Nizamiyə həsr olunmuş rəsm sərgisi açılıb

Nizamiyə həsr olunmuş rəsm sərgisi açılıb
8 iyul 2021
# 13:25

İyulun 8-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindəki rəsm qalereyasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə N. Gəncəviyə həsr olunmuş miniatür və rəsm əsərləri nümayiş etdirilib.

Azərbaycanlı və gürcü rəssamlar öz əsərlərini təqdim ediblər.

Eyni zamanda, Gürcüstanın Kançeli adına simli kvarteti maraqlı konsert proqramı ilə çıxış edib. Ansambl Üzeyir Hacıbəylinin və digər bəstəkarların N.Gəncəvinin şeirlərinə bəstələdikləri əsərləri ifa ediblər.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze, Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri sərgini izləyiblər.

Nazir A.Kərimov tədbirdə çıxış edərək Azərbaycan Prezidentinin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin əhəmiyyətindən danışıb. Bu cür qərarların Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.

O, qonşu Gürcüstanda bu cür sərgilərin açılmasının mədəni əlaqələrimizin inkişafına xidmət etdiyini bildirib.

Gürcüstan mədəniyyət nazirinin müavini Kaxa Sixarelidze dahi söz ustadı, fəlsəfi şair N.Gəncəviyə həsr olunmuş sərginin açılışını yüksək qiymətləndirib.

Bildirib ki, N.Gəncəvinin əsərlərinə Gürcüstanda da böyük maraq var. Onun gözəl şeirləri, fəlsəfi fikirləri bu gündə sevilir və gələcək nəsillər üçün elm mənbəyi olacaq.

Sərgidə, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar elan etdiyi rəsm müsabiqəsinin qaliblərinə və fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub. /azertag.az/

# 1641 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #