Onun bayquş ulayan evi - Aktyor yazır...

Onun bayquş ulayan evi - Aktyor yazır...
8 iyul 2021
# 17:30

Kulis.az aktyor Əflatun Abdullayevin “Onun bayquş ulayan evi” adlı hekayəsini təqdim edir.

Qurban yenə evin yarıaçıq eyvanına çıxıb papiros yandırdı və divara söykənib qat-qat qabıqlanıb qopmuş divar rənglərini papirosdan saralmış uzun dırnağı ilə adəti üzrə qopardı. Divarın dibində isə artıq öncədən qopmuş qabıqlardan kiçik təpəcik yaranmışdı. O, bunu sanki ilk dəfə görürmüş kimi həyəcanla öz-özünə dedi: “İlahi, divarın öz rəngi necə də gözəl imiş. Divara ta atamın vaxtından hər kəs öz zövqünə görə o qədər rəng yaxıb ki, evin divarı bəlkə də 1 sm qalınlaşıb. Rəngin altında qalan divar 100 il bundan qabaq tikilməsinə baxmayaraq öz təzəliyini qoruyub saxlayıb”.

Bu dəmdə papirosun ucunda son nəfəsini verən kül papirosla sağollaşıb yerə atladı və kül dənəcikləri yerə səpələndi. Qurban bir gözü dumandan qıyılaraq əyildi, heç özü də bilmədi niyə əyildi, sonra ayağı ilə yerə səpələnmiş külü ləkə-ləkə olmuş döşəmədə sağa-sola sürtdü. Son dumanı içinə çəkib papiros kötüyünü divarın içindəki digər kötüklərin içinə basdırmaq istəsə də yer tapa bilmədi. O, durduğu yerdə xeyli sağa-sola çevrildi. Bu balaca kötük sanki ona böyük dərd kimi görsənirdi. Nə olur olsun, ondan xilas olmaq istəyirdi. Artıq bu papiros kötüklərindən xilas olmağın vaxtı gəlib çatmışdı. Qurban barmaqlarını saralmış, yumşaq bığlarına çəkdi və bir qədər fikrə getdi. O, otağa girib sınıq bir ayağını kitablarının əvəz etdiyi masasının qarşısında əyləşdi və əlindəki kötüyü divardan asılmış pencəyinin cibinə qoymaq istədi, amma kötük digər kötüklərlə dolu cibində dayanmayıb yerə düşdü. Qurban bir qədər yerə düşmüş kötüyə və divardan asılmış pencəyinə baxdı, sonra əyilib kötüyü yerdən götürdü. “Yox, artıq nə olur olsun, çıxmalıyam və bu zir-zibili aparıb kəndin zibilliyinə atmalıyam”. O, cəsarətini toplayıb bir ayağı geri, bir ayağı irəli qapıya yaxınlaşdı, gəlib qapının qabağında dayandı və artırmanın qopub sallanmış qapısına baxıb ağladı. Sonra ağlamaq hıçqırığa çevrildi. O, gözlərini sildi və bu dəmdə onun hıçqıraq səsindən otaqdakı körpə oyandı.

Qurban körpəyə görə otaqda nadir hallarda papiros çəksə də, pəncərədən illər əvvəl asılmış bəyaz pərdələr saralıb öz rəngini itirmişdi. Otağın künclərindəki pəncərənin kənarlarında hörümçək torları o qədər toz yığmışdı ki, sanki künclərdən köhnə mənəfə kəsikləri sallanmışdı.

Qurban hıçqıra-hıçqıra barmaqlarının ucunda otağa keçdi. Yerdəki nimdaş yorğanın üstündəki çuxaya baxdı, öskürəyi hıçqırığına qarışdı. O, çuxanın yanında oturdu və boş yastığa başını qoyub qulağına gələn körpənin səsini ovutmağa başladı. “Bağışla, yenə səs saldım. Zəhrimar kötüyə görə oldu, bağışla”. Qurban köhnə, boş, əhəngləri qopub dibinə tökülmüş otağın ortasında boş çuxanı ovuda-ovuda yuxuya getdi.

Səhər həyətdə şeh dənələri yaz çəmənlərinin üzərində bir-biriləri ilə qovuşaraq kiçik damlalar yaradıb çəmənlərin diblərinə süzülür və günəş şüaları altında çəmənin üzərində buxar əmələ gətirirdilər. Qurban öz düzəltdiyi evin artırmasının qapısı qarşısında bu mənzərəyə baxıb gözü yol çəkirdi. Qurbanın ömür-gün yoldaşı Sürəyya və qucağındakı körpə oğlu çəmənlərin üstü ilə günəş şüaları və buxarın arasından çıxıb Qurbana yaxınlaşdı. Sürəyya Qurbanın ipdən uçub həyətə düşmüş yola götürdüyü dəsmalını ona uzatdı. Qurban dəsmalı Sürəyyadan alıb bir qədər baxdı, körpənin alnından öpdü. Sonra əlini Sürəyyanın saçlarına çəkdi. Onun açıq qəhvəyi saçlarını bağladığı kiçik yaylıq yerə düşdü. Qurban və Sürəyya eyni anda əyilib yaylığı götürmək istədilər. Narın parçadan, üzərində kiçik çiçəklər olan xalat Sürəyyanın dizlərindən bir qədər yuxarı qalxdı. Sürəyya nə körpəsini yedizdirmək üçün yarıaçıq olan sinəsini bağlamağa, nə də dizlərindən yuxarı qalxmış xalatını düzəltməyə macal tapmadı. Qurban Sürəyyanın yaylığını götürdü və onun qolundan tutub uşaqla birlikdə qalxmasına kömək etdi. Sürəyya utanaraq bir az qızardı, amma gözlərini Qurbanın gözlərindən çəkmədi.

Qurban Sürəyyanın hazırladığı bağlamanı da götürüb dəbdəbəli yük maşınına doğru getdi. O, adəti üzrə kəndə yük maşınının ön hissəsi ilə gəlmişdi. Yük hissəsini isə rayon mərkəzindəki iri maşınların park yerində saxlamışdı. Qurban həyəti yoldan ayıran köhnə qapıdan bayıra çıxıb sükanın arxasında əyləşdi. Sürəyya artırmanın aralı qalmış taxtaları arasından Qurbana baxdı, ancaq körpənin narahatlığını hiss edib yaxasını açıb körpəni yedizdirməyə başladı və yavaş-yavaş evə keçdi. Qurban elə maşını yerindən tərpədirdi ki, birdən səs-küy eşitdi. O, tez mühərriki söndürdü. Qonşu qadın Sahibə maşının qabaq təkəri altında öz kiçik maşını ilə oynayan uşağını maşının altından çıxarıb tərs-tərs Qurbana baxdı. Sahibə qoltuğu arasındakı əşya kimi davrandığı uşağı ilə öz həyətinə girəndə qapını bağlamazdan qabaq dodağı altında nəsə mırıldandı. Bu, uzaqdan daha çox söyüşə oxşayırdı. Bu necə oldu, Qurban heç özü də bilmədi. Məhlədə özlərinə məskən salmış itlər və pişiklər təkərin altında qalmasın deyə hər dəfə maşını işə salmamışdan qabaq altına göz atır, sonra hərəkət etdirirdi. Bu dəfə isə nəyəsə görə fikirli olduğundan bu vərdişini yerinə yetirməmişdi.

Bu dəmdə Sahibənin əri qırmızı Mikayıl hər zamankı saatda velosipedlə gəldi və velosipedi həmişəki yerində, həyət qapısından bir az qabaqda saxlayıb sanki Qurbanı görmürmüş kimi həyətinə keçdi. Qurban mühərriki işə saldı və qapının qabağından uzaqlaşdı. O, maşının sol güzgüsündən arxaya baxdı. Uşağın atası həyətdən bayıra qaçdı və uzaqdan Qurbanın arxasınca onu hədələyirmiş kimi yumruğunu göydə yellədi. Qurban sürətini azaldıb geri qayıtmaq istədi, amma sonra bu fikirdən daşındı. Oturacağın üzərindən papirosu götürüb birini yandırdı və kəndin çala-çopur yolunda ağır-ağır irəlilədi.

Küçədə sakitlik hökm sürürdü. Yüngülvari meh əsir və günəş ağacların yarpaqlarını qorsalayırdı. Qırmızı Mikayılın tövləsinin arxasına, yolun kənarına tökülmüş inək peyini üzərində qara milçəklər uçuşur, çəpərin dibində istidən tez-tez nəfəs alıb-verən boz zolaqlı pişik arada üzərinə qonan milçəklərə çevrilib həvəssiz-həvəssiz baxır, sonra başını heysiz bir şəkildə yerə düşmüş bir neçə yarpağın altına soxurdu. Həyətdə hökm sürən sakitliyi qırmızı Mikayılın həyətindən gələn qapı səsi pozdu. Bir neçə dəqiqədən sonra pişik Mikayılın endirdiyi təpikdən diksinərək inək peyininin üzərində çaş-baş ətrafa baxır, Mikayıl isə ona baxıb eybəcər-eybəcər gülürdü.

Sürəyya artırmanın qapısına içəridən kilid vurub pəncərələrə iki qat pərdə çəkmişdi, lakin otaqda hər iki tərəfdən nəfəsliyi bir balaca hava girsin deyə açıq qoymuşdu. Özü isə evin ortasına sərdiyi nazik yorğanın üzərində körpəsi ilə bərabər uzanmışdı.

Birdən işıq düşən pəncərə qarşısından kimsə keçdi, amma Sürəyya bunu hiss etmədi. Kölgə gəlib pəncərə qabağında dayandı və pərdənin arasından otağa boylandı. Bu, Mikayıl idi. Mikayıl nazik dodaqlarını bir-birinə sıxıb qırmızı sifətini pəncərəyə söykədi və kobud, quruluqdan çatlamış əllərini də pəncərəyə dirəyib iki əli arasından həyəcanla içəri baxdı. Pərdənin arasından Sürəyyanın yuxarı çirmələnmiş və dizindən bir qarış qədər qalxmış paltarı görünürdü.

Birdən yoldan səs gəldi və Mikayıl cəld evin arxasına keçdi, sonra sağa-sola baxıb çəpərdən yola atladı və öz çəpərinin qarşısında kölgədə dayanıb papiros yandırdı, yerə çöməlib Qurbanın evinə baxmağa davam etdi.

Mikayıl ara-sıra öz velosipedinə baxır, sonra da xəyalında Qurbanın öz maşınını necə təmizləməsini canlandırdı. O, birdən ayağa qalxdı, papirosun kötüyünü iki barmağı arasında sıxıb Qurbanın həyət qapısına doğru tulladı. Sonra Qurbanın evinə doğru ağız dolusu tüpürcək yollayıb əllərini bir-birinə sürtdü və velosipedini götürüb bayaq Qurbanın getdiyi istiqamətdə gözdən itdi.

Sürəyya pəncərələri taybatay açıq qoyub pəncərənin səkisi üzərində kiçik mətbəx əşyalarının arasında balaca qaz balonu üzərində qoyduğu tavada yumurta bişirir, körpə isə qabağındakı balaca taxta parçaları ilə oynayır, bəzən də taxtaları ağzına salır, damağı ilə dişləyir və ağzını hər açdığında dodaqları arasından ağız suları barmaqlarına, ordan kiçik taxta parçaları üzərinə, ordan da ayaqlarına süzülürdü. Otağı bir anda yumurta və göyərti qızartmasının iyi bürüdü. Sürəyya qoxunu içinə çəkdi və dodağı altında dedi: “Bu kərə yağlı yumurta və göyərtini ölənə qədər yeyərəm, doymaram. Amma heyf ki, təkcə bir toyuq yumurtlayır, o da gün aşırı”.

Qırmızı Mikayıl kəndin məzarlığının yanından keçən dar yolda kəndin mollası Sabir kişi ilə söhbət edə-edə gedirdi. Sabir kişi isə kəndin çıxışındakı məzarlığın ətrafında inəyini otarırdı. İnək kanal kənarındakı çayırları marçıldada-marçıldada içəri ötürür, arada dayanıb ətrafa baxır, sonra yenə göyşəyirdi.

- Sabir kişi, vallah, dəfələrlə özünə də demişəm ki, bu zəhrimar maşını sürməmişdən qabaq bir ətrafa fikir ver. Keçən dəfə də az qalsın yazıq pişik təkərin arasında qalacaqdı. O boyda yük maşınını kəndin içinə niyə soxur, bilmirəm. Yəni göstərmək istəyir ki, baxın, necə böyük maşınım var və necə çox pul qazanıram? Şərəfsiz. İşi-gücü ancaq kənd camaatına göz dağı verməkdir. Sən bu kəndin ağsaqqalısan, gəl, sən bu Qurbanla danış, bəlkə səni eşidər, maşını kəndin girişində saxlayar.

- Vallah, Mikayıl, deyərəm deməsinə, amma bilirsən ki, dədəsi kimi tərs adamdır, onsuz da orda saxlamayacaq.

- O saxlamaz, mən də onda bilərəm nə edərəm o əclafa. Uşaq səhər az qalsın qalmışdı maşının altında.

- Sən Allah?

- Vallah, olmaz belə şey, olmaz.

Mikayıl səsinin tonundakı yalançı qəzəblə Molla Sabiri inəyi ilə baş-başa qoyub yalandan af-uf edə-edə oradan uzaqlaşdı.

Axşam Mikayıl yenə eyni yerdə qapının qabağında oturub papiros çəkirdi. Sürəyya uşağı nimdaş adyalla kürəyinə bağlamış və əlində iki ərzaq dolu zənbillə mağazadan qayıdırdı. Mikayıl Sürəyyanı qapıdan girib evə keçənə qədər şorgöz baxışlarla izlədi və sonra cəngini silib dərindən ah çəkdi. Mikayılın baxışları altında Sürəyyanın ayaqları sanki bir-birinə dolaşırdı.

Sürəyya evə keçib zənbilləri səkinin üzərinə qoydu və uşağı kürəyindən çıxarıb yerdəki səliqəli qatlanmış yorğanın üzərinə uzatdı. Uşaq heç oyanmadan yuxusuna davam etdi. Sürəyya telefonun dəstəyini çiyni ilə qulağına söykəyib bir əlində soğan soyurdu.

- Əclaf gözünü elə zilləyir, elə bil adam görməyib. Nə vaxta qədər bu baxışlar altında yaşamaq olar. Qurban gəlsin çıxsın, deyəcəyəm köçək rayona, bu kəndi Allah qarğıyıb və birdəfəlik yadından çıxarıb elə bil. Hamı ancaq bir-birinin paxıllığını çəksin, bir də qoyasan ancaq bir-birinin sözünü gəzdirsinlər, başqa iş-güc yoxdur. Bu boyda kənddə bir Qurban işləyir, bu da onlara çox görsənir yəqin. Avaralar, dəriləri beş qəpiyə dəyməyən ucuz məxluqlar. Qurban gələn həftə gələcək, hələ düz altı gün var. Yox, yox, qorxmuram, əlbəttə, siz də narahat olmayın. Hə, yemək bişirəcəyəm indi. Sağ olun. Yox, nəsə ürəyim istədi, ona görə zəng etdim. Hələlik”.


Sürəyya dəstəyi yerindən asıb əlindəki soğanları tavaya tökdü. Sonra ikinci mərtəbəyə qalxıb eyvanın qapalı tərəfində ipə sərdiyi paltarları götürdü, amma alt paltarının birini tapa bilmədi. Bir az ətrafa boylandı və dodağının altında mırıldandı: “Külək də yox idi, hara yoxa çıxdı görəsən. Bəlkə necə isə həyətə düşüb” dedi və dərhal həyətə qaçdı, amma orda da tapa bilmədi. Sonra evə qayıtdı, ocağın altını yandırıb soğanı qovurmağa başladı. Birdən qapıdan səs gəldi. Sürəyya tez artırmaya çıxdı və taxtanın arasından həmişə baxdığı yerdən bayıra baxmaq istədi, amma görə bilmədi, taxtanın arasına nəsə keçmişdi. Sürəyya bayıra çıxıb taxtanın arasına keçən alt paltarının qopmuş bir tayını deşikdən çıxarıb otağa qayıtdı. O, soğanı qarışdıra-qarışdıra ağlamağa başladı.

Sürəyya qaz sobasının üzərindəki hisdən qaralmış tavanı yerə qoydu və qalxıb pəncərələrin cəftəsini bağladı, sonra isə artırmanın kilidini keçirib otağa qayıtdı. Hava qaranlıq idi və sərin meh nəfəslikdən otağa dolduqca pərdəni yavaş-yavaş tərpədirdi. Sürəyyanın canına bir az xof düşdü, amma öz-özünə “ay qız, heç nədən qorxma, qonum-qonşu doludur, bir bağırsan, hamı yığışacaq” dedi. Amma Sürəyya yuxuda nə qədər bağırsa da, onun səsini eşidən olmadı. Qarabasmalar hərdən Qurban, hərdən də qırmızı Mikayıl simasına bürünüb Sürəyyanın üzərinə gəlir, onu boğmaq istəyirdilər. Sürəyya qışqırıb yuxudan oyandı və körpəsini beşiyindən götürüb yerdə həsirin üzərində saldığı yatağa öz yanına uzatdı və sanki özü körpə, körpəsi isə atası oldu və o körpəsinə atası tək sığınıb özünü yuxuya vermək istədi.

Eyvanın kənarındakı köhnə taxtalar meh əsdikcə tərpənib cırıldayır və sanki eyvanda kiminsə sağa-sola var-gəl etdiyi əhvalını yaradırdı. Sürəyya ətrafdan gələn səsləri yaxşı eşitsin deyə qolunu başı ilə yastığın arasına qoyub hər iki qulağı ilə gələn səsləri nigaran-nigaran analiz edir, səsin mənbəyini tapıb həqiqətə bağlamadıqca əl çəkmirdi. O, bir yandan da gözlərini pəncərədən sızan ayın işığının zərif şüalarına zilləmişdi. Gecə irəlilədikcə öz kiçik öskürəklərindən də xoflanmağa başladı və artıq xofu o qədər çoxalmışdı ki, o yorğandan bayırda qalan ayağının ucunu sanki kimsə tutmasın deyə yavaş-yavaş yorğanın altına çəkib yorğanı ayağı ilə döşəyə basdı. Sürəyya ürkək-ürkək gözlərini qırpdı və nə vaxt yuxuya getdiyini bilmədən elə körpəsinə sıxılıb yatdığı yerdə həyətdən gələn xoruz banı ilə oyandı. Otaq səhərin aydınlığına bürünmüş və Sürəyyanın qarabasmalarından əsər-əlamət qalmamışdı. Sürəyyanın analıq hissi yenidən qayıtsa da, sanki körpənin atalıq hissi hələ də getməmişdi. Uşaq dilsiz-ağızsız yetkin adam kimi idi. Harda uzandırsan, dinməz dayanır, tərpətməyənə qədər elə daş kimi evin bir küncündə qalırdı. Sanki uşaq özünü gələcəkdə onu gözləyən təkliyə alışdırırdı.

Sürəyya alt geyiminin bir tayının hələ də kimdə olduğu, bunu kimin və niyə etdiyi suallarına cavab tapmadıqca içinə ağırlıq çökürdü. Kəndin ortasında heç kimin get-gəl etmədiyi bu ailənin, evin necə tək-tənha göründüyü fikri Sürəyyanın gözlərində canlandıqca kəndin bütün sakinləri onun alt paltarını oğurlayacaq potensiala sahib olduğu şübhəsi də artırdı. Qurban illər əvvəl atasından qalan bir az torpaq sahəsini, bir də atasının köhnə yük maşınını satıb təzə yük maşını aldıqdan sonra ətraflarında yaxınlıq edəcəyi heç kim qalmamışdı. Sürəyya dodaqları altında astadan danışmağa başladı.

- Vəziyyətimiz babatlaşdıqca əvvəlcə qonşular, daha sonra da bütün kənd adamları paxıllıqdan əvvəlcə salamımızı almırdılar, sonra da elə bil heç bizi görmürdülər.

Sürəyya düşüncələrdən ayılıb həm bu təkliyə körpəsi ilə oynayıb məna qatmağa, həm də evdə səs-küy salıb sükutun Sürəyyada yaratdığı xofu yox etməyə çalışdı. Hərdən də uşaqla böyük adam kimi davranır və ona kənd adamlarının paxıllığından danışırdı.

Amma alt paltarının oğurlanması və Qurbanın qısqanclığı Sürəyyanı düşündükcə lap yerlərin dibinə çəkir, o, mızıldanıb zümzümə edərək bütün bunları unutmağa çalışırdı. Bu kənd adamlarının evə nifaq salacağı qayğısı ilə elə hey dua edir, Allahdan bu adamların dilini-ağzını bağlamağını istəyirdi.

Gecə saat ikidə Qurbanın maşını kəndin girişində, meşənin içində dayandı. Qurban pencəyinin altında nəsə bərk-bərk tutur, gözləri qaranlıqda ölü kimi görsənirdi. Onun üzünü döyüşdən çıxmış vəhşi cəngavər kimi qan-tər götürmüşdü. Qurban dabanlarını yerə çırpa-çırpa kəndin buğda sahəsi olan tərəfi ilə evə doğru yaxınlaşırdı. Dabanını hər dəfəsində yerə vurduqca çənəsi altında yığılmış tər damcıları yerə tökülür və çox keçmir ki, yenə köhnə tər damcısının yerini təzəsi alırdı.

Qurban nəhayət gəlib həyətə çatdı. O, həyətə arxa tərəfdən girən kimi evin ikinci mərtəbəsinə söykənən nərdivanı, nərdivanın qabağındakı bir cüt kişi ayaqqabısını gördü və o andaca bədənini soyuq tər basdı, dizləri titrəməyə başladı və o, yavaşdan dedi:

- Deməli, mən evdən çıxan kimi belə edirsən?! Ay şərəfsiz.

Qurban Sürəyyanın nərdivanın mismarına keçmiş bir tay alt paltarını görüb ehmalca, bədəni titrəyə-titrəyə nərdivanla evə qalxdı. Pəncərədən eyvana keçib aşağı mərtəbəyə düşüb otağa girdi. Sürəyya uzanmış, körpəni də yanında yatızdırmışdı. Qurban Sürəyyanın göbəyinə qədər açılmış adyalı gözü ilə süzdü. Qurbanın üzündəki tər keçirdiyi həyəcan hissindən daha da çoxalmışdı. Qurban pencəyinin altından baltanı çıxarıb Sürəyyaya yavaşca yaxınlaşdı. Onun gözü qarşısında Sürəyyanın Qurbanın tanımadığı simalarla necə sevişdiyi canlanır, hətta qulağına kişilərin və Sürəyyanın səsi belə gəlirdi. Qurban baltanı qaldıranda bütün bədəni heydən düşdü və balta əlindən düşməyə az qalmışdı ki, o özünü ələ alıb səs çıxarmamağa çalışsa da, körpə gözlərini açdı. Qurban baltanı Sürəyyanın başına endirəndə yuxudan ayıldı. Qurban illər əvvəl Sürəyyanı öldürdüyü yerdə uzanıb yuxu görürdü və o, qışqıraraq yuxusundan oyandı, sonra yerdəki boş uşaq çuxasına baxaraq uşağın bəlkə də “eləmə” deyə baxan məsum baxışlarını gözü qabağına gətirdi, əlini ağzına sıxıb “gördü, vuranda gördü” deyərək sanki kürəyində alovlar qopdu və o, ağlamağa başladı.

Qurban Bakıdan Rusiyaya yola düşməmişdən qabaq ona necə zəng gəldiyini, o zəngdən sonra gəlib günahsız Sürəyyanı necə öldürdüyünü, daha sonra polisə zəng etdiyini xatırlayırdı. Və dərhal da içinə çökən ağırlıqla ona qurulan tələni heç sorğu-sual belə etmədən, evinə qoyulan nərdivanın və o bir cüt kişi ayaqqabısının qurma olduğunu dərk etmədən, bircə zənglə evinə qaçıb körpə uşağının gözləri qarşısında arvadını dəhşətli dərəcədə öldürdüyü haqda səsli düşünür, səsindən sanki alov çıxırdı. Sonra səsi yenidən kəsilir, körpəsini qohumlarından yeni evlənmiş bir ailəyə verib özünün isə 20 il ağır cəza ilə həbsxanaya salındığını düşünür, əlləri ilə dodaqlarını, üzünü bərk-bərk sıxır və sanki peşmançılığını əlləri arasında sıxıb əzdiyi dodağından çıxarırdı.

Qurban yenə artırmanın qopub sallanmış qapısının qabağına yeni papiros qoyulduğunu eşitdi, qalxıb papirosları götürüb artırmanın 20 il qabaq Sürəyyanın həmişə baxdığı yerindən baxıb oğlunu gördü. Oğlu atası ilə kəlmə belə kəsmir, lakin onun papirosunu vaxtaşırı alıb qapının qabağına qoyur və adəti üzrə həyətə, ətrafa göz gəzdirir, nəmli gözlərini silib gedirdi. Hər dəfə də Qurban artırmanın arxasında dayanıb oğlunun göz yaşlarını izləyir, sonra o da oradaca dayanıb ağlayır, ata-oğul dərindən köks ötürüb görüşmədən ayrılırdılar. Oğlu həyət qapısından çıxıb gedir, Qurban da qırılıb sallanmış qapının önündən papirosu götürüb evə girirdi.

Qurban 78 yaşında dəli oldu və dayanmadan hallüsinasiyalar görməyə başladı. Lakin dəliliyi heç kimə zərər vermədi. O, bu vəziyyətdə 2 il də əzablar içində papiros kötükləri arasında yaşadı (buna nə dərəcədə yaşamaq demək olarsa) və bir dəfə də olsa oğlu ilə görüşmədən əbədi olaraq gözlərini dünyaya yumdu. Evi və küçəsi eynən qonşularının arzuladığı kimi bomboş və kimsəsiz qaldı. Bomboş həyətə ay işığı düşür, evin damına qonmuş bayquş təkliyə nəğmə qoşub ulayırdı.

# 2042 dəfə oxunub

Müəllifin son yazıları

# # #