Karantin günlərinin ən oxunaqlı Azərbaycan romanı

Karantin günlərinin ən oxunaqlı Azərbaycan romanı
11 aprel 2020
# 11:03

Kulis.az filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın yazıçı Əjdər Olun “LO” romanı haqqında yazısını təqdim edir.

Vətənə düşən “lo”nu dünyaya düşən “lo” vaxtında yenidən xatırladım, yenidən yaşadım. Şair, yazıçı Əjdər Olun çoxdandır oxumaq istədiyim, amma vaxt edə bilmədiyim üçün ertələdiyim “LO” romanını dünyada olduğu kimi Azərbaycanda da Covid-19 pandemiyasının yayılması səbəbilə karantin günlərində oxudum.

Bundan əvvəl müəllifin bir neçə kitabını oxumuşdum, amma bu əsər ayrı təsir bağışladı. Azərbaycanın dövlət müstəqilliyinin ilk 5-6 ilində siyasi proseslərin axarında tarixi hadisələri əks etdirən əsəri eyni zamanda avtobioqrafik roman da adlandırmaq olar.

Cəmiyyətdə adətən daha çox mükafat alan, səs-küy yaradan əsərlər oxunur ki, söhbət düşəndə mövzuya müdaxilə etmək imkanı olsun. Bəziləri ictimai yerlərdə intellektual səviyyəsini göstərmək üçün, hətta ancaq avtobusda, metroda, parkda, iş yerində və s. məkanlarda oxuyur, bəziləri sadəcə vaxt öldürmək üçün oxuyur. “Lo” isə vaxtı-zamanı diriltmək üçün oxunacaq əsərdir.

Ümumiyyətlə, mən bir romanı bir dəfə, çox bəyəndimsə bir müddət keçdikdən sonra ikinci dəfə də oxuyuram. Amma o əsərdə elə cümlələr olur ki, altını cızır, aylar, illər keçsə də yenə həmin kitabı əlimə götürdükdə o cümlələri bir daha nəzərdən keçirirəm, dəyərləndirirəm, bəlkə də həmin vaxt o cümlələrin təsiri həyatıma yön verməkdə mənə kömək olur. Bu o zaman gerçəkləşir ki, həmin kitabın müəllifi ilə bərabər mənim də həyat, zaman, məkan, insanlar, hadisələr və s. haqqında dünyabaxışım üst-üstə düşür.

Bu əsərdə də altı cızılası cümlələr, fikirlər çoxdur.

Əjdər Ol bu əsərdə əhatə etdiyi dövrdə Azərbaycan prezidentlərini - Ayaz Mütəllibovu, Yaqub Məmmədovu (prezident vəzifəsini icra edən), Əbülfəz Elçibəyi, Heydər Əliyevi təqdim etdiyi kimi, başqa dövlətlərin başçıları haqqında da oxucuya məlumatlar verir, bu həm oxucuya yeni bilgilər verir, həm də əsəri zənginləşir. Sovet dövründə dünya siyasəti, Sovet ittifaqının dağılmasına təkan verən hadisələr, dağıldıqdan sonrakı illərdə SSRİ-dən ayrılan dövlətlərin siyasi, sosial və iqtisadi durumu və bu duruma təsir göstərən amillər haqqında mülahizələr oxucuya maraqlı gəlir.

Romanda günü bu gün də hamının bildiyi, açıq söyləyə bilmədiyi həqiqətlər yer alır. O həqiqətlər ki, oxucunu ağrıdır, əsəbləşdirir və psixoloji gərginlik yaradır. İnsanlığın faciəsini nəql edən müəllif orada da oxucularına qarşı humanist davranır, hekayəni yarıda qoyub başqa mətləblərdən söz açır.

Bu romamda müəllifin ən böyük uğuru özünü olduğu kimi yazmasıdır. O özünü təsvir etmədən təqdim edir və oxucu əsər boyunca onu tanımağa başlayır – nə qəhrəman kimi, nə müsbət obraz kimi, nə də şişirdilmiş olaraq. Necə varsa elə – sədəlövhlüyü, mülayimliyi, bəzən soyuqqanlılığı, bir sözlə, zəif və güclü tərəfləri ilə...

Hadisələrə, hadisələri törədənlərə - tək-tək obrazlara münasibət təhkiyədə - birbaşa bildirilir və müəllif üçüncü şəxslərə münasibətində adı çəkilmədən öz obrazını yaradır. Oxucu onu tanıyır.

Romanda ölkədə gedən siyasi hərc-mərcliklər, Ermənistanda ardıcıl boşaldılan azərbaycanlı kəndləri, rayonları, dinc əhalinin ağır qaçqın-köçkün günləri, yolda ölüb-itənlər, girov götürülənlər, eləcə də sonrakı illərdə Dağlıq Qarabağın işğalı zamanı xalqın yaşadığı daha acınacaqlı müsibətlər haqqında məlumatlar bəzən statistik dəqiqlik səviyyəsində təqdim olunur.

Əsər boyu olmasa da, ara-sıra müəyyən səhifələrdə şair Əjdər Olu görə bilirik.

Bir-birini əvəz edən həyəcanlı, dəhşətli hadisələrdə Bakı küçələri bomboş, insanlar təlaş içində evlərə qapanıb televiziyadan hər an yenilənən acı xəbərləri izləməkdədirlər. Bakıda komendat saatı elan olunub. Şəhərin qorxulu, susqun və miskin küçələri ilə addımlayan qəhrəmanımız öz içində qışqırır: “Ey xəzrisi-gilavarı üzümü, sinəmi, kürəyimi şillələyən, bürküsü sümüyümü əridən, gecə-gündüz neft iyi burnumdan getməyən, daşına-divarına sürtünə-sürtünə hər künc-bucağına baş vursam da, heç vaxt axıra qədər tanıya bilmədiyim başıbəlalı, dəlisov şəhərim! Bağışla, yox, bağışlama, sənə yaxşı qardaş olmadım. Bir gecəni də əsirlikdən xilas edə bilmirəm.”

Haşiyə. Əsərin bu yerini oxuyandan sonra kitabı büküb bir kənara qoymuşdum. Orada zamanı dayandırıb xəyalən o küçədəki şair Əjdər Olu seyr etmişdim və bir şeirinin bu bəndini xatırlamışdım:

Könlümü vuruşa çıxarmışam mən,

Səf-səf, qoşun-qoşun kədərlə, qəmlə.

Mənim ürəyimin hər döyüntüsü,

Təzə bir hücumdur, yeni bir həmlə.

Əsər yazıçının özüdür. Müəllif özünü ancaq üzdən görə bilir – eynən güzgüdə gördüyü kimi, oxucu, mütəxəssis rəyi isə onu hərtərəfli təqdim edir.

Qeyd etmək gərəkdir ki, bəzən bir əsərin dəyərini nə müasir dövrün oxucusu, nə də tənqidçisi verə bilir. O əsərin dəyərinin qərarı gələcək nəsillərə aid olur. Çünki əsərlərin hansı şərtlər altında yazılmağı oxucu üçün önəmli deyil, oxucunun oxuduğu zamanda nə qədər önəmli olmasıdır. Bu əsər müəllifin müasirlərinin çoxunun bildiyi, bilib demədiyi və ya gizlində dediyi hadisələrlə bağlı olduğundan indiki oxucu üçün elə də böyük maraq kəsb etməyə bilər. Amma gələcək nəsillər üçün böyük bir tarixi mənbə rolunda çıxış edə bilər.

Həyatda elə şeylər var ki, yaşamadan bilmək olmur, onlardan ən birincisi elə insandır – insan yerinə, vəziyyətə görə dəyişən məxluqdur. Yəni insan arzuladığı, amma ola bilmədiyi qədər insandır. Kimlərinsə səhvi, başısoyuqluğu, məsuliyyətsizliyi, qəddarlığı, vecsizliyi səbəbilə yaranan problemlərə etdiyimiz etiraz bəlkə də tamamilə bizim səhvimizdir. Bəlkə o səbəbkarların yerində biz də olsaq, eynilə onların etdiyini edərdik, bəlkə də artığını... “LO” nun qəhrəmanlarını romandan bir-bir tarixə yola sala-sala bu fikirlərə gəlirəm.

Əsəri bitirdikdən sonra çıxıb Bakının “LO”ya şahidlik etmiş küçələrini bir daha görmək, o hadisələrdən bir xatirə, bir iz tapmaq istəyirəm. Amma dünyaya düşən virus “lo”su buna mane olur. Pəncərədən boylanan xəyallarım sol yaxamın altında bir qərənfillə Şəhidlər xiyabanına gedir...

# 2554 dəfə oxunub

Müəllifin son yazıları

# # #