Ağrının yaddaş ömrü

Ağrının yaddaş ömrü
26 iyul 2021
# 14:00

Nəzirməmməd Zöhrablının “İgid ömrü” kitabı haqqında düşüncələr

“İgid ömrü” kitabının “əlyazma” dediyimiz hələ qara-quradan təmizlənməmiş komputer nüsxəsini vərəqləyirəm.

Kitabın müəllifi Nəzirməmməd Zöhrablıdır. Kifayət qədər ədəbi təcrübəsi və yazdığı, yaratdığı əsərləri ilə dəyərli yazı yolu keçib. Bir neçə kitabı ilə özünü ifadə imkanlarını göstərib.

Mən Nəzirməmmədin yazı taleyində təbiətindən gələn əsas rənglər kimi onun sözə məsuliyyətli yanaşmasının rolunu xüsusi qeyd edərdim. Ölçülü-biçili söz içində mükəmməl fikir ifadə etmək, dəqiq obraz yaratmaq onun əsas yazı üslubudur. Və “İgid ömrü” kitabının ilk əlyazma nüsxəsini vərəqlədikcə bunu aydınca hiss edirəm.

“İgid ömrü” ifadəsi bu gün çox işlənən bəlkə də, qədərindən artıq çözülən iki ayrı-ayrı sözün birliyində ehtiva olunan məna ilə bizə (oxucuya) orijinal səs kimi gəlib çatır. Bu da Nəzirməmmədin sözə yanaşmasının, həm də özünəxas yanaşmasının təsdiqi kimi görünür.

Gül ömrü, bülbül ömrü və igid ömrü... Deyəsən, sırada bir doğmalıq var. Əsər odur ki, adı ilə, ayrı-ayrı epizodları ilə sözə gətirdiyi hadisələrlə oxucunun yaddaşında bir oyanış yaratsın. Oxucu yaddaşına od vursun! Elə ilk səhifələrdən sonra artıq özümü bu odun içində gördüm. Deyəsən, hansısa bir dastanı Nəzirməmmədin “İgid ömrü” kitabı ilə birgə oxuyurdum...

...Dastan qəhrəmanı idealının sorağı ilə səfərə çıxır. İnadlıdır yolunda, inamlıdır idealına çatacağına... keçilməzlikləri arxada qoyur. Qarşısına çıxan şər qüvvələrlə döyüşür. İnadına və inamına güvənən gücü ilə məqsədinə sipər olanları yenir.

Tale onu gözünü ovlayan, ruhunu tovlayan sınaq obrazı ilə üz-üzə gətirir. Dastan qəhrəmanı qayğıdan xali olur, günü xoş keçir. Amma bir gün ona qadağan olunmuş bahar bağına girir. Güllər açılıb gəl-gəl deyir, bülbül nəğmələri ilə gülləri oxşayır. Bir budaqda oxuyan bülbül nəğməsini yanıqlı-yanıqlı ötür. Və nəğməsinin sonunda özünü qabaq tərəfdə qaramıx kolunun içindən boy verən qızılgülün təzəcə açılmış qönçəsinə çırpır. Bayaq ha... demə nə oldu, qönçəyə qovuşmaq üçün can atan bülbül qaramıxın neştər kimi tikanına sancılır. Dastan qəhrəmanı qaramıxa sancılmış bülbülün yan üstə düşmüş cəsədinə çatanda onun dimdiyindən qan süzürdü. Gör tale onu nə ilə qarşılaşdırır, necə sınağa çəkir: Öz idealına yetmək üçün bülbül özünü ölümə necə verdi.

Dastan qəhrəmanının yatmış duyğuları dilə gəldi. Səssiz harayla onu məramına doğru səslədi. Onun duyğuları artıq özündən öndə gedirdi. Qətiyyən ənənəvi bir yazı yazmaq niyyətində deyiləm. Əgər ənənəvi yolun icrasını əsas götürsəm, onda bu kitabın hansı layihə ilə ərsəyə gəldiyini, Birinci Qarabağ savaşının faciə miqyasını, “Xatirə kitabı” redaksiyasının “Bakı xəbər” qəzeti ilə birgə əməlinin dəyərindən də danışım. Xocalıda yaşamış Füzuli Salah oğlu Rüstəmovun tale yoluna işıq tutan müəllifin kimliyi haqqında söhbət açım... buna lüzum görmürəm. Çünki bu faktların hamısını oxucu elə kitabın ilk səhifələrindəcə görəcək. Bircə onu deyirəm ki, şərəfli əməl bütün zamanlarda təqdir olunur, çünki bütün zamanlar üçün dəyərlidir. Və “İgid ömrü” kitabının yazılmasını da müasirlərimizin - əlbəttə, qədirbilən müasirlərimizin çətin zaman arasında cəfakeşlik xidmətinin bəhrəsi kimi görürəm.

Axı dedim ki, belə kitablar üçün, daha doğrusu məlum mövzuda kitablar üçün ənənəvi dəsti-xətti qorumaq fikrində deyiləm. Birinci səbəb də odur ki, məlum mövzuda yazılan kitabların stereotiplərini Nəzirməmməd özü də qəbul etməyib. Bəs Nəzirməmmədin yanaşmasına hansı adı vermək olar? Müşahidələrimin nəticəsi...bu canlı roman üslubudur. Artıq son dövrlərdə nəsrimizdə özünü göstərən postmodern forma axtarışları ilə təzahür edən yanaşmadır. Bu yanaşmada zaman şərtidir; müəllif bizdən uzaq tarixlə bir qərinə bundan əvvəlki zamanı məntiqi ilə bağlayır. Və bu günümüzü bir qərinə bundan əvvəlki dövrə aparır. Şah İsmayılın gecəni yata bilməməsi epizodu ilə artıq özünü dərk edən, bu dünyaya gəlmək üçün ona ayrılmış tale missiyasının mahiyyətini anlayan Füzuli Rüstəmovun düşüncələri arasında bir bağlılıq var.

Oxucu sanki bədii-sənədli filmə baxır: Xudafərin üstündə düşüncələrə dalmış Şah İsmayıl otaylı-butaylı Azərbaycanın rəmzi körpünü keçəcəyi anı düşünür. Kadr dəyişir və biz Xocalını görürük: Xocalının bəxtəvər günləri...sanki həyat insanın üzünə gülür. Gözümüzün önündən bir gənc keçir. Bu Xocalı ilə boya-boy dünyaya can atan Füzuli Rüstəmovdur.

Əgər bu kitabı canlı roman, sənədli film kimi görürəmsə, gərək bunu da deyim. Oxucu sarsıntısının göz qabarını: Xocalının bir hissəsi – bərbad Pirşağı sanatoriyası...

Müəllif o qədər sərrast, dəqiq yanaşma ilə sözü başlığa gətirir ki, oxucuda həqiqi film təəssüratı yaradır: Füzuli əsl Xocalını axı görmüşdü. İndi o əsl Xocalının bərbad... viranəyə dönmüş xaniman mənzərəsi ilə necə barışa bilərdi.

Kadrlar sürətlə dəyişir... Müəllifin qeyd etdiyi kimi “Xocalı gecəsi hamı canının hayında olanda, o, dördüncü, beşinci, bəlkə də altı-yeddinci dəfə ürəyindən çıxara bilmədiyi Xocalıya tərəf – həm də ümidsiz, çar-naçar yollara səpələnmiş xocalıların harayına qayıdır, köməksiz həmyerlilərinə bələdçilik edir və öz əbədiyyətini elə bu gecənin zülmətindəcə yaxınlaşdırırmış”. Bircə cümlənin özü içərisinə yığdığı enerji ilə canlı romanın təəssüratını təmin edir.

Müəllif ayrı-ayrı düşüncə elementlərini cümləyə çevirərək oxucuya bütöv kadrlar təqdim edir: Füzulinin dilindən “xəstəxanada qalmıram, ermənilər gecə kəndə hücum edər”, yaxud, Milli Qəhrəman Füzuli Rüstəmovun, Fiqurə xanımın “qaldıq ata-anasız ana babamın himayəsində” adı ilə səslənən cümlələrini başlığa gətirir. Bununla da filmə baxışın mahiyyətini – başqa sözlə, marağını təmin edir. Ailənin Xocalıda cəmlənməsi Xocalının bu ailənin ruhunda doğma yurd obrazı burada özünü dərk məqamına çatmış Füzuli Rüstəmovun cəsurluğu hələ kinin, qəzəbin, qərəzin döyüşə çevrilmədiyi vaxtlarda bizə yağı niyyəti ilə fürsət gözləyən ermənilərin diqqətini cəlb edir. Müəllif qəhrəmanını kadr-kadr böyüdür, şəkil-şəkil ərsəyə yetirir. Hissiz, duyğu-duyğu ona can verir. Əlbəttə, bu boy artımı ilə onun bitib-tükənməyən Vətən sevgisini əsas götürür. Çünki müəllif Füzulini anadangəlmə qəhrəman kimi qavrayır. Söz yox, əsərin canlılığını təmin edən cəhətlərdən biri də Füzulinin son anlarını gözləri ilə görmüş şahidlərin – doğmaların təəssüratlarıdır. Bu yöndə onun xalası Səkinəni danışdırması yerinə düşür. Biz Səkinə obrazının timsalında ana obrazını qavraya bilirik. Ümumiyyətlə bu kitabda görünən kadrların əsas obrazları kimi gözümüzün önündən keçənləri asanlıqla unuda bilmirik. Çünki müəllif özü də onların həsrət dağlarını birər-birər gəzə bilir. Onların ağrı-acılarını öz varlığına yığır. Müsahibələr o qədər canlı, o qədər təsiredicidir ki, biz istəsək də, istəməsək də yaddaşımızda özünə yer eləyir.

Əsərin ikinci bölümü Xocalı mənzərəsini əhatə edir. Xocalının həmin günlərini görmək üçün Nəzirməmmədin qələmi kifayət qədər təsvir imkanlarına malikdir. Və bunu oxumaq bəs edir. Xocalıda genosidi törədənlərin qeyri-insani əməlləri Xocalı uğrunda vuruşanların, dövrün şahidlərinin dili ilə ifşa olunur.

Xocalı dəhlizi, faciənin qanlı günləri. Füzulinin sınmayan iradəsi, düşmən önündəki mətinliyi...azərbaycanlı xarakterinin ən qabarıq cizgiləri kimi yazıya gətirilir.

Müəllif yeri gəldikcə nəslin tarixinə ekskurs edir. Füzulinin babası Kərim kişinin obrazı xatırlanır. Onun təpərli bir insan olmağı, bir kəlmə sözü ilə qan bağlamaq gücü təsadüfi xatırlanmır. Bununla müəllif Füzulinin təbiətindəki qəhrəmanlığın genetik yaddaşına işıq salır.

Müəllif Xocalı ilə Füzuli obrazını əsər boyu birgə aparır. Hadisələrin qana-qırğına doğru yolunu Xocalının qara günləri ilə müşayiət edir.

Füzuli evin tək oğlu idi. Müdafiəni təşkil edənlər, Xocalı iradəsini qorumağa çalışanlar əvvəllər Füzuliyə qıymırmışlar, ancaq Füzuli döyüş yolunu özünün mənəvi, daxili tələbatı kimi seçmişdi. Müəllif bu seçimi sərrast, aydın epizodlarla əlaqələndirə bilir.

Əsərin qan donduran, ürək dağlayan səhnələri az deyil, müəllif bu səhnələrdən birini elə belə bir başlıqla təqdim edir: “Qar-sazağın içində kəsilən sonuncu ümid...” Nəyisə açmağa, hadisənin məkanını təfərrüatı ilə verməyə lüzum qalmır. Çünki başlığın özündə məkan da var, zaman da var, ən başlıcası faciənin real səhnəsi var. Müəllif canlı romanın oxucu ilə ünsiyyətini səriştəli müsahibələri ilə təmin edir. Müsahibələr o qədər həyati və təəssüratlıdır ki, biz özümüzü də həmin məqamların iştirakçısı kimi görürük.

“İgid ömrü” əsərinin çox maraqlı bir vəziyyəti də var. Bu təzadların kəskinliyi ilə sözə gətirilməsidir; Füzulinin etibarından, onun sözübütövlüyündən söz açılır və birdən-birə düşmənin əclaflıq, şərəfsizlik səhnəsi göstərilir.

Ermənilərin Azərbaycanlılara qarşı barışmaz düşmən münasibəti son əsrin fonunda faktlarla yada salınır. Bəli, ermənilərin belə bir əməli olub. Müəllif faktı sərlövhəyə gətirir: “Həmin Kətikdə 70 il öncə də qadınları süngüyə keçirib Qarqar çayına tökmüşdülər”. Bu faktı yada salandan sonra müəllif məramına uyğun sanki öz filminin titrinə - ekranına başqa bir tarixi serialdan istinad gətirir - “Diriliş Ərtoğrul” serialından: “Torpaq suyla qarışanda palçıq, qanla qarışanda Vətən olur!”.

Ümumiyyətlə, bu tarixi aforizmin mahiyyətinə varmaqla müəllif əsərdə Vətən anlamının müqəddəslik fenomenini yaradır. Əlbəttə, faciəni qaçılmaz edən başqa səbəbləri də yaddan çıxarmır. Məsələn, 52 zabiti erməni olan 366-cı alayı. İndiyə qədər cəzasız qalan dəhşətli müharibə cinayəti törətmiş bu alayın əməlləri bütün çılpaqlığı ilə çözülür. Müəllif artıq qeyd etdiyimiz kimi əsərini təzadlar üzərində qurur. Xocalının dinc sakinləri Qurban bayramına hazırlaşır. Ancaq onlar bilmirlər ki tale bu dinc insanlar üçün necə bir qurbanlıq meydanı hazırlayıb...

Füzuli belə bir mühitin oğlu idi. Və bu yolu özünün təbii təbiəti ilə seçmişdi. Müəllif o qədər həssas yanaşma ilə qəhrəmanının hisslərini, həyəcanlarını yazıya gətirir ki, nəticədə biz onun hökmü ilə tam razılaşırıq: “Füzuli qürur idi, vicdan idi, namus idi...” göründüyü kimi müəllif qürurlu idi, vicdanlı idi, namuslu idi demir. Bu əxlaqi kateqoriyaları birbaşa obraza çevirir. Və bu fonda gələcək nəsillər üçün örnək olacaq qəhrəmanını aydınlığı ilə göstərə bilir. Naxçıvanik, Qara qaya adlı yerlərdə baş verənlər min il keçsə də gərək bizim yaddaşımızdan silinməsin. “İgid ömrü” əsəri məhz bunu deyir. Körpələrin ağzına ağac yarpaqları salınmaqla qapadılması, yaralıların dişlərini bir-birinə sıxıb ağrını öz içlərində boğmaları... bütün bunları necə unutmaq olar. Ona görə Füzuliyə Milli Qəhrəman adı halaldır ki, o, son ana qədər döyüş əzmini qorumuşdu. Çünki faciənin baş qəhrəmanı idi. Bəli, bu müəllif qənaətində belədir. Əlbəttə, tarixdən, tarixi hadisədən gələn qənaətində... Çünki Füzuli Rüstəmov Vətəninin taleyini öz taleyi kimi yaşayırdı. Qarabağın, Xocalının ağrısını öz canında hiss edirdi. Əsərdəki obrazlardan biri – Adilənin dediyi kimi elə bil onun yuxusu yox idi. Daha bu qədər ağrını canında daşıyan insanın yuxusu haradan olsun?! Bu yerdə müəllif müasirimiz olan tanınmış şairə Nəzakət Məmmədovanın “Şəhid zirvəsi” şeirindən bir bənd epiqraf gətirir:

Vətən çırpınırdı ağrı içində,
Qıvrıla-qıvrıla qalmışdı yollar.
Qeyrət qılıncını çəkib gedirdi
Vətəni anatək sevən oğullar!

Və bu da təsadüfi deyil. Müəllif əsərini pandemiya qadağaları ilə müşayiət olunan ərəfədə yazıb. Sanki Vətəni sevən oğulların inamına güvənclə öz iradəsini səfərbər edib. Canlı müsahibələr, xatirələr, müəllif düşüncələri bir-birini əvəz edir. Və biz bütün əsər boyu (əvvəldə dediyimiz kimi sanki sənədli filmin görüntüləri ilə) Füzulinin əzəmətli obrazını görməkdəyik. Bir də belə bir müşahidəni də qeyd etməmək olmaz. Müəllifin təqdimatında Füzuli o qədər möhtəşəm, basılmaz görünür ki, ermənilər onu özlərinin şəxsi düşməni kimi dərk edirlər. Çünki “Füzuli əsl oğuluydu, oğul!”. Əsərdə Axısxa türklərinin acı taleyi son dərəcə sərrast mənzərələrlə təsvir olunur. Əsər boyu çoxlu adlar diqqətimizdən keçir. Nazim, Sərvər, Eldar, Cabbar, İman, Kərim, Şahmar, Şahin, Cəmşid, Zamin, Fərhad, Xaqani, Balaca Aygün, Tofiq Aslanov, Cavid Əliyev, Qatır Məmməd – Yaqub Rzayev, Famil Hüseynov, Arzu Usubova, döyüşçü Aqil Quliyev, Kərəm Quliyev, Zeynal, Həsən, Zahir, Xocalılı Əli, Süsən Cəfərova... eləcə də, mənfur düşmən obrazları Robet Köçəryan, Zori Balayan... onların hər biri öz təbiəti ilə görünür. Bir tərəfi humanizmi, vətəninə sevgisi, digər tərəf qəddarlığı, qəsbkarlığı, işğalçılığı ilə yadda qalır.

“Qarabağın döyünən ürəyi - Xocalı”... belə bir başlıq diqqətimizi çəkir. Burada o vaxt Xocalının prokuroru olmuş Atakişi Atakişiyevin Füzuli Rüstəmov haqqında təəssüratlarını da oxuyuruq. O da Füzulini yaxşı tanıyırdı. Əsərin dəyərini, tarixi əhəmiyyətini göstərən faktlardan biri də Atakişi Atakişiyevin vurduğu teleqramların diqqətə çəkilməsidir. Atakişi müəllimin yanğı ilə danışdıqları - Füzuli Rüstəmovun obrazını gözlərimiz önündə canlandıran xatirələri bizi birəl-birəl Xocalılı günlərə qaytarır.

Müəllif Xocalını təkcə Qarabağ ərazisi kimi yox, strateji məntəqə kimi yox, həm də tarixi abidələr kimi diqqətə çəkir. Xocalı qəhrəmanlarının mübarizəsində əsas məqsəd, məram kimi bu amili vacib hesab edir. Füzulinin və digər Xocalı qəhrəmanlarının bitkinliyi, bütövlüyü onların geri dönməzliyi ilə təsdiqlənir. Sanki onların həyatı kamikadze həyatıdır. 25-lərin taleyi xatırlanır. Müdafiəçilər əslində adları ilə yox, elə bu rəqəmdə ifadə olunmuş mahiyyətlə idarə olunurlar. Sanki onların hər biri Xocalının özüdür, Füzuli Rüstəmovun özüdür. Müəllif yeri gəldikcə poetik örnəklərdən də bəhrələnir. Musa Yaqubun bir şeirini oxucu ovqatına uyğun təqdim edir:

Nə biləndər, nə halıyam,
Olum, ölüm sualıyam.
Açılmış ulduz falıyam
Yozanı varsa, mən kiməm?

Nəzirməmməd Qarabağ mövzusunda yazan müəlliflərin ən xoşbəxtlərindən biridir. Çünki əsərinin sonuna doğru yazılarında artıq İkinci Qarabağ müharibəsində qələbəni, Şuşa zəfərini tərənnüm edir. Hətta qəhrəmanı Füzulini - Zamini topçu Vüsalla müqayisə edir. Bunu da adi, sıradan bir fakt kimi yox, iki müharibənin varislik əlaqəsi kimi qavrayırıq. Bu günün qəhrəmanları dünənki qəhrəmanların davamıdır, onların övladlarıdır, onların ruh daşıyıcılarıdır.

Kitabın 3-cü bölümü “Füzuli doğmaların xatirələrində” adlanır. Əvəzin, Tofiqənin... digərlərinin təəssüratları ilə hadisələrin bağlılığı qorunur. Sanki zamanı qaytarıb dövrümüzə gətirir, tarixi təzədən canlandırır. Bir sözlə, düşüncələrində zaman maşınını idarə edir. Bu fonda onun belə bir ifadəsini gərək qeyd edək: “Qızıl kitaba yazdın adını, Füzuli!..” əgər Rəfik Özdək sayağı desək, bu türkün qızıl kitabıdır. Füzulinin adını yaşadacaq kitabı. Əsərin obrazlarından biri Rəşad Baxşəliyevin dediyi kimi bizim qəhrəmanlarımızda “güc və qorxmazlıq vəhdətdəydi”.

Müəllif qənaətini əslində əsər boyu davam etdirib. O Füzulinin qəhrəmanlığını xilaskarlıq missiyası kimi görür və belə də təqdim edir.

Əgər belə demək mümkünsə, müəllif sonsuz iztirablar, böyük faciəni yaşamış insanlarla görüşlərinin həyəcanları altında yazdığı əsərini “qəhrəman Füzuliyə son sözüm” düşüncələri ilə bitirir: “Hamımız ayrı-ayrı qəhrəmanlarımız haqqında müəyyən təbəddülatlardan xəbərdarıq. Ancaq onların igidlikləri də daxil həyat fəlsəfəsini bu qədər dərindən izləmək, başa düşmək imkanına malik deyilik. Çünki bu detalların hər birinin Füzulinin həyatını çözdüyümüz qədər araşdırmaya ehtiyac var. Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmov haqqında bu araşdırma-kitabı Böyük Yaradanın izni ilə ərsəyə gətirməyimdən çox məmnunam. Bu nəcib əməlli işə - “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından növbəti, sənədli povestin yazılmasına dəvət olunduğum üçün layihənin rəhbəri, Xatirə kitabı redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət xanım Məmmədovaya təşəkkür edirəm”. Bu adi etiraf deyil, yazıçı iztirablarının sözə gələn səsidir...

...Və müəllif igidliklə şəhidliyin vəhdətində dayanır. Bu artıq zirvədir. Zaman-zaman hər kəsi çağıran zirvə. Bu zirvəni Vətənin özü, səsi də Vətənin səsi kimi anlamaq daha düzgün olardı.

...Və son titrlər oxunur... İşıq yanır. Bu işıq ruhumuzdan bütün qaranlıqları qovur. Biz bu işıqda Qarabağı bütün aydınlığı ilə görürük.

...Nəzirməmməd Zöhrablı və onun “İgid ömrü” kitabı...

Bağrına qaramıx tikanı sancılmış bülbülü necə unutmaq olar.

Bu bir yaddaş kitabıdır.

Yaddaş həyatımızın dəyəridir. Yaddaşın yoxdursa, özün də yoxsan...

Əli Rza Xələfli
Şair-publisist

# 1178 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #