Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...

Özfəaliyyətimiz elə bu qədərmiş - Akif Əli yazır...
28 sentyabr 2020
# 17:00

Kulis.az yazıçı publisist, fəlsəfə doktoru Akif Əlinin "Zaman axarında" silsiləsindən "Özfəaliyyətimiz elə bu qədərmiş..." yazısını təqdim edir.

...Sonralar o zamana “durğunluq illəri” deyiləcəkdi. Biz onda orta məktəbi yenicə bitirmişdik. Bir-iki il fərqi ilə bəzimiz tez, bəzimiz gec. Amma hamımız eyni şəhərin eyni nəsil nümayəndələri idik. Kimimiz ali məktəbə daxil olmuşduq, kimimiz əsgər getmiş, kimimiz hardasa işə düzəlmişdik.

Və şəhərin ayrı-ayrı guşələrində yaşayıb ayrı-ayrı məktəbləri bitirsək də, hamımız gəlib bir klubda birləşmişdik. Sabunçu vağzalı tərəfdə, “AZİ”-nin binası ilə üzbəüz balaca bir mədəniyyət ocağı idi. Sovet vaxtı bütün mədəniyyət evlərində olduğu kimi, Fioletov adına klubda da müxtəlif özfəaliyyət dərnəkləri var idi. O cümlədən, dram dərnəyi və biz də həmin dərnəyin həvəskar üzvləri: Loğman, Ramiz, Babakişi, İbrahim, Hüseynağa, Mina, Xoşqədəm...

Klubun direktoru Elxan sakit adam idi. İnsafən, bizim fəaliyyətimizə heç vaxt mane olmurdu, yaradıcılıq işlərinə qarışmırdı. Öz aləmində idi. Amma biz güvənli yeniyetmə şövqü ilə öz aramızda onu Ağasadıq Gəraybəylinin “Bəxtiyar” filmində yaratdığı Qastrolbüronun Administratoru Ağabala obrazına oxşadıb gülüşürdük.

Dram dərnəyinə İncəsənət institutunun məzunu olan yaraşıqlı, qədd-qamətli, gözəl səsli, səliqəli geyimli cavan bir oğlan rəhbərlik edirdi. Akademik Dövlət Dram Teatrının aktyor ştatında idi, amma orada maaş az olduğundan klubda da dərnək aparırdı. Biz yeniyetmə həvəskarlar üçün o, bir növ gələcəyimizin nümunəsi idi: dəbli geyiminə, yaraşıqlı görünüşünə, davranışına görə, mədəniyyətə bağlılığına, biliyinə, savadına, vətən sevgisinə görə.

Əsgərlikdə olan dostumuz Hüseynağa hərbi xidmətdən qayıtdıqdan sonra dram dərnəyi daha da canlandı. Ardınca Ramiz də əsgərlikdən qayıdıb gəldi. Qonşu rəqs dərnəyinin rəhbəri Əli bizim Hüseynağa ilə dostluq etdiyinə görə həmişə məşqlərimizə gəlir, lazım olanda tamaşamız üçün rəqslər qururdu. Loğman, Babakişi, İbrahim, Mina, Xoşqədəm böyük həvəslə özfəaliyyət tamaşalarında iştirak edirdilər. Qızlı-oğlanlı hamımız bir-birimizlə bacı-qardaş kimi davranırdıq - mehribancasına, hörmət, izzət, ləyaqət çərçivəsində...

Məşqdən sonra bəzən çayxanaya, pulumuz olanda isə yeməkxanaya gedirdik; Loğmanın səriştəsi və səliqəsi ilə tez bir zamanda qurulan kasıbyana süfrə ətrafında yeyib-içib qızğın sənət mübahisələrimizi saatlarla davam etdirirdik. Əsas mövzumuz niyə bizim milli teatr sənətinin, aktyorlarımızın respublika hüdudlarını aşa bilməməsi, Bakıdan kənarda tanınmaması idi. Eyni zamanda dünyanın ən müxtəlif teatrlarında aparılan maraqlı eksperimentlərin bizim teatrlara tətbiq edilməməsi, 30-cu illərin pafoslu səhnə mədəniyyətindən qurtula bilməməsi biz həvəskarları düşündürürdü.

Dərnəkdə bir-birindən maraqlı tamaşalar hazırlayırdıq. Repertuarımıza o vaxt dövriyyədə olan ən müxtəlif pyesləri seçib daxil edirdik. M. F. Axundzadənin “Hekayəti Molla İbrahim-Xəlil kimyagər”, İsgəndər Coşqunun “Komsomol poeması”, Firudin Aşurovun “Tez ağaran saçlar”, Sergey Mixalkovun “Vəhşilər” və b. pyesləri tamaşaya qoymuşduq.

Özfəaliyyət dərnəyi bizim üçün həm işdən-təhsildən sonra toplaşdığımız istirahət yeri idi, həm də mədəniyyətlə ünsiyyət imkanı kimi maraqlarımızın qismən ödəndiyi məkan. Heç kim gələcəkdə nələr olacağını, kimin hansı peşə ardınca gedəcəyini dəqiq bilməsə də, o yeniyetməlik illərində hamımızı mədəniyyətə, gözəl sənətlərə, estetikaya, teatra səmimi və təmənnasız sevgi bir araya gətirmişdi.

Həftənin müəyyən günlərində axşam saat 5-də kluba gəlib 7-yə kimi məşğul olurduq. Saat 7-də məşqlər bitirdi və dağılışırdıq. Dərnəyin rəhbəri əsas iş yerinə - Azdramaya tamaşaya gedirdi. Hüseynağa işıqçı-fəhlə işlədiyi Musiqili komediya teatrına tələsirdi. Loğman aşbaz işlədiyi restorana, Babakişi sabahkı dərslərini hazırlamaq üçün evə, mənsə Kinostudiyaya - Adil İsgəndərovun rəhbərlik etdiyi Kinoaktyorluq kursuna...

Ramizlə Əli yaşda hamımızdan böyük idilər – 22 yaşında və incəsənət məsələlərində daha təcrübəli. Hüseynağa, Loğman, Mina və Xoşqədəm təxminən həmyaşıd idilər – 20 yaş ətrafında. Onlardan iki-üç yaş kiçik olan Babakişi ilə mən də eyni ildə anadan olmuşduq və eyni vaxtda orta məktəbi bitirib eyni instituta daxil olmuşduq.

Dərnək üzvlərinin hər biri özünə xas fərqli xüsusiyyətləri ilə maraqlı idi. Ramizə hamımız xüsusi hörmət bəsləyirdik. Təkcə yaşına görə yox, həm də aktyorluq bacarığına, davranışına, ağayanalığına görə. Rəqqas Əli öz tükənməz lətifə yaddaşı ilə bütün məclislərimizin, toplantılarımızın gülüş çələngi idi. Hüseynağa həmişə özünü rəhbər, idarəedici, məsləhətçi “statusunda” aparırdı. Qızlar xanım-xatınlığı ilə seçilirdi.

Hamımız bir-birimizə inandığımız və özümüzü eyni bir orqanizmin doğma üzvləri hiss etdiyimiz üçün, tamaşa ərəfəsində rol bölgüsü zamanı heç bir etiraz, mübahisə, qısqanclıq, küsülülük olmurdu. Rejissor kimə nə tapşırırdısa, dinməz-söyləməz razılaşır, əsərdən özünə aid sözləri dəftərinə köçürüb əzbərləməyə başlayırdı. Heç kim məşqlərə gecikmirdi, heç kim intizamsızlıq etmirdi, heç kim dedi-qodu ilə məşğul olmurdu. Hamını ancaq sənət maraqlandırırdı. Hətta özfəaliyyət dərnəyində olduğumuzu da unudurduq.

Baxtımdan, ya nədənsə, mənə maraqlı obrazlar tapşırılırdı, əsasən də baş rollar olurdu. “Hekayəti Molla İbrahim-Xəlil kimyagər”də – Müəllifin, yəni Mirzə Fətəli Axundovun, “Komsomol poeması”nda – Cəlalın obrazları və s. (onu da deyim ki, “Komsomol poeması”nda zəhmli Gəray bəy obrazını çox emosional tərzdə, əsil bəy kimi qürurla ifa edən Ramiz hamının rəğbətini qazanırdı).

Fioletov klubunda ən yaddaqalan işim “Vəhşilər” tamaşasındakı diplomat Vladlen obrazı idi. Sergey Mixalkovun bu pyesi əsasında M. Qorki və Riqa kinostudiyalarının birgə çəkdiyi rəngli “3+2” filmi o vaxtlar çox məşhur idi. Kinoda diplomat Vladleni məşhur Andrey Mironov oynayırdı. Bizim tamaşada digər kişi rollarını Hüseynağa (fizikaçı Styopa) və Babakişi (baytar həkimi Roman), tərəf-müqabili olan qızları isə Mina və Xoşqədəm oynayırdılar.

Pyesi Azərbaycan dilinə Hüseynağa özü tərcümə etmişdi. Səhnə sənətinin fanatikcəsinə vurğunu olan istedadlı Hüseynağa əsəri dərnəyə gətirəndən sonra, onu özü də tamaşaya qoymaq istədiyini bildirdi və dərnəyin rəhbəri etiraz etmədi. “Vəhşilər” çox maraqlı tamaşa alındı. Hər dəfə klubun qarşısında afişası vurulanda, zal ağzınadək tamaşaçı ilə dolurdu. Bilet satılıb-satılmadığını biz bilmirdik. Biz ancaq böyük həvəslə səhnəyə çıxıb anşlaqdan və alqışlardan həzz alaraq “sənət yaratmaqla” məşğul idik. Peşəkar olmasaq da, öhdəmizə düşən rolu yüksək səviyyədə ifa etməyə çalışırdıq.

Özfəaliyyət kollektivimiz hətta bir neçə dəfə rayonlara qastrol səfərinə getdi, Ağsu, Ağdaş, Göyçay rayonlarında zəhmətkeşlər qarşısında çıxış etdik.

Bir-neçə il sonra kollektivimiz tam tərkibdə darısqal Fioletov klubundan çıxıb Azneft meydanında yerləşən ikimərtəbəli, geniş, işıqlı Tibb İşçiləri Mədəniyyət Evinə köçdü. İndi o Mədəniyyət Evinin yerində əzəmətli “Four Seasons” oteli ucalır. Tibb İşçiləri Mədəniyyət Evində dram dərnəyini əsasən Hüseynağa idarə edirdi. O, həvəskar rejissor kimi çox məhsuldar işləyir, demək olar ki, hər ay yeni bir tamaşaya quruluş verirdi. O həm rejissorluq edirdi, həm də aktyorluq. Fitri istedada malik Hüseynağa sanki dərnəyin ideya akumulyatoru idi; yeni əsərlər tapıb gətirir, yeni obrazlar düşünür, səhnədəki hər situasiyaya uyğun fərqli mizanlar qurur, aktyorlara müvafiq tapşırıqlar verir, imkanlarımıza və təsəvvürümüzə uyğun maraqlı tamaşalar hazırlayırdı.

Baxtımdan yenə də mənə əsas rollar tapşırılırdı. Xüsusən, Mark Tvenin “Şahzadə və Dilənçi” əsərində Şahzadə, Vadim Kojevnikovun “Qılınc və Qalxan” əsərində Yohan Vays obrazları çox ürəyimə yatırdı. Sovet dövrünün klassikası olan məşhur “Qılınc və Qalxan” serialında Yohan Vaysı tanınmış aktyor Stansilav Lyubşin oynamışdı. Filmdəki digər maraqlı obraz olan Henrix Şfartskopfu çox populyar və sevimli kinoaktyoru Oleq Yankovski böyük məharətlə yaratmışdı. Bizim tamaşada isə Henrix rolu kollektivə təzə gəlmiş yeniyetmə İzzətə tapşırıldı. Dərnəyimiz özfəaliyyət səviyyəli olsa da, hər iki tamaşa zamanı iri zalımız tamaşaçı ilə dolurdu və alqışlarla qarşılanırdı.

Biz mədəniyyət aurasında maraqlı və yeniliklərlə dolu zəngin bir həyat yaşayırdıq. Aylar-illər keçir, yaşımız və təcrübəmiz artdıqca ətrafımızda fanatlar çoxalır, üzərimizdə tamaşaçı sevgisi hiss edib fərəhlənirdik. Artıq hamımız özfəaliyyət səviyyəsindən çıxıb həyatda peşə yolumuzu müəyyənləşdirmək, sənətdə öz yerimizi tapmaq mərhələsinə çatdığımızı düşünürdük. Yeniyetməlik və təcrübəsizlik dövrü arxada qalmışdı. Hərənin qəlbində bir sevda baş qaldırır, başımız özümüzə qarışır, hamımız özfəaliyyətdən uzaqlaşıb müstəqil yaradıcılıqla məşğul olmağın zəruriliyini dərk edirdik.

Beləcə dostların qayğıları artdıqca yolları da ayrılırdı...

Dərnəyimizin rəhbəri - Akademik Dövlət Dram Teatrının gənc aktyoru... Ramiz Məlikov artıq həm Azdramada, həm də Kinostudiyada iri rollara dəvətlər aldığı üçün özfəaliyyətə vaxtı qalmırdı.

Direktorumuz Elxan... Elxan Süleymanov Fioletov klubundan sonra daha bir neçə anoloji idarə dəyişərək nəhayət tamamilə biznes sahəsinə keçdi. Bir müddət sonra Milli Məclisin deputatı oldu. Avropa Şurası Parlament Assambleyasında müstəqil Azərbaycanı təmsil etdi. Həm ictimai-siyasi fəaliyyəti ilə, həm də xeyriyyəçiliyi ilə tanındı.

Hüseynağa... Hüseynağa Atakişiyev İncəsənət institutunu bitirib rejissor Vaqif Abbasovla birlikdə Şəkiyə getdi və Şəki Dövlət Teatrının yaradılmasında xidmətlər göstərdi. Daha sonra Akademik Milli Dram Teatrının Baş rejissoru oldu, filmlərə, televiziya tamaşalarına çəkildi, özünün Gənclər Teatrını yaratdı və mədəniyyətimizin inkişafında öz sözünü dedi.

Əli... Cənubi Azərbaycan kökənli Əli Əşari də onunla birlikdə Şəkiyə getdi və Hüseynağanın bütün sonrakı uğurlu tamaşalarında rəqslərin quruluşçusu oldu.

İbrahim... İbrahim Əliyev də bir müddət Şəki Teatrında aktyor kimi çalışdıqdan sonra, Türkiyəyə köçdü və yaradıcılığını qardaş ölkədə davam etdirdi.

Ramiz... Ramiz Əzizbəyli hələ uşaq vaxtlarından kinoda, televiziyada çıxışlar edirdi, yenə də Kinostudiyada dublyajlara gedir, filmlərə çəkilirdi. Sonradan özü də kinorejissor kimi ilk sərbəst işi olan “Pirverdinin xoruzu” qısametrajlı bədii filmini çəkdi. Mirzə Cəlil motivlərində olan o filmin ssenarisini vaxtilə istedadlı sənətkar dostumuz Vaqif Həsənov (İbrahimoğlu), mən və Eldəniz Quliyev üçümüz həmmüəllif kimi birlikdə yazmışdıq. Ancaq nədənsə filmin titrlərində təkcə Eldənizin adı getdi... Halal xoşu olsun!

Xoşqədəm xanım Həmkarlar Təşkilatı xətti ilə karyerasını davam etdirdi və AHİK-in aparatında çalışdı.

Mina xanım gərək ki ailə qurdu və sonrakı taleyi haqqında məlumatım yoxdur.

Loğman... Loğman Axundov Nəsimi bazarı tərəfdəki “Muğan” mehmanxanasının restoranında işə düzəlmişdi, sonra elə həmin restoranın Baş aşbazı oldu.

Babakişi... Babakişi Məmmədov teatrı, kinonu çox sevirdi, xüsusən Hamlet Xanızadənin vurğunu idi. O da institutu bitirəndən sonra dərnəkdən uzaqlaşıb bir müddət ucqar kəndlərin birində müəllim kimi çalışdı, sonra Bakıya qayıdıb polis sisteminə daxil oldu və polis mayoru rütbəsinədək yüksəldi.

İzzət... İzzətulla Əzizov AzTv-də işə düzəldi və teleoperator sənətinin sirlərinə bələd olub bir çox televiziya verilişlərinin, teletamaşaların, telefilmlərin operatoru kimi məhsuldar yaradıcılıqla məşğul oldu.

Mən də Kinostudiyada Adil İsgəndərovun Kinoaktyorluq kurslarını bitirdikdən sonra kinorejissor Stansilav Çaplinin “Tacikfilm” kinostudiyasında çəkdiyi “Uzun müharibədə qısa görüşlər” bədii filmində Baş rola – Rüstəm obrazına dəvət aldım. Xeyli müddət Orta Asiyada, Moskvada, Leninqradda kino çəkilişlərində oldum. Sonra “Azərbaycanfilm”dən dəvət aldım və böyük sevinc içində doğma vətənə qayıdıb İsa Hüseynovun ssenarisi əsasında Rasim Ocaqovun ekranlaşdırdığı “Tütək səsi” filmində Tapdıq obrazına çəkilməyə başladım...

Nəhayət, Sovet hakimiyyəti süqut etdi. Və onunla birgə klublar da, peşəsindən asılı olmayaraq insanları mədəniyyət dəyərlərinə yaxınlaşdıran, kütləni bilavasitə incəsənət aləminə qovuşduran, zövqləri cilalayan, müxtəlif sahələrdə istedadları üzə çıxaran özfəaliyyət dərnəkləri də süqut edib yoxa çıxdı...

Ancaq bir zamanlar sənət eşqi ilə şəhərin müxtəlif guşələrindən çıxıb bir klubun özfəaliyyət dərnəyində toplaşan, sənət yollarında pillə-pillə inkişaf edib var qüvvələri ilə çalışan istedadlı uşaqlar əllərindən gələn xidməti göstərdilər, yeganə qazancları olan səmimi tamaşaçı alqışlarına layiq görüldülər. Və bütün sonrakı həyatları boyunca bir-biri ilə dostluq əlaqəsini itirmədən, səmərəli yaradıcılıq işinin bəhrələrini doğma Azərbaycan mədəniyyətinə yadigar qoyub gələcək nəsillərə ərməğan etdilər.

Yaşayanlar yüz yaşasın, köçənlərə salam olsun!

24.09.2020

# 2952 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #