Bu misraları ötən il – 2019-cu il noyabrın 15-də Şamxal Rüstəmin ölüm xəbərini eşidəndə yazmışam.
Qorxmaz Şıxalıoğlu
A dostlar, eşidin, bilin:
Şamxal Rüstəm yoxdur daha.
Susdu şeir deyən dili,
Şamxal Rüstəm yoxdur daha.
- Sokrat, Xalq və üçüncü - İbrahim Aziz yazır...
- “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu
- 70 yaşlı bəstəkar cinsi təcavüzdə ittiham olunur
Qar kimi əriyib getdi,
Ürəyi çürüyüb getdi,
Əbədi kiriyib getdi,
Şamxal Rüstəm yoxdur daha.
Bir ürək, könül qırmayan,
Dostu, tanışı yormayan,
Yaşamağı bacarmayan,
Şamxal Rüstəm yoxdur daha.
Döndü tale, çevrildi taxt,
Gün görmədi bu qarabaxt.
Getdi, gəlməyəcək heç vaxt,
Şamxal Rüstəm yoxdur daha.
Siz ey ütülü dinənlər,
Min bir yerə dürtülənlər,
Diriykən şeiri ölənlər,
Şamxal Rüstəm yoxdur daha.
Girib şeirinin böyrünə,
Oğurlayın ondan yenə.
İnanmayın geri dönə,
Şamxal Rüstəm yoxdur daha.
Dağ yerində, çay yerində,
Göydə Günəş, Ay yerində,
Qış yerində, yay yerində,
Şamxal Rüstəm yoxdur daha.
O bir gızıl söz külçəsi,
Heç vaxt gəlməyəcək səsi.
Ata-ananın bircəsi
Şamxal Rüstəm yoxdur daha.
Ayaq basmaz məclislərə,
Getməz daha xeyrə, şərə.
Axtarmayın əbəs yerə,
Şamxal Rüstəm yoxdur daha.
15.11.2019