Kulis.az tənqidçi İradə Musayevanın Yasamalda fləşmob keçirən musiqiçilərdən yazdığı yazını təqdim edir.
İndi də adamlarımız başlayıb həmrəylik mahnısı oxuyanları, polisə gül atanları qınamağa. Dünəndən fikirləşirəm, axı burda pis nə görüblər ki, belə qəzəblənirlər? Musiqi gözəl, mənzərə ürəkaçan, oxuyanlar sevincli... Əməlli-başlı zövq aldıq bu sıxıcı günlərdə...
Görürəm ki, adamlarımız zibil söhbətinə daha maraqlı imiş... Nifrət aşılamaq, qarşıdurma yaratmaq, musiqi yox, çığırtı, söyüş, vəhşət dolu inilti eşitmək... Və bütün bunları müzakirə edib özünü ağıllı, xalqı axmaq kimi göstərmək...
İtalyanların koronavirus günlərində eyvanda əcaib səs-küyünü bəh-bəhlə təqdir edən, Türkiyədə həkimləri eyvanlarda alqışlayan adamlara heyrətlə baxan xalqım! O mənzərələri də ssenari əsasında qurmuşdular və düz etmişdilər. Amma onda "quramadır" demədiniz, xarici mədəniyyət nümunəsi kimi məst oldunuz baxanda.
"Dönər müqabilində" ittihamı isə ümumiyyətlə, iyrənclikdir.
O musiqi parçalarını ifa edənlər daha səmimi və vətənsevərdir, nəinki onları yıxıb-sürüyən "təbii, səmimi olay" detektivləri.
Ən azından onlarla insan qoşuldu o həmrəylik xoruna və fərəhli anlar yaşandı.