Ukrayna və Azərbaycan ulduzları eyni səhnədə

Ukrayna və Azərbaycan ulduzları eyni səhnədə
22 fevral 2020
# 11:04

Martın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Ukrayna və Azərbaycanın opera ustalarının birgə iştirakı ilə Coakkino Rossininin “Sevilya bərbəri” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi səhnə əsərində iştirak etmək üçün Lvov Milli Operasının aparıcı solisti, Ukraynanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı (Almaviva rolunu ifa edəcək) və Odessa Milli Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Boqdan Pançenkonu (Fiqaro partiyasını ifa edəcək) dəvət edib.

Ukraynalı sənətkarlarla yanaşı, operada Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri - respublikanın Əməkdar artistləri İnarə Babayeva (Rozina), Tural Ağasıyev (Fiorello), Xalq artistləri Əli Əsgərov (Don Bazilio), Əkrəm Poladov (doktor Bartolo), gənc solistlər Nina Makarova (Berta) və Mahir Tağızadə (Zabit) çıxış edəcəklər.

Səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək./azertag.az/

# 1863 dəfə oxunub

Müəllifin son yazıları

# # #