Yaralı zabitimiz aylarla axtardığı romandan yazdı – Məktub

Yaralı zabitimiz aylarla axtardığı romandan yazdı – Məktub
28 iyun 2021
# 11:30

Kulis.az Azərbaycan ordusunun zabitinin Meyxoş Abdullanın “Əsir qadın” romanı ilə bağlı yazdığı məktubu təqdim edir.

Döyüşlər zamanı yaralanmışdım, hər iki qolum sındığı üçün çox hərəkət edə bilmirdim. Əməliyyatdan sonra mənə baxan tibb bacısının nəyə ehtiyacımın olub-olmadığını soruşdu.

Mən də imkan daxilində ona: - Mənə kitab tapa bilsəniz çox sevinərəm! - dedim.

Tibb bacısı kitabları sevdiyimi eşidəndə, mənə internet vasitəsilə oxuduğu çox gözəl bir kitabın adını çəkdi, amma o kitabın ("Əsir qadın" romanı – red.) orijinal variantını tapa bilmədiyini təəssüflə qeyd etdi.

Kitab haqqında o qədər gözəl danışdı ki, mən bu kitabı nə olur-olsun oxumalıyam, dedim.

Xalam oğluna mənə kitab gətirməyi, amma tapa bilsə yazıçı Meyxoş Abdullanın "Əsir qadın" kitabını xüsusi olaraq axtarmağı xahiş etdim.

O, mənə iki-üç kitab gətirdi, amma istədiyim kitab, heyf ki, o kitabların arasında yox idi.

Sonra hospitaldan evə buraxıldım, daha doğrusu, özüm döyüşmək üçün hospitaldan tez çıxmaq istədim. Amma sağlamlığım imkan vermədiyi üçün ev müalicəsinə göndərildim.

Rayonda iki bibim və əmim yoldaşı kitabxanaçı olduğu üçün rayon kitabxanalarında “Əsir qadın” kitabını axtarış etdirdim, kitab yenə tapılmadı.

İnternetdə satılar deyə, bir neçə elektron kitabxananı araşdırdım, ikinci əl satış saytlarına baxdım. Bakıya gedib kitab evlərindən soruşdum. Koronovirus səbəbindən kitabı satan heç bir yer tapa bilmirdim.

Son çarə olaraq yazarın özündə olar, istəsəm, verər yəqin ki, deyə, müəlliflə əlaqə saxlamağa çalışdım. İnternetdən Facebook profilini tapıb orda yazdım. Yen də heç bir uğur əldə edə bilmədim.

Təxminən 6-7 ay kitabla bağlı bütün cəhdlərim alınmırdı.

Təsadüfən Laçında olarkən iki ziyalı ilə qarşılaşdım - Şərif Ağayar və Arif Gürşadoğlu ilə. Bir az söhbətdən sonra, Şərif Ağayarın yazıçı olduğunu öyrəndim. O zaman anladım ki, şans özü ayağıma gəlmişdi və əziyyətimin sonunda bəhrəsini görəcəkdim. Şərif müəllimə, aylardır belə bir kitab axtardığımı, amma tapa bilmədiyimi danışdım və ondan xahiş etdim ki, bu barədə mənə bir köməklik etsin.

Sağ olsun, elə o dəqiqə "Mən taparam, komandir. Meyxoş müəllimlə çoxdan tanışıq, işə qayıdan kimi zəng vuraram birini sizin üçün alaram" – dedi.

Həqiqətən, çox sevindim, ən azından bir işıq yolu var idi. Axır ki, yazarla əlaqəsi olan bir adam tapılmışdı.

Laçından qayıdandan sonra Şərif müəllim, müəlliflə əlaqə saxladığını dedi. Hətta, onu da bildirdi ki, Meyxoş müəllim tez bir zamanda poçtla ona kitab yollayacağını və o da həmin kitabdan bir nüsxə mənə çatdıracaq. Rahat nəfəs aldım. Gec, ya da tez, kitab məndə olacaqdı.

Düzdür, kitabı axtararkən çoxundan eşitmişdim ki, təsirli bir əsərdir. Amma heç biri orijinal kitabdan oxumamışdı, ya yutubda dinləmiş, ya da internetdən pdf variantda oxumuşdular.

Bir gün Şərif müəllim zəng edib kitabı mənə taksi ilə yollayacağını deyəndə çox sevindim. Günortaya qədər birtəhər dözdüm.

Günortadan keçmiş taksi şoferi mənə zəng edib, Tərtərdə olduğunu, amma tələsik Ağdama gedəcəyi üçün kitabı tanış mağazaya qoyduğunu söylədi.

Düzü, bir az qorxdum ki, aylarla axtardığım kitab birdən itib eləyər. Bu zamana kimi tək bir nüsxə tapılıb o da itsə, onda vay halımıza.

Kitabı gedib götürdüm.

Şükür ki, itməmişdi.

Evə qədər ön sözünü oxudum.

Evdə əsəri oxumağa başladım. O qədər təsirli idi ki, düzü, 10-15 səhifədən bir dayanmalı olurdum. Amma həmin günü kitabı oxuyub bitirdim. Hadisələr o qədər ağır idi, adama imkan vermirdi ki, kitabı əlindən yerə qoyasan.

Kitab bitdi, amma təsiri bu gün belə keçməyib...

Bax, belə...

Meyxoş müəllimin “Əsir qadın” kitabını bu formada ələ keçirtdim.

Belə bir əsər üçün sizə təşəkkür edirəm, əziz Meyxoş müəllim!

Nicat
Milli Ordumuzun zabiti

# 2227 dəfə oxunub

Müəllifin son yazıları

# # #