Kulis.az yazıçı, publisist Qorxmaz Şıxalıoğlunun “Avqust... Şüvəlan...Tofiq Bayram...” adlı yazısını təqdim edir.
Puşkin xatirələrin insan üçün ən böyük sərvət, Freyd isə işgəncə olduğunu yazır. Özlüyündə ikisinin də dediyində həqiqət var. Ancaq Puşkinin həqiqəti mənə daha yaxındır. Fikir vermişəm: məclislərdə əksər adamlar daha çox xatirə danışır, ya da söhbətinə bir xatirəni dayaq edir.
2017-ci il aprelin əvvəllərində rejissor Rövşən Nicatla yazıçı dostumuz Yaşarın ortancıl qardaşı Eyvazın hüzr məclisinə - Əmircana gedirdik. Sürücü dostumuz yolu bir az çətin tapdı. Əmircanda “pereyezd”i keçəndə Rövşən, Səttar Bəhlulzadəni və Tofiq Bayramı xatırladı. Bu iki əmircanlı sənətkarın birincisini görməsəm də, ikincisi ilə bağlı bir xatirə yadıma düşdü Dedim, həmin axşam yazaram. Amma neçə il keçdi yazmadım, tənbəllik etdim. Əslində, buna “tənbəllik” də demək olmaz. Yazının da “yetişən” vaxtı olur, özü qapını döyür. Gərək bu səsə durub qapını açasan, sifarişlə yazı olmaz ki. Nə isə...
1989-cu ilin avqustu idi. Tofiq Bayramı ilk dəfə onda – o isti yay günlərində gördüm. Bu, həm də bizim sonuncu görüşümüz oldu. O, həyat yoldaşı Zərifə xanımla Yazıçıların Şüvəlan Yaradıcılıq Evinə dincəlməyə gəlmişdi. Onda mən Yaradıcılıq Evində mədəni - kütləvi tədbirlər üzrə təlimatçı işləyirdim (əmək kitabçamda bu cür yazılıb). O vaxt Yaradıcılıq Evi şair-yazıçılar üçün balaca bir ada idi. Günəşi bol, sakitliyi, dənizi bol bir ada. Dünyanın, şəhərin səs-küyündən, qayğılarından, əsəbdən – illah da ki yayda – xilas olmağa yaradıcı adam üçün bundan gözəl yer yox idi. Onda Moskva, Leninqrad və Kiyevdən gələn qonaqlar özləri ilə tək ədəbi söhbətlər yox, o uzaq yerlərin ab-havasını da gətirərdilər.
...Səhər saat 11 olardı. Əsas giriş qapısından təzəcə içəri keçmişdim ki, gördüm Tofiq Bayram üzü mənə sarı gəlir. Ayaq saxlayıb salam verdim. Üzümə çox diqqətlə baxdı və təbii ki, məni tanımadı.
Yəqin, ürəyində deyirdi ki, görən bu cavan şair kimdir, niyə onu tanımıram? (Düşündüm ki, özü şair olduğu üçün məni də yazıçı yox, məhz şair gözündə görür). Həm də zahiri əlamətlərimə görə, “gənc şair” standartlarına tam uyğun gəlirdim”. Cavan, boy uca, qısaqol köynək ağappaq, şalvar tarım, döş cibdə də gözəl Belarus siqareti – “Kosmos”. İntəhası, o günə qədər respublika mətbuatında heç üç cümləlik yazım da çap olunmamışdı. Tofiq müəllim yəqin düşünürdü ki, bu bazbrutda şairin adını, ləqəbini xəbər alsam, yəqin xətrinə dəyər. O, məndən heç nə soruşmadı, eləcə ərkyana “siqaretimi yandır”, – dedi. Ürəyində tam arxayın idi ki, onu tanıyıram, həm də ona isti bir münasibətim var. Bu ərkyanalıq da ondan qaynaqlanırdı. Çəkdiyi filtrsiz “Prima” siqareti idi. Bu siqaret məsələsi iki-üç gündə beş-altı dəfə təkrarlandı. Ondan sonra Tofiq müəllimi uzaqdan görən kimi kibriti tez çıxarıb əlimdə saxlayırdım. ( O vaxtlar alışqan yox idi, yalnız tək-tək “bərkgedən” oğlanlarda olurdu.)
Deyirdilər ki, Tofiq müəllimin güclü şəkəri var. Ona görə gözləri zəifləyib, ayağının balaca barmağı sıradan çıxmaqdadır. Bir də eşitmişdim ki, T. Bayram Yazıçılar İttifaqına üzv qəbul olunduğu günü, az qala toy-bayram kimi qeyd eləyibmiş. Başda Süleyman Rüstəm olmaqla, bir dəstə şair-yazıçını Əmircana – evlərinə qonaq aparıbmış. Tofiq müəllimin atası oğlunun “şair”liyini təsdiq edən vəsiqənin şərəfinə dəvə kəsibmiş. Zarafat deyil – o illərin ölçülərinə görə deyirəm – 25 yaşında hər yazarı Yazıçılar İttifaqına üzv qəbul etmirdilər. Özü də SSRİ Yazıçılar İttifaqından söhbət gedir. 15 respublikanın və bütün sosialist bloku dövlətlərinin qapıları üzünə açılır, kitabların müxtəlif dillərdə çap olunur. Daha böyük-böyük qonorarları, xarici səfərləri, salon dolu alqışları, gül-çiçəyi... demirəm. Yazıçılar İttifaqının verdiyi vəsiqənin çəkisi təkcə bu sadaladıqlarımla da bitmir. Bu sıranın davamında mənzil, bağ yeri, maşın... da vardı. Ona görə “dəvə söhbəti”nə barmaqarası, söz xətrinə deyilən söz kimi baxmayın. Onu da mütləq deməliyəm ki, bütün bunların arxasında istedad dayanırdı.
Şairlik öz yerində o, həm də hal əhli idi. Onunla bağlı yayılan əhvalatlar dillərdə gəzirdi. Bircəsini xatırlayım: T. Bayram, S. Rüstəmxanlı və başqa iki şair Musa Yaqubun 50 illiyini təbrik etmək üçün Buynuza gedirlər. Təbrik etmə üç-dörd gün çəkir. Sonuncu gün. Yubilyar qonaqları İsmayıllı yolunun üstündəki “Bədo” kafesindən yola salır. Yolasalma mərasimi ilə bağlı təmtəraqlı süfrə açılır. Məclisin sonuna yaxın T. Bayram qayıdır ki, ay Musa, gəl qalaq, 60 yaşını da keçirdib gedərik. Tofiq müəllimdə nə günah? May ayında İsmayıllıda olasan, ətraf yaşıllıq içində üzə, quşlar cəh-cəh vura, hava adamı məst eləyə, sən də deyəsən ki, mən bu cənnəti qoyub gedirəm Bakıya. Adama deməzlər ki, a bala, sənə nə olub? Tünlükdən adamın nəfəsini təngidən Bakıda neyləyəcəksən?
Bu söhbəti mənə M.Yaqub, öz dili ilə desək, “əhvalatın baş verdiyi” “Bədo” kafesində nəql edib. Onu da deyim ki, meşələrin qoynuna sığınan, yan-yörəsinin gözəlliyi ilə adamı havalandıran bu məşhur kafedə bircə dəfə dostlarla badə toqquşdurmaq bəs edər ki, o yolasalma “hal-qəziyyə”sinin işığı gözünü qamaşdırsın.
İndi qayıdıram həmin “ada”ya – Şüvəlandakı Yaradıcılıq Evinə. Düzü, nə vaxt “Şüvəlan” sözünü eşidirəmsə, ürəyimdən işıqlı bir yay ovqatı gəlib keçir. O isti yay günləri indi də gözümün qarşısındadır.
Avqustun axırı idi. Bir axşam Yaradıcılıq Evinin həyətində hasara yaxın, qübbəsi ağ dəmirdən və divarları lay şüşədən quraşdırılmış kafedə məclis qurmuşduq. Hardasa, yeddi-səkkiz nəfər olardıq. Baş tərəfdə Tofiq Bayram əyləşmişdi. Ara-sıra maqnitafonda retro mahnılar da səslənirdi. Gecə saat 11 olardı. Tofiq müəllimin həyat yoldaşı gəldi ki, gecdir, dur gedək. Təbii ki, şair yerindən tərpənmədi. Nəcib simalı bu qadın bir saatdan sonra yenə qayıtdı, yenə eyni sonluq. Üçüncü dəfə gələndə isə, əlində jaket var idi: “Ay Tofiq, dedim, soyuq olar sənə” – deyib, jaketi onun çiyinlərinə atdı və qayıdıb getdi. Gecə yarıdan keçdiyindən hava soyumuşdu, ancaq heç kim yerindən qalxmaq istəmirdi. Şair-yazıçı məclisi idi. Üstəlik, yemək də, araq da bol. Arada nə üçünsə öz otağıma qalxmalı oldum. Həyətdə Zərifə xanımı gördüm. Elə bil, sualımı gözlərimdən oxudu: “Hava gözəldir, istəyirəm, bir az gəzim” – dedi. Bildim ki, “hava”, “gəzmək” söhbəti bəhanədir, ərinə görə narahatdır. Gecə saat iki olardı. Tofiq müəllim köhnə şair-yazıçılarla bağlı xatirələrini danışırdı. Elə bu ara yenə Zərifə xanım gəldi, əlində pencək. Tofiq müəllim pencəyi tez-tələsik götürüb oturduğu stulun söykənəcəyinə keçirtdi və amiranə səslə: “Get, məndən nigaran qalma, hələ uşaqlarla söhbət edirəm” – dedi.
O məclisimiz səhərə yaxın başa çatdı. Biz kafedən duranda Zərifə xanımı yenə həyətdə gördüm. Yadımda deyil, şairlərdən kimsə qulağıma pıçıldadı: “Bu qadın ərini, nözübillah, az qala, Allah bilir”. Sonralar Zərifə xanım haqqında çox yazıçılardan belə xoş sözlər eşitdim. O gecədən sonra bu ailəyə hörmətim daha da artdı.
...Onda Qarabağ hadisələrinin alovlandığı vaxtlar idi. Mərkəzi televiziya və mətbuat, bir sözlə, rəsmi Moskva, qısa desəm, qəsdimizə durmuşdu. Xalqımıza hər cür şər-böhtan yağdırırdılar. O günlərdə Bakıda ən çox dillərdə gəzən söz-söhbət Rəsul Həmzətovun SSRİ Xalq Deputatları qurultayında ermənilərin xeyrinə çıxış etməsi idi. Rəsul Həmzətovu Azərbaycanda çox sevirdilər. Onun “Mənim Dağıstanım” kitabını oxumayan yox idi. Ona görə də dağıstanlı şairin bu çıxışı bütün Azərbaycanı, indiki dillə desək, şok eləmişdi.
Bilirdim ki, Tofiq Bayram Rəsul Həmzətovun şeirlərini dilimizə çevirib və sanballı bir kitab şəklində də çap edib. Bir gün günorta həyətdə onunla rastlaşanda bu haqda söz açdım. Tofiq müəllim: “Əvvəl siqaretimi yandır, sonra söhbət eləyərəm” – dedi.
30 il əvvəlin söhbətidir. Əlbəttə, olduğu kimi, xatırlamaq çətindir. Hər halda təxmini də olsa, yadımda qalıb. Və o söhbəti Tofiq Bayramın dilindən yazıram: “Rəsul Həmzətovun o çıxışından sonra, az qala ki, dəli olam. Yəni adam bu qədər duz-çörək itirən olar? Götürüb Mahaçqalaya – evlərinə zəng elədim. Telefonu arvadı Patimat götürdü. Təbii ki, məni tanıdı. R. Həmzətovu istədim “Evdə yoxdur” – dedi. Bir gün keçdi, yenə zəng elədim, yenə eyni cavab. Hardasa bir həftə onu tuta bilmədim. Gördüm ki, məndən qaçır. Axır, bir gün yaxası əlimə keçdi. Başa düşdüm ki, Patimat onu buna məcbur eləyib. Çünki hər dəfə bu qadınla danışanda “evdə yoxdur”, “hələ gəlməyib” sözlərini çox böyük əzabla deyirdi. R. Həmzətov əvvəl mənimlə hal-əhval tutdu. Qoymadım sözü uzatsın. Dedim, qurultaydakı o çıxış nə idi? Bilirsən, xalqımızı nə qədər hiddətləndirmisən? Axı ermənilərin dediklərinin hamısı şər-böhtandır. Sən də onları müdafiə edirsən. R. Həmzətov ah çəkdi, sonra günahkarcasına danışmağa başladı: “Tofiq, bilirsən, Silva Kaputikyan Litinstitutda (Moskvadakı M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutu) mənimlə oxuyub (həmin bu şovinist qadın da onda qurultay nümayəndəsi idi). İclaslararası böyük fasilədə Silva mənə yaxınlaşdı və o qədər danışdı ki... axırda beynimi yedi, məni yoldan çıxartdı”. Əsəblərim yerindən oynadı: “Sən uşaqsan ki, bu arvad səni yoldan çıxartsın?” – deyə soruşdum. Rəsuldan cavab gəlmədi”.
Dostlar, Tofiq müəllimin söhbəti bura qədər yadımda qalıb. Həmin vaxtlar, hətta bəzi oxucularımız R. Həmzətovun kitablarını “posılka” eləyib Mahaçqalaya göndərirdilər. Tək Azərbaycanda yox, elə Dağıstanda da bir çox dostlar bu məsələyə görə R. Həmzətovdan incik düşmüşdülər. Yadımdadır, R. Həmzətovun ömrünün sonuna yaxın “İzvestiya” qəzetində bir müsahibəsi çap olunmuşdu. Gileylənirdi ki, ailəsində və yaxınlarının içində onunla badə-badəyə vurmağa bir adam yoxdur. Deyirdi iki qızım var, tərslikdən heç birinin də əri içmir. Nəvələrimin də hamısı qız uşağıdır. Bilmirəm neyləyim?
T. Bayramın R. Həmzətovla bağlı dediklərinə inanırdım. O, doğrudan da, cəsarətli idi. Sonralar onun həqiqətpərəst bir adam olması ilə bağlı çox söhbətlər eşitmişəm. Amma dediyim məqamı təsdiqləyən bir epizodla şəxsən rastlaşmışam.
İşlə bağlı hərdən Yazıçılar İttifaqına gəlirdim. Deyəsən, 91-ci il idi. Bir dəfə İttifaqa gələndə gördüm ki, ikinci mərtəbədə təmir işləri gedir, dəhliz toz-torpaq içindədir; yerdə çoxlu topa-topa qovluqlar var. Onları küçədə dayanmış yük maşınına qalamaq üçün bura tökmüşdülər. Maraq güc gəldi, əlimi atıb birini qaldırdım. Gördüm ki, üstündə rus qrafikası ilə Tofiq Bayramın adı yazılıb. Qovluqda başqa kağızlarla yanaşı, Yazıçılar İttifaqının birinci katibi M. İbrahimova ünvanlanmış bir məktub da vardı. Onu APİ-nin (Azərbaycan Pedaqoji İnstitutu) tələbəsi yazmışdı. Dama-dama qoşa dəftər vərəqində yazılmış bu dörd səhifəlik məktubda tələbə ərz eləyirdi ki, APİ-yə görüşə gələn T. Bayram Lenini, Kommunist Partiyasını pisləyən sözlər işlədirdi. Şikayət məktubunun son cümləsi belə idi: “Hörmətli Mirzə müəllim, xahiş edirəm, T. Bayram haqqında ciddi tədbir görəsiniz”. Məktub, hardasa 10-15 il əvvəl yazılmışdı. Təxmini yadımda qalanı deyirəm. Məktub müəllifini tanıdım. O, populyar bir qəzetdə işləyirdi, kitabları da çıxmışdı. Nə isə...
...1990-cı ilin yanvarında rus-sovet əsgərləri Yazıçılar Evini işğal etdiyi üçün biz işçilər ordan getməli olduq.
... 1998-ci ilin sentyabrı idi. Prezident seçkilərinə az qalırdı. Onda Az TV-nin “İctimai-siyasi proqramlar” redaksiyasında çalışırdım. Elə o payız günlərinin birində günorta yeməyindən təzəcə qayıtmışdım ki, dedilər Əmircana çəkilişə getməlisən, orda, qəsəbə parkında T. Bayramın heykəlinin açılışı olacaq. Düzü, həm pis oldum, həm də kədərli duyğular bürüdü məni: işə bax, on il əvvəl yeyib-içdiyin bir adamın heykəlinin açılışına gedirsən.
Park insan əlindən qaynayırdı. Açılışa Azərbaycan Respublikasının Prezidenti H. Əliyev gəlməli idi. Böyük bir sıxlıq yaranmışdı. Mühafizəçilər prezident üçün güc-bəla ilə bir cığır aça bildilər. H. Əliyev T. Bayram haqqında geniş çıxış elədi. O, əsl ədəbiyyat bilicisi kimi danışırdı. Tədbir çox böyük coşqu ilə keçdi. Parka yığılanların əksəriyyəti T. Bayramı mənim kimi canlı görənlər idi. Axı onun ölümündən bizi cəmi 7 il ayırırdı. Birdən o işıqlı avqust gecəsi gəlib durdu gözlərimin qarşısında. T. Bayram pencəyini stulun söykənəcəyinə keçirib gur səsi ilə şeir deyirdi. Uzaqdan da dənizin səsi eşidilirdi. Gecənin sakitliyində bir-birinə qarışan bu iki səs o həyat eşqi ilə dolu məclisə bir sehr gətirmişdi. O gecənin bu sehrli işığı heç vaxt ürəyimdən silinməyəcək. Çünki onu sönməyə qoymayan poeziyanın gücüdür. Düşündüm ki, T. Bayramın başına yığışdığımız o ulduzlu Şüvəlan gecəsi bir də olmayacaq.
10 aprel 2021-ci il