Rus dili bölməsinə axışan şagirdlərimiz - Günün problemi

Rus dili bölməsinə axışan şagirdlərimiz - Günün problemi
1 avqust 2020
# 14:35

Kulis.az Nazlı Əmirovanın 1 avqust “Ana dili günü” ilə bağlı yazısını təqdim edir.

Dövlət televiziyasında işlədiyim vaxtlar idi. Ana televiziyamızın bu günə kimi saxlanan bir ənənəsi var, verilişlər efirə təhvil verilməzdən əvvəl komissiyaya göstərilir. O vaxt fransız ədiblərindən birinin adını düzgün tələffüz etmədiyimə görə komissiyada haqlı olaraq mənə irad bildirdilər. Baş redaktorum razılaşmayıb “Görəsən fransızlar Cəlil Məmmədquluzadə deyə bilirlərmi və buna görə kimsə onlara nöqsan tuturmu?” dedi.

O zaman bu söhbətə gülüb keçmişdik. İndi həmin günü xatırlayanda düşünürəm ki, əslində bu ironiya incə olduğu qədər mühüm məqama edilmiş bir eyhamı özündə gizlədirmiş. Görəsən biz fransızların, ya qeyri millətlərin dilinin təəssübünü çəkdiyimiz qədər öz ana dilimizin təəssübünü çəkə bilirikmi? Dilimizin saflığına xələl gəlməsin, dilimiz unudulmasın deyə nə tədbir görürük? Əcnəbi sözlərin tələffüzündə nöqsanımız həmişə olub, olacaq da, bu tam təbiidir, çünki biz bu dilin daşıyıcıları deyilik. Təəssüf doğuran odur ki, öz içimizdə dilimizi bilməyənlərə qarşı eyni münasibəti göstərmirik.

Azərbaycan öz dövlət müstəqqilliyini bərpa etdikdən sonra ana dilimizin ölkənin ictimai, siyasi, elmi və mədəni həyatındakı mövqeləri əhəmiyyətli dərəcədə gücləndi. Onun inkişafı üçün yeni üfüqlər, perspektivlər açılmış oldu. İnformasiya məkanında, sənədləşmədə, kargüzarlıq sahəsində ana dilimizin hakim mövqeyi birmənalı şəkildə təmin olundu. Kiril lifbasından latın əlifbasına keçid isə Azərbaycan dilinin inkişafında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu. Azərbaycan dilinin tərəqqisi istiqamətində indiyədək görülmüş bütün işlərə, həyata keçirilmiş bütün mütərəqqi təşəbbüslərə baxmayaraq bu sahədə vəziyyətin o qədər də ürəkaçan olmadığını etiraf etməliyik. Xüsusilə son bir neçə il ərzində azərbaycanlıların orta məktəblərin rus bölməsinə kütləvi axını Azərbaycan dilinin gələcək taleyi baxımından ciddi narahatlıqlar doğurur.

Uşaqlığı 90-cı illərə təsadüf edənlər yaxşı xatırlayar, o zaman rusca danışa bilməyənlərə xor baxardılar. Amma öz ana dilində düzəməlli cümlə qurmağı bacarmayan rusdillilərin bu qüsuruna hər kəs göz yumurdu, bəzən bunu tam təbii qarşılayır, həmin şəxslərin rusca təhsil aldıqları əsas gətirilirdi. Nədənsə cəmiyyətimizdə belə bir stereotip formalaşmışdı ki, rus dilində danışmaq intellektin, mədəniliyin və geniş dünyagörüşünün göstəricisidir. Halbuki, dilin sadəcə ifadə, ünsiyyət vasitəsi olduğu hər kəsə yaxşı məlumdur. Həqiqi intellektin, dünyagörüşünün, mədəniyyət səviyyəsinin göstəriciləri isə tamam başqa amillərdir. Əfsus ki, bizim cəmiyyətin böyük bir hissəsi bu həqiqəti indiyədək sona qədər anlaya bilməyib. Bəlkə də elə bunun nəticəsidir ki, son vaxtlar rus dilini bilənlər də, bilməyənlər də uşaqlarının məhz rus dilində təhsil alması üçün dəridən qabıqdan çıxırlar. Uşaqların məktəblərin rus bölməsinə qəbulu böyük bir müşkülə çevrilib. 70 illik siyasi və mənəvi əsarətdən sonra çətinliklə öz dövlət müstəqilliyini bərpa etmiş, milli kimliyinin və tarixi şüurunun axtarışına çıxmış bir ölkədə bu cür mənzərənin meydana gəlməsi həqiqətən də ürək ağrıdır.

Lakin heç nəyə baxmayaraq emosiyalarımızı bir kənara qoyub, bu məyusedici vəziyyətin yaranma səbəblərini təhlil etməyə çalışaq. Şübhəsiz ki, bütün proseslərdə olduğu kimi burada da bir çox obyektiv və subyektiv səbəblər axtmaq lazımdır. Əvvəla ondan başlayaq ki, bizim milli mentalitetimizin “qonşudan geri qalma” prinsipinə əsaslanan və sürü psixologiyasına aid olan mənasız bir dəb mərəzi var. Hər bir azərbaycanlı ətrafına baxaraq qohum və qonşularının getdiyi yolu, etdiyi hərəkətləri onların fərqinə və mahiyyətinə varmadan kor-koranə təkrarlayır.

Əgər biz orta məktəblərin rus bölməsinə axın edən vətəndaşlarımızın nə üçün belə etdikləri ilə maraqlansaq, onların böyük əksəriyyəti öz seçimlərini yalnız bir arqumentlə əsaslandıra biləcəklər - rus dili elm və mədəniyyət dilidir. Bu müəyyən mənada doğrudur. Lakin gəlin özümüzü aldatmayaq, müasir dünyanın elm, texnologiya, təhsil və diplomatiya dili ingilis dilidir. İngilis dilini bilmədən dünyanın aparıcı universtitetlərində təhsil almaq, yüksək texnologiyalara çıxış əldə etmək, beynəlxalq müstəvidə özünü təsdiqləmək və tanıtmaq qeyri-mümkündür. O da danılmaz bir həqiqətdir ki, rus dilində nəşr edilən müasir elmi ədəbiyyatın da əhəmiyyətli hissəsini Qərb dillərindən, xüsusilə də ingilis dilindən tərcümə edilmiş mənbələr təşkil edir. Belə olan təqdirdə rus dili ən yaxşı halda postsovet məkanında ünsiyyət və təhsil vasitəsi kimi yararlı hesab oluna bilər. Son dövrlərdə Rusiyanın keçmiş postsovet məkanının bir sıra ölkələri ilə (məsələn Ukrayna və Gürcüstanla) münasibətlərinin korlanması gələcəkdə rus dilinin bu məkanda da öz keçərliliyini itirməsi ehtimalını gücləndirir. Orta Asiyaya gəlincə isə bu bölgədə son dövrlərdə Çinin artan iqtisadi və elmi-texniki təsiri, genişlənən investisiya imkanları rus dilinə olan ehtiyacı hissediləcək dərəcədə azaldır. Belə olan halda rus dili Orta Asiya ölkələrində ancaq Rusiyaya yollanan əmək miqrantları üçün əhəmiyyət kəsb edir. Əminəm ki, öz övladları üçün ən yaxşı gələcəyi arzulayan valideynlər belə perspektivi əsla nəzərdən keçirmirlər. Yaxşı olmazdımı ki, azərbaycanlılar öz ana dillərində təhsil ala-ala Qərb dillərinin öyrənilməsinə, tədrisinə böyük diqqət yetirsinlər, onları dərindən mənimsəməyə çalışsınlar.

Əgər biz Azərbaycan məktəblərində ingilis dilinin mükəmməl tədrisi metodikasını yarada bilsək, həm dünya elminə çıxışı təmin etmiş olarıq, həm də anadilli təhsili qoruyub saxlaya bilərik. Bəli, uşaqlarını rus bölməsinə göndərən valideynlər səbəb kimi bir məqamı da vurğulaya bilərlər ki, Azərbaycanda bir çox dövlət qurumlarına və özəl şirkətlərə işə düzələrkən rus dilində danışmaq və yazmaq bacarığı şərt kimi irəli sürülür. Bu həqiqətdir. Ancaq dövlət strukturları və cəmiyyətimiz sözügedən neqativ tendensiyanın aradan qaldırılması üçün öz gücünü səfərbər etməlidir. Çünki haqqında danışdığımız bu xoşagəlməz tendensiya rus dilinin gücündən yox, bizim etinasızlığımızdan qaynaqlanır. Doğrudur, xarici dillərin, o cümlədən rus dilinin tələb edildiyi fəaliyyət sahələri mövcuddur. Həmin sahələrə kadr seçimində dil amili vacibdir. Ancaq fəaliyyəti sırf Azərbaycan mühiti ilə məhdudlaşan qurum və şirkətlərin rusdilli və ingilisdilli əməkdaşlar tələb etməsi absurddur, hətta qanunvericiliyə ziddir. Azərbaycan vətəndaşının öz ölkəsində rus və ingilis dilini bilmədiyi üçün iş tapa bilməməsi cəmiyyətimizin faciəsidir. Biz hər zaman xaricdən misal çəkməyi çox sevirik. Bəs görəsən bu məsələdə hansı səbəbdən xaricdən nümunə gətirmirik? Görəsən, Avropada, Türkiyədə, Rusiyada belə bir hala rast gəlmək mümkündürmü? Həmin ölkələrin vətəndaşları heç bir xarici dil bilmədən çox rahatlıqla öz ölkələrində özlərinə iş tapa bilirlər. Bu qayda biz azərbaycanlılar üçün də keçərli olmalıdır.


Bütün bu deyilənlərlə yanaşı bir məqamı da etiraf etməliyik ki, Azərbaycan dilinə olan marağın gücləndirilməsi üçün bu dildə keyfiyyətli mətbuatın, ədəbiyyatın, teatrın və elmin olması da zərurətdir. Heç kəs üçün sirr deyil ki, vətəndaşlarımızın böyük əksəriyyəti Rusiya və Türkiyə telekanallarını seyr edir. Cəmiyyətimizin intellektual qismi xarici dildə olan elmi ədəbiyyatı mütaliə edir. Bunun səbəbi nədir? Cavab çox sadədir- vətəndaşlarımız mənəvi və intellektual təlabatlarını xarici dillərdə olan resurlarda tapırlar. Hesab edirəm ki, aparıcı mətbuat orqanlarımızın redaktorları, televiziya rəhbərlərimiz vətəndaşlarımızı azərbaycandilli informasiya məkanına qaytamaq üçün çatışmazlıqları ciddi şəkildə təhlil etməli, həll yolları ətrafında baş sındırmalıdırlar.

Unutmayaq ki, informasiyanı xarici ölkələrin resurslarından alan vətəndaşlarımız özləri də hiss etmədən zamanla onların təsiri altına düşürlər. Həmin ölkələrə sərf edən yanaşma və təhil üslubu onlara da sirayət edir. Anadilli informasiya məkanına etimadın və marağın tam şəkildə təmin edilməsi əslində milli təhlükəsizlik məsələsidir. Bu sətirləri oxuyan soydaşlarımızın bir çoxu belə fikirləşə bilər ki, vurğulanan məsələlərin həlli olduqca çətin bir vəzifədir. Qısa zamanda keyfiyyətli anadilli tədris, mətbuat və elm yaratmaq bəlkə də qeyri-mümkün görünə bilər. Ancaq unutmayaq ki, bizim yaxın tariximizdə bunun uğurlu nümunəsi mövcudur. Söhbət XIX əsrin ikinci yarısından Xalq Cumhuriyyətinə qədər davam etmiş maarifçilik hərəkatından gedir. Məgər həmin vaxt Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə kimi fədakar ziyalılarımızın vətən naminə təmənnasız mübarizəsi nəticəsində bu gün də hər birimizin qürurla söhbət açdığı milli dramaturgiyamızın, teatrımızın, mətbuatımızın, operamızın əsası qoyulmadımı? Həmin mübarizənin nəticəsi deyildimi ki, böyük əksəriyyəti yazıb-oxuya bilməyən Azərbaycan xalqı bütün məhrumiyyətlərə baxmayaraq 1918-ci ilin 28 mayında Şərqin ilk Demokratik Respublikasının əsasını qoya bilmişdi.

Maarifçilik hərəkatının görkəmli nümayəndələri Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin və digər görkəmli ədiblərimizin əzmkarlığı nəticəsində müasir anadilli ədəbiyyatımızın inkişafı mümkün olmuşdur.

Müasir Azərbaycan mədəniyyəti və onun bütün nailiyyətləri məhz o dövrün tarixi uğurları üzərində bina olub. Deməli əsas olan istəkdir, əzmdir, həqiqi və təmənnasız vətənpərvərlikdir. Bir də axı maarifçilərimiz bu uğurları qazanarkən bizim nə müstəqil dövlətimiz, nə də bu qədər maddi imkanımız yox idi. Hazırda bizim vəziyyətimiz bütün mənalarda maarifçi babalarımızın yaşadığı şəraitdən qat-qat əlverişlidir. Bunu unutmamalıyıq. Və ana dilimizin tərəqqisi sadaladığım amillərlə sıx bağlıdır. Milli şüur, mövcud reallıqları təhliletmə qabiliyyəti və həqiqi vətənpərvərlik olmadan ana dilimizin və milli ədəbiyyatımızın yeni dövrün çağırışlarına uyğun tərəqqisindən söhbət belə gedə bilməz!

# 4644 dəfə oxunub

Müəllifin son yazıları

# # #