Ağ ölümə qurşandı, səsini və ailəsini itirdi, mənzilində ölü tapıldı – Elçin Cəlilovun faciəvi həyatı 

Elçin Cəlilov, müğənni

Elçin Cəlilov, müğənni

7 sentyabr 2022
# 21:00

Kulis.az mərhum müğənni Elçin Cəlilov haqqında maraqlı faktları təqdim edir.

Əslən Qax rayonundan olan Elçin Əsəd oğlu Cəlilov 17 iyul 1968-ci ildə anadan olub. Ailədə iki qardaş, bir bacı olublar. Elçin atasını erkən yaşlarında avtomobil qəzasında itirir, mehrini anasına salır.

***

Musiqiyə həvəsi ailəsindən başlanıb. Sovet dövründə ailə ansambllarından birini də Cəlilovlar ailəsi təşkil edib. Səkkiz nəfərlik ailə ansamblı müxtəlif qastrollara gedir, konsert proqramları ilə çıxış edirdilər. Daha sonra Elçin Bülbül adına musiqi məktəbinə daxil olur, Şövkət Ələkbərovadan dərs alır.

***

Yaşının erkən çağında anasının istəyi ilə xalası qızı Mənfurə xanımla ailə qurur. Bu evlilikdən onun bir qızı, bir oğlu doğulur. Oğlu kiçik yaşlarında dünyasını dəyişir. Elçinin evliliyinin ömrü uzun çəkmir, bir müddət sonra onlar ayrılırlar. Elçin əvvəlcə Tahirə adlı xanımla ailə qurur, lakin, bu nikah da uğursuz olduğundan onun üçüncü evliliyi müğənni Lalə Dadaşova ilə baş tutur.

Gallery

Elçin ilk dəfə səhnəyə sazla çıxaraq, bir neçə aşıq mahnısı ifa edir. Daha sonra isə Bakı Musiqi Akademiyasına daxil olur, Arif Babayevdən dərs almağa başlayır. Və efirlərə muğam ifaçısı kimi çıxır. O, muğam dəsgahları ilə yanaşı, xalq, estrada mahnıları, romansları gözəl ifa edir.

***

Sonralar Arif Babayev müsahibələrinin birində belə deyir: “Mən ona həmişə sənətkar deyirdim. Doğurdan da əsl xarakterli, sənətkar adam idi. Hər adama elə səs qismət olmur. Sonralar toylara getdi, yaxşı pul qazandı. Hər dəfə deyirdim ki, Elçin, bu pulların qədrini bil ha, bunlar adama bir dəfə verilir. Mənə qarşı həmişə çox hörmətli davranırdı. Başına gələnləri eşidəndə, onu çağırdım yanıma. Dedim, Elçin, sən xanəndəsən, mədəniyyət işçisisən, belə olmaz.”

Gallery

Günlərin birində Elçin Rəşid Behbudovla görüşür, böyük sənətkar onun ifasını, səsini çox bəyənir. Qısa zaman ərzində Elçin Rəşid Behbudovun sevimli ifaçılarından birinə çevrilir, Mahnı Teatrının aparıcı solisti kimi müğənnilik karyerasına başlayır. Böyük səhnəyə “Sevgilim sən maral kimi” mahnısı ilə qədəm qoyur. Lakin, musiqi karyerasının ilk günlərindən ona qarşı bəzi həmkarları tərəfindən paxıllıq başlayır. Bir çox vacib konsertlərdə onun iştirakına mane olurlar. Bu cür hadisələr isə on çox pis təsir edir.

***

Xanəndəliyə başladığı ilkin dövrlərdə Elçin nə siqaret çəkir, nə içki içir. Çox utancaq və əxlaqlı insan kimi hörmət qazanır. Qardaşı Yusifin narkotik asılılığından əziyyət çəkməsi ona pis təsir edir, toylardan qazandığı pulları qardaşının müalicəsi üçün xərcləyir. Lakin sonrakı illər təəssüf ki, Elçinin də pis vərdişlərə aludəçiliyi onun sənətinə təsir edir. Qısa zaman ərzində Elçin narkotik vasitələrinin istifadəçisinə çevrilir, gün-gündən arıqlayır, səsini itirir.

Gallery

Bir müddət müalicə görən Elçin özü də bu asılılıqdan xilas olmağa çalışır. Evdə həm də piano ifaçısı olan Lalə Dadaşova ilə məşqlər edir. Dörd oktavalıq səsini itirən müğənni həyat yoldaşı Lalədən xahiş edir ki, məşqlərdə ona səsini açmaq üçün kömək etsin. Bir gün isə yalvarırcasına ona deyir, Lalə, mənim səsimi açarsan?

***

Mahnı Teatrındakı konsert məşqlərinə geciksə də müəllimi Kamil Vəzirov deyir ki, sonradan gəlib ondan xahiş edir, hətta ağlayıb, yalvarır ki, ona səhnəyə çıxa bilməsi, oxuması, səs imkanlarını geri qaytara bilməsi üçün kömək etsinlər.

Gallery

Bir müddət sonra Elçinin qardaşı avtomobil qəzasına düşür. Elçin anası və qızı ilə qardaşının yanına gedir. Onlar xəstəxanadan geri qayıdanda Elçinin idarə etdiyi maşın yol kənarındakı ağaca çırpılır. Bu qəzadan Elçin və qızı sağ çıxsalar da, anası elə hadisə yerində dünyasını dəyişir. Anasının vəfatındadn sonra isə Elçin yaşamaq istəmir, özünü onun ölümündə günahkar bilir. Tez-tez mən - anamı öldürdüm, mən də öləcəm, yaşamaq istəmirəm sözlərini deyir.

***

Bir dəfə isə Mingəçevirdə toyda olanda içkili olur, toyda dava düşür, Elçin əli ilə vurub restoranın şüşələrini sındırır. Elçini polisə aparırlar. Xəbər Arif Babayevə çatanda Arif müəllim polis idarəsinə zəng vurub deyir ki, o, mənim sevimli tələbəmdir, onu buraxın.

Gallery

Deyilənə görə, Elçinin narkomaniyaya mübtəla olmasına səbəb bəzi həmkarları olub. Elçinin məşhurluğu, səsinin gözəlliyi və onun günü-gündən şöhrət qazanması bir çoxlarını qıcıqlandırır və inkişafdan saxlamaq üçün qəsdən onu bu yola doğru çəkirlər. Sonralar bu barədə özü həyat yoldaşı Lalə Dadaşovaya da etiraf edib, deyir ki, məni bu yola qəsdən saldılar, hətta yaşadığım evə narkotik vasitələr gətirirdilər ki, mən ondan istifadə edim.

***

Ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Lalə Dadaşova Elçinin yenidən narkotikdən istifadə etdiyini görəndə onu tərk edib gedir. Ancaq bir müddət sonra o, Laləyə zəng vurub deyir ki, məni bağışla, mənə kömək et. Bu dəfə də mən bacarmasam, anamın qəbri üstünə gedib, özümü öldürəcəm. Və onlar barışırlar.

Gallery

Ömrünün son günlərində Elçin səhnəyə çıxmağa, oxumağa can atır. Həyat yoldaşı Lalə onu Sumqayıtdakı konsertlərin birinə aparır. Rejissor Elçini görüb təəccüblənir. Müğənni Rəqsanə isə dözməyib deyir, bu nə günə düşüb? Fonoqramma ilə olan konsert bitəndən sonra rejissor Laləyə yaxınlaşıb deyir: Elçin tanınmaz hala düşüb, efirə yaramır. Mən onun ifasını yazdım, amma montaj zamanı kəsəcəm, onu belə vəziyyətdə efirə verə bilmərəm.

***

2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılır. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunur. Deyilənə görə, ona narkotik vasitəsi gətirənlərdən biri də qardaşı Yusif olub. Elçinin ölümündən az müddət sonra isə Yusif də dünyasını dəyişir.

***

Elçin Cəlilov 27 yaşında ürək tutmasından dünyasını dəyişən gənc yazar Kamran Sunun ögey əmisi olub. Bu barədə Kamranın “Kaktus” adlı romanının bir hissəsində qeyd olunur.

# 64735 dəfə oxunub

Müəllifin son yazıları

# # #