"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?
18 oktyabr 2026
# 10:30

Kulis.az Tural Əlizadənin təqdimatında Muxtar Əfəndinin Üzeyir Hacıbəyliyə ərizəsini təqdim edir.


Sovet Azərbaycanının tanınmış şərqşünas alimi Muxtar Əfəndizadənin (1880−1975) həyatı, fəaliyyəti və yaradıcılığı haqqında "1000 müsəlman erməni" adlı ötən yazımızda məlumat vermişdik.

Budəfəki yazıda onun Sovet dövründə sürgündən yazdığı ərizəni təqdim edəcəyik.




Muxtar Əfəndi AXC parlamentində 3 ay 19 gün deputat kimi fəaliyyət göstərib. 1934-cü ildə yazdığı tərcümeyi-halında bu haqda deyir: “1919-cu ilin dekabr ayının 12-də Ağdaş kəndləri nümayəndələri məni bir rəncbər oğlu və xalq müəllimi olmaq münasibətilə Azərbaycan Parlamentinə üzv seçmələri üzrə parlamana getdim”.

O, 1 aprel 1920-ci ildə Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi beşinci kabinet istefa verənədək deputatlığa davam edib. Onun deputatlıq fəaliyyəti haqqında növbəti yazımızda ətraflı danışacağıq.





Sonra Muxtar Əfəndi Ağdaşa qayıdır və maarifçilik fəaliyyətini davam etdirməyə başlayır. 5 iyul 1920-ci ildən Ağdaş maarif şöbəsinin kollegiya üzvü, eyni zamanda maarif şöbəsinin inspektoru işləyib.

Xalq maarif komissarı Dadaş Bünyadzadə Ağdaşda açılacaq qısa müddətli pedaqoji kursların təşkili və rəhbərliyini ona həvalə edir. Muxtar Əfəndi 1923-cü ilin noyabrından iki dərəcəli məktəbdə ədəbiyyat müəllimi işləməyə başlayır.

Səhhəti ağırlaşdığından 1926-cı ildə maarif sahəsindən uzaqlaşan Muxtar Əfəndi bir neçə il ticarətlə məşğul olur. Bu dövrdə o, vaxtilə AXC parlamentində işlədiyinə görə tez-tez sorğu-suala tutulurdu.

Elə bu səbəbdən 1936-cı ilin 4 mart gecəsində həbs edilərək Rusiyanın Kirov vilayətinin Slobodskoy şəhərinə üç il müddətinə sürgün olunur. 28 iyul 1938-ci ildə ordan o vaxt SSRİ Ali Sovetinin deputatı olan Üzeyir Hacıbəyliyə ərizə göndərir.

Ərizə hazırda Əlyazmalar İnstitutunda 17 saylı fondda yerləşən Üzeyir Hacıbəylinin şəxsi arxivində s. v. 554-də saxlanılır, 5 səhifədən ibarətdir, Əfəndinin əz əlyazısı ilə köhnə latın qrafikasında yazılıb.

Ərizənin mətnini olduğu kimi təqdim edirik:

Sosialist Şuralar İttifaqı Ali Şurasının üzvü
və Azərbaycan vəkili yoldaş Üzeyir Hacıbəyova
əslən ağdaşlı, hal-hazırda isə Kirov oblastının
Slobodskoy şəhərində sürgündə bulunan
Muxtar Əfəndizadədən ərizədir:



1936-cı ilin mart ayının 4-cü gecəsi Zaq. NKVD-nin sərəncamı ilə Bakıdakı mənzilimdən götürülüb həbs edilərək Tiflisə göndərildim. Orada səthi bir istintaqdan sonra mənə məlumat verildi ki, Ali Məhkəmənin xüsusi kollegiyası səni Kirov ölkəsinə üç il müddətlə azad sürgünə məhkum etmişdir.

Məni həmən ilin iyun ayında oradan etapa verdilər, bir çox zəhmətlərdən sonra iyul ayının 28-ci günündə buraya çatdım və azad buraxıldım. Bu gün bu şəhərə gəldiyim tam iki ildir.

Mənim tərcümeyi-halımı və keçmişimi yaxından bilənlərə aydındır ki, bu qərar mənim haqqımda aşkar bir yanlışlıqdır.

Çünki sürgün nə demək olduğunu az-çox mən anlayıram. Bu cür sürgünlər yalnız ehtiyat tədbiri olaraq icra edilir. Məni bu kateqoriyaya yazmaq üçün heç bir əsas yoxdur və məni heç bir qanun heç bir suçdan Şura hökumətinə yad-biganə adlandıra bilməz.

Çünki mənim əlimdən, dilimdən, hərəkətimdən, Şura hökumətindən əvvəl və Şura hökuməti zamanındakı fəaliyyətimdən Şura quruluşuna uymayan kiçik bir cinayət də olsa sadir olmamış və ola bilməsinə heç bir əsas yoxdur.





Mən otuz illik kənd müəllimiyəm. Atam krepostnoy kəndli - (bəy rəncbəri) əkinçidir. Şura zamanında 50-dən ziyadə müəllim və müəllimə hazırlayıb Şura məktəblərinə vermişəm. 1904-cü ildən 1935-ci ilə qədər Qubada, Ağdaşda və Tiflisdə oxudub savadlandırdığım vətəndaşların sayı beş mindən ziyadədir.

Mənim bədxahlarım məni nə ilə ləkələmiş və yad ünsür adlandırmışdır? – yalnız Azərbaycan parlamentinin üç ay yarımlıq bir müddətdə üzvü olmağımla.

Şura qanunu və həqiqi Şura xidmətçisi parlament üzvlüyünü, kiçik də olsa, bir cinayət saymayır, lakin düşmənlər üçün bu, bir dəstavizdir (tutalqa). Onlar bunu əsas tutaraq müsavatçılıq, mülkədar tərəfdarlığı və sairə ilə məni ləkələməkdən çəkinməmişlər və öz vəzifəsinin bihəqqin sahibi olmayan, öz vəzifəsini layiqincə mənimsəməyən bəzi məmurlar da o yalan materialların yalanlarını ifşa etmək və verilən materialları ətraflı surətdə təhqiq etmək zəhmətinə qatlanmayaraq səthi bir sorğu-sualdan və qanuna müxalif olaraq keçmiş jandarmalara məxsus söyüşlərlə məni təhqir etdikdən sonra öz zövqünə uyğun bir qərar yazmış, Moskvaya – Ali məhkəmə kollegiyasına göndərmişdir. Təbii, Ali məhkəmə kollegiyası da onun yazdığı kimi təsdiq etmişdir.





Bu xüsusda 1937-ci ilin yanvarının 8-də yoldaş Kalininə ərizə vermişəm, ərizə ilə birlikdə öz tərcümeyi-halımı və orada yazdıqlarımı təsdiq edən vəsiqələri də göndərmişəm, bu günə qədər ərizədən müsbət, yaxud mənfi bir cavab yoxdur.

Həbs olunduqda köhnə hürufatla yazdığım bir metodika kitabımı götürmüş və mənə qəbz vermişlər. Ondan başqa, Zaq. NKVD-nin komendantı tərəfindən 1936-cı ilin martının 29-da və aprelin 25-də cibimdən bir çuqun “Mauzer” saatım, bir sepoçkam və bir neçə də başqa xırda şeylərim: papirosqabı, podtyajka kimi şeylər alınmış və mənə qəbz verilmişdir.

Buraya gəldikdən sonra on dəfədən ziyadə bu şeyləri göndərmək üçün Tiflisə ərizə vermişəm, hətta buranın NKVD-si də yazıb o şeyləri tələb etmiş, oradan heç bir şey göndərməmişlər.


İndi sizdən rica edirəm:

1) Yoldaş Kalininə müraciət edərək mənim ərizəmi tapdırasınız və mənim azad olunmağım üçün vəsatət edəsiniz;

2) Tiflis NKVD-sindən – mənim müstəntiqim olan Akopyandan və o tarixdə orada komendant olan adamlardan mənim metodika kitabımın, saatımın və sepoçkamın buraya göndərilməsini tələb edəsiniz.





Hərçənd mənim vaxtım 1938-ci ilin oktyabr ayında qurtarır, fəqət bir gün də olsa vaxtımdan əvvəl azad olunmağım mənim yanlış olaraq sürgün edilmiş olduğumu göstərdiyi üçün məndən ötəri böyük bir mərhəmətdir.


Mən zənn edirəm, məni ən yaxşı tanıyanlardan biri də şəxsən sizsiniz. Ona görə müsavatçı olmadığım, hətta onların ən birinci müxalifi olduğum, Qubada Əbdürrəhim əfəndi, Hacıbaba axund, köhnə falaqqa məktəbi mollaları, naçalnik Leontyev və yerli polis – jandarmaların təzyiqi, Ağdaşda Qazı Əhməd əfəndi və sair mollaların, naçalnik Klimentyevin, jandarmaların və cahil varlıların təzyiqi, tənə və məsxərəsi altında nə qədər zəhmətlər çəkmiş olduğum və nə cür işləmiş olduğum haqqında ətraflı yazmağı lazım bilmədim.

28.VII.38
Muxtar Əfəndi

Адрес:
гор. Слободской, Киров. область, Красноармейская ул., д. № 18
Мухтару Эфендизаде

# 209 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər