Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi

Xocalı soyqırımına həsr olunmuş sərgi keçirildi
26 fevral 2021
# 17:46

Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş “Unudulmaz faciə” adlı sərgi keçirilib.

Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev tədbiri giriş sözü ilə açaraq erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi olan Xocalı qətliamından danışıb.

Mədəniyyət naziri Anar Kərimov 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalıya ağır hərbi texnika yeritdiyini, şəhərin əhalisinə qarşı misli görünməmiş qəddarlıqla divan tutduğunu diqqətə çatdırıb.

Bildirib ki, həmin gecə qadın və uşaqlar da daxil olmaqla ümumilikdə 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, şəhər yerlə-yeksan edilib: “Bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli soyqırımıdır. Xocalı soyqırımı bir daha göstərdi ki, ermənilərin düşüncəsi faşist ideologiyası üzərində qurulub. Onların bizə qarşı etnik nifrətləri var və bunu heç zaman gizlətmirlər. Hətta onların prezidentləri belə bu nifrəti gizlətməyib, fəxrlə elan edib”.

Qeyd olunub ki, Vətən müharibəsində də cinayətkar Ermənistan hakimiyyəti öz məkrli siyasətini davam etdirib. Beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə edərək Gəncə, Bərdə və digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı müharibə cinayətləri törədib. Nəticədə yüzə yaxın dinc sakin həlak olub, yüzlərlə insan yaralanıb.

Nazir qeyd edib ki, bu gün Xocalı qurbanlarının ruhları şaddır. Çünki Vətən müharibəsində Ali Baş Komandanımızın siyasi iradəsi və qətiyyəti nəticəsində şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib, mənfur düşmən üzərində şanlı Qələbə qazanıb: “Xalqımız bu günədək Xocalı faciəsini məyusluqla yad edirdi. Lakin qəhrəman ordumuz torpaqlarımızı geri aldı və bununla soyqırımı qurbanlarının da qisası alınmış oldu”.

Son illərdə dünyanın bir neçə ölkəsinin Xocalı soyqırımını rəsmən tanıdığını deyən Anar Kərimov bildirib ki, bu soyqırımı aktının beynəlxalq aləmdə tanıdılması, obyektiv qiymət verilməsi istiqamətində işlər davam etdirilməlidir.

Nazir çıxışının sonunda Vətən müharibəsi şəhidlərinə və Xocalı faciəsi qurbanlarına Allahdan rəhmət diləyib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xocalı soyqırımını sənətin dili ilə də dünyaya çatdırmağa böyük ehtiyac olduğunu vurğulayıb: “Bu istiqamətdə bizim də üzərimizə böyük iş düşür. Belə sərgiləri xaricdə də təşkil etməli və Xocalı faciəsinin rəssamlarımızın yaradıcılığına təsirini nümayiş etdirməliyik. Bundan başqa, bu faciəni dünyaya tanıtmaq üçün təsiredici kino nümunələri mütləq ərsəyə gətirməliyik”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Xocalı soyqırımının qisasını düşməndən döyüş meydanında aldığını söyləyiblər.

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının magistri, Prezident təqaüdçüsü Orxan Hüseynovun (violonçel) ifasında Fikrət Əmirovun “Poema-monoloq”undan fraqment səsləndirilib.

Sonda Xocalı soyqırımına həsr olunan rəsm və heykəltəraşlıq nümunələrindən ibarət sərgiyə baxış keçirilib.

# 1155 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #