Hər şey var, heç nə yoxdu...

Hər şey var, heç nə yoxdu...
17 may 2017
# 10:20

Nigar Arif

"Nənənin, babanın balası. Bubbulubu" oxuya-oxuya onların qucağına atıldığım o gündən bəri “Nə var, nə yox?” sualına "Hər şey var, heç nə yoxdu" deyə cavab vermişəm...

Bir dəfə dünyanın o ən yaxşı babası bərk xəstələnmişdi, qoca dünyasının ən yaxşı nəvəsi də yatağının baş ucunda oturub məyus-məyus babasına baxırdı... Gözünü açanda yanında balaca nəvəsini - məni görüb gülümsündü:

- Nə var, nə yox, balaca? - pıçıltı ilə əlini yanağıma uzadıb oxşamaq istədi, lakin öskürdüyü üçün tez də geri çəkdi.

Həmişəki kimi qaşlarımı qaldırıb xüsusi əda ilə:

- Hər şey var, heç nə yoxdu. - deyə cavab verdim...

Əvvəl gülüb sonra yenə mənə tərəf döndü:

- Bəs de görüm, o hər şey hardadır, balaca?

O an gözlərim doldu:

- "Hər şey" mənim gözlərimdədi, bax.

Baba:

- Müəllim, orda nə görürsən? (müəllim olduğu üçün babama həmişə bir az belə zarafatyana müraciət edərdim) deyib boynunu qucaqladım...

Həmən vaxtdan nə az, nə çox, mənim uşaq nəzərimlə bir ovucluq zaman ötdü. Günlər babamı yenidən mənə bağışladı, tezliklə o sağaldı. Bir dəfə elə nağıl kimi axşamların birindəcə bütün nəvələr

onun başına yığılmışdıq. Sol tərəfində bir qayda olaraq mən oturmuşdum və babamdan əvvəllər oldugu kimi bizə nağıl danışmasını istədik. Bir az fikrə getdi, sonra o nəzərlər uzaqlardan qayıdıb işarə barmağı ilə məni göstərdi:

- Dünyanın ən maraqlı nağılı, bax budur, yanınızda oturub. Əslində məni dərmanlar yox, onun özü xilas etdi. Bu balaca qız düz deyirdi... "Hər şey" onun gözlərindədir, mən bu sevgi dolu gözləri tərk edə bilməzdim...

Beləcə babamın nağılı bitdi. Göydən yerə üç alma yox, sevgi dolu ab-hava çökdü. Və qırmızı rəng alaraq bu xoş sözlər də utancaq təbəssüm kimi ürəkdən uçub-uçub yanağıma qondu...

# 1445 dəfə oxunub

Müəllifin son yazıları

# # #