaşayan qazi Məhəmməd də qonaqları görüb keçib-gəldi.

Xatın arvad Əlini tezcənə dükana göndərdi, pensiyasını almamışdı deyə, nisyə yazdırıb, qonaqların qabağına qoymaq üçün bir-iki şey aldırdı, imkanı daxilində süfrə açdı. Masa başında tost deyilmədi, tost kimi şüarlar səsləndi. Birinci Elçin başladı:
- Vətən sənə oğul deyir, sən ən şərəfli bir yolu gedirsən. Vətən borcu namus borcudur...
- Vətən sənə, sən də vətənə borclusan, Əli. Get, borcunu ödə.
- Get, salamat qal, vətən yolunda hamımızın canı qurbandır, vətən səni seçib, sən bəxtəvərsən, kaş məni də aparaydılar...”

Bər-bəzəkli kuklaya bənzəyən xanım idi bunu deyən.

Süfrənin bir küncündə oturmuş Məhəmməd sakit – sakit Nailə xanımın üzünə baxdı.
- Əsgər gedəsi oğlun yoxdumu, sən getmək istəyirsən?

Nailə bir az alındı, nəzərləri özüylə bərabər gəlmiş qonaqların üzündə gəzindi.
- Yox niyə ki, var, 3 oğlum var, Londonda oxuyurlar.

Məhəmmədin qaşları düyünləndi.
- Eybi yox, kişilər ölməyiblər hələ.

Əli dalıb getmişdi. O da oxumaq istəmişdi, alınmamışdı. Yoxluğun üzü qara olsun. İndi də qara-qara dükana yazdırdığı nisyəni düşünürdü. Əvvəldən də bir az borcu qalmışdı. Nənəsinin verməyə imkanı olacaqdımı?

Yemək bitdi, qonaqlar ayağa qalxdılar. Qırıq-sökük pilləkənlərlə birinci düşən kukla xanımın kabluku ilişdi, səndələdi. O birilər ehtiyatla həyətə düşdülər. Yenə bayaqkı cümlələr quruldu, Əlinin boynuna sarıldılar, öpdülər, selfilər çəkildi. Özləri ilə gətirdikləri fotoqraf və reportyor bir neçə şəkil də çəkib aparatlarını çantalarına yığdılar. Getdilər.

Kəndin yolunda yekə-yekə maşınların qaldırdığı toz duman ilan kimi qıvrıldı.

Məhəmməd Əlinin kürəyini şappıldatdı.
- Maşın hazırdı, min, özüm aparacam səni səfərbərlik xidmətinə. Hə yadımdan çıxmamış, bunu da götür, - deyib cibindən çıxardığı iki dənə iyirmiliyi

Əlinin cibinə basdı, - oralarda lazımın olacaq. Gülarə gəlinbacın bir çanta da hazırlayıb sənə, yemək, şirniyyat-filan, yolda yeyərsən yoldaşlarınla”.
- İstəmirəm, Məhəmməd əmi
- Boş-boş danışma, borcumuzdu.

Əli cibindəki 40 manatla dükana borcunu necə ödəməyin yolunu düşünürdü. Nənəsi ilə görüşüb ayrılanda iyirmiliyin birini nənəsinin köhnə çit xalatının cibinə qoydu gizlicə. Məhəmmədin görməsini istəmirdi. Qəhərlənmişdi. Əsgər getdiyi üçün yox, nənəsinin tək qalacağı üçün.

Məhəmmədin köhnə “Moskviç”inə minib yola düşdü. Bədəni gedirdi, ağlı, fikri isə borclarında qalmışdı.

# 1890 dəfə oxunub

Müəllifin son yazıları

# # #