Siçovullarla döyüşən kitabxana

Siçovullarla döyüşən kitabxana
2 sentyabr 2021
# 16:09

Kulis.az Məhsəti Musanın Ağcabədi rayon mərkəzi kitabxanasından bəhs edən “11 ildir ümidin ətəyindən tutub yaşayan kitabxana” yazısını təqdim edir.

“Aran” qəzetində mütəmadi olaraq rayon mərkəzi kitabxanasının tədbirləri yer alır. Bəzən o qədər tədbir məlumatı, press-relizlər göndərirlər ki, hamısına yer verə bilmədiyimiz üçün seçib ən vacibini və ya ən sonuncu keçiriləni qəzetdə işıqlandırırıq. Bir sözlə, fəal, işgüzar kollektivi var buranın. Sosial şəbəkədə də izləyirəm. Pandemiya üzündən ölkədə qapanma olan dövrdə belə, bu kollektiv dinc dayanmayıb. Onlayn tədbirlər, balacalar üçün nağıl saatları, müxtəlif mövzularda maarifləndirici videoçarxlar, imkansız ailələrə yardımlar…

Yəni nə zaman onların səhifəsinə baxsaq, yeni bir işlərinə şahidlik edirdik.

Nəhayət “Evdə qal” çağırışları bitdi, bəzi məhdudiyyətlər aradan qaldırıldı, hamı işinə döndü. Kitabxana da öz fəaliyyətinə davam edir. Amma necə? Kərpicdən tikilən köhnə, uyğunlaşdırılmış bir məktəb binasında. İşdən imkan tapıb ora gedəndə bu qədər işi belə darısqal, şəraitsiz yerdə necə görüb çatdırdıqlarına təəccüb edirəm (Dəhlizdə isə vəziyyət normaldır, işıqlıdır və hazırda bir çox mövzularda sərgilər təşkil edildiyi üçün bir az da yaxşı görünür).

2010-cu ilin may ayında kitabxana qəzalı vəziyyətdə olduğu hesab edilən keçmiş binasından müvəqqəti olaraq bu binaya köçürüldü. Dedilər, tezliklə başqa yerdə yeni, müasir bina tikiləcək. Lakin o müvəqqəti, bu müvəqqəti, 11 ildir əməkdaşlar ilə yanaşı oxucular da intizarla həmin kitabxana binasının tikilməsini gözləyir. Onsuz da insanların kitabdan uzaq düşdüyü, övladlarımızın internetdən daha çox istifadə etdiyi vaxtda onları mütaliəyə yönləndirmək çətindir. Bu çətin işdə sözügedən kitabxananın əməkdaşları bütün mümkün vasitələrdən istifadə edir, kitaba maraq yaratmağa çalışır.

Lakin…

Yadımdadır, kitabxana hazırkı binaya köçəndən bir müddət sonra ilk dəfə oraya gedəndə ağlamışdım. Yox, dəsmal çəkib “Ay, kitabxana” deyərək hönkürməmişdim. Sadəcə kitabxana işçiləri ilə söhbət edərkən yaş özü süzülmüşdü gözümdən. Üst-üstə qalaqlanmış, çoxu darısqallıq ucbatından yerə, pilləkənə, hara gəldi yığılmış tozlu kitablar dil açıb insandan imdad diləyirdi.

Kitabxananın əməkdaşları çaş-baş idilər. Uyğunlaşa bilmirdilər siçovulların meydan suladığı köhnə, iyli-qoxulu binaya. Kitab çox, yer az. Rəflərdə basabasla yığılmış kitabın birini götürmək üçün çəkəndə ardınca “qohum-əqrabası” tökülüb gəlirdi…

Zaman hər şeyə çarədir deyiblər. Əməkdaşlar da zamanla yeni binadan əsər-əlamət olmadığını görüncə bura uyğunlaşmağa, kitabları bir az daha münasib şəkildə yığmağa, təmizlik yaratmağa başladılar. Amma köhnə binanı ha təmizlə, ha yırtıq-deşiyini tut, xeyri yoxdur.

Bina Mədəniyyət Nazirliyinin balansında olmadığı üçün burada əsaslı təmir aparmaq da mümkün deyil. Siçovulların hücümunu dəf etmək üçün döşəmədə müxtəlif ölçülü, müxtəlif rəngli taxta, dikt parçaları döşənib və əməkdaşların dediyinə görə bu, müəyyən qədər işə yarayır.

Bu illər ərzində yeni binanın inşa edilməsi ilə bağlı aidiyyatı üzrə müraciətlər olunub. Fikirlər səslənib. Dinləyiblər, müraciətə baxıblar, söz veriblər, hətta bunun üçün yer də müəyyən ediblər. Lakin hələ ki nəticə yoxdur.

Yeri gəlmişkən, kitabxanalarla bağlı daha bir ağrılı məqama toxunmaq istərdim. Bir neçə il əvvəl (hazırda necədir, bilmirəm) kəndlərdə binası yararsız olan kitabxanalar bağlanmağa başladı. Yəni göstəriş belə idi. Hansı kitabxananın öz binası yox idi, yaxud yararsız idisə, biryolluq fəaliyyəti dayandırılırdı. Bu, bilirsiniz nəyə bənzəyir? Folklor nümunələrimizdə müxtəlif variantlarda rastlaşdığımız həmin o məqam ki var, qədimdə valideynlər qocalanda övladları onları səbətə qoyub qayaya, yaxud meşəyə apararmış. Oralarda qurda-quşa yem olsun deyə tərk edib gedərmiş… Bax ona… Başqa rayonlarda davam edir, ya etmir, yalan demiş olaram, bizim rayonun kəndlərindəki bəzi kitabxanalar da o vaxt həmin taleyi yaşadı. Kitabxanaları “müalicə” etmək, yer düzəltmək vəsait tələb etdiyi üçün onları “səbətə qoyub qayalara aparmaq” daha sərfəli idi.

“Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir” deyiblər. Kitabların qorunub saxlandığı yer də bizim üçün əziz yer olmalıdır. Qoy oxucusu az olsun. Qoy ayda-ildə bir nəfər müraciət etsin. Amma onları məhv etməyə, yoxa çıxartmağa haqqımız yoxdur. Binası yararsızdır? Yeni bina tikilsin. Əlbəttə, şəraitsizlik ucbatından kitabları aparıb evinə yığan, orada qorumağa çalışan kitabxana direktorundan geniş fəaliyyət tələb etmək olmaz. Bunun üçün öncə şəraiti yaratmaq lazımdır ki, bizdə də bunu yox, asan yolu – fəaliyyətini dayandırmağı seçdilər.

Hə, qayıdaq əsas mövzuya. Yuxarıda yeni binanın tikilməsi ilə bağlı müraciətlərdən yazırdım axı. Deməli, bir müraciətə cavab olaraq 2019-2022-ci illər ərzində sözügedən kitabxana üçün yeni binanın tikintisinin nəzərdə tutulduğu bildirilib. Necə deyərlər, ümid sonda ölür. Biz də Ağcabədinin mərkəzində geniş, işıqlı, təmiz, müasir bir kitabxananın tikiləcəyi o vaxta qədər gedək “ümidimizin ətəyindən tutub fırlanaq”.

Məhsəti Musa
“525-ci qəzet”

# 1831 dəfə oxunub

Müəllifin son yazıları

# # #