Vyanada rəssamımızın sərgisi açılıb

Vyanada rəssamımızın sərgisi açılıb
16 yanvar 2020
# 12:57

Yanvarın 15-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış rəssam, heykəltəraş Çingiz Babayevin xalçaçılıq əsərlərindən ibarət sərgisi açılıb.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova qonaqlara Çingiz Babayevin yaradıcılığı haqqında məlumat verib. Qeyd edilib ki, istedadını bir sıra incəsənət istiqamətləri üzrə isbata yetirən Çingiz Babayev rəssam və heykəltəraş olmaqla yanaşı, xalça dizayneri, zərgər, mum fiqurları ustası kimi uğurlu əsərlərin müəllifidir. Müxtəlif materiallarla işləməyi sevən incəsənət xadiminin xalçalar üçün naxış və eskizləri diqqəti cəlb etdiyinə görə, onun Vyanada ilk xalça sərgisini təşkil etmək ideyası meydana gəlib.

L.Qasımova, həmçinin bildirib ki, qədim Azərbaycan xalçaçılıq sənətinə müasir yanaşma üslubu maraqla qarşılanır və müəllifin xalçaları eyni zamanda Azərbaycan Milli Xalça Muzeyinin eksponatları sırasına daxil edilib. Vyanada təşkil edilən hazırkı sərgidə müəllifin dizayn verdiyi xalçalarla yanaşı eskizlər, eləcə də gümüş məmulatlar nümayiş olunur.

Çingiz Babayev bu sərginin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür edib. O, sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərkən bildirib ki, onun müəllifi olduğu xalçalar ilk baxışda izləyicidə qədim xalçalarla oxşarlıq təsəvvürü yaradır. Lakin onun xalçaları orta əsr xalçaları ilə məzmun və ideyaca fərqlənir, müasir dünyamızın aktual mövzuları, gündəlik həyatın problemlərinə müəllif baxışı bu xalçalarda öz əksini tapır.

Sərgidə Çingiz Babayevin yaradıcılığına həsr olunmuş film nümayiş olunub. Filmdə müəllifin yaradıcılıq emalatxanasında xalça eskizlərinin yaranması və peşəkarlar tərəfindən toxunması barədə görüntülər təqdim olunub.

Sərgi fevral ayının ortalarına kimi davam edəcək.

# 2391 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #