Qəbiristanlıqda gördüyüm qoca

Qəbiristanlıqda gördüyüm qoca
17 mart 2020
# 21:01

Kulis.az Aləmdə Nəsibin "Yönün düşəndə bir də gəl" adlı yazısını təqdim edir.

Qəbiristanlıqları gəzməyi xoşlayıram. Bəzən tanıdığım, bildiyim birinin olmadığı qəbiristanlığa da yönüm düşür. Oralar təkcə ölülərini yad etmək üçün deyil, həm də ölümlü olduğunu xatırlamaq üçündür.

Yeni salınan qəbiristanlıqlar haqda bunu deyə bilməsəm də, çoxdan salınmış, hətta bəzi itib-batmaqda olan qəbir daşlarının olduğu yerlərdə fərqli enerji var. Sənə təkcə ölümlü olduğunu xatırlatmır, eyni zamanda dünya həyatının bir göz qırpımında keçdiyini şapalaq kimi üzünə vurur.

Anlayırsan ki...

Bu gün üstündə daş ucaldılmış insanlar da illər əvvəl buraya ayaq basıb. Səni, məni, kimi, kimisə ziyarətə gəlib. İndi isə illərdir burada yatır. Həyat isə heç nə olmamış kimi öz axarında davam edir. Belə gəlib-gedəni çox olub, olur, olacaq. Onlardan sonra biz gəlirik, bizdən sonra başqa onlar gələcək. Hamımız da öz ayaqlarımızla gəldiyimiz bu yerə bir gün cansız bədənimizlə, kimlərinsə çiynində təşrif buyuracağıq. Həyat budur: Biri gəlir, biri gedir. Torpaq isə hələ də doymaq bilmir. O qədər sakit bir duruşu var ki, doyacağına dair heç ehtimal yeri də qoymur. Onu qəbiristanlığın yanında dayanan, gələni-gedəni sakitcə seyr edən, dünyanın hər halını görmüş və çox şeydən xəbərdar qocaya bənzədirəm. Elə sakit, elə səbrlidir ki, istər ağlasınlar, istər çığırsınlar, üsyan etsinlər, fərq etmir. O, təmkinli duruşunu pozmur, işi-gücü gələnə gedənə sakitcə qapı açmaq, qarşılamaq və gedəndə də sükutunu pozmadan yola salmaqdır.

Deyirlər cahilin ağzı açıq olar, danışdıqca danışar, dil boğaza qoymur. Görünür, bu qocanı bildikləri, anladıqları və qəbullandıqları belə susqunlaşdırıb. Yoxsa gənc oğlunu itirmiş ananın fəryadı qarşısında təsəlli olacaq bir söz deməyə cəhd edərdi. O isə sakitcə əlindəki su ilə dolu stəkanı uzadır və “Allah rəhmət eləsin!” deyib yerinə keçir.

Bizim olan nə var axı?!

Doğrudan da qəribədir. İnsan ölümlü olduğunu, ölümlü birini doğduğunu bilir. Amma qəbullanmaqda əziyyət çəkir. Çünki özümüzü nəyinsə sahibi hesab edirik. Əslində isə nə aldığımız nəfəs, nə qırpdığımız kirpik bizimdir. Bədənimiz kimi sahib olduqlarımız: canlı və ya cansız hər nə varsa, hamısı bizə müvəqqəti əmanət edilib. Nə zaman geri istəniləcəyini bilə bilmərik. Ona görə də bizimmiş kimi könül salmaq, bağlanmaq yanlış yanaşmadır. İnsanın özü-özünü aldatması, nəfsinə uymasıdır. Gerçəklikdən, həqiqətdən qaçışıdır. Qaçış isə yaxşı bir şey deyil. İnsanın inkar etdikləri, qaçdıqları bir gün gözləmədiyi yerdə yaxasından yapışır və o anda nəfəsin kəsilə-kəsilə macal da tapmırsan ki, özünü müdafiə edəsən.

Və budur, sənin olmayan doğmaların kimi bir gün aldığın nəfəslə də vidalaşırsan. Hamı kimi sənin də son sığınacağın bu qara torpaq – hamıya qucaq açan təmkinli ana olur.

# 2489 dəfə oxunub

Müəllifin son yazıları

# # #