İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi

İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi
3 dekabr 2020
# 18:22

İşğalından azad olunan rayonlarımızın Mərkəzləşmiş Kitabxana Sistemlərinin direktorları ilə onlayn videokonfrans keçirilib.

Dekabrın 3-də təşkil edilən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə reallaşan onlayn konfransın əsas məqsədi 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş və bu gün Azərbaycan ordusu tərəfindən azad edilən rayonlardakı kitabxanaların mövcud durumunu və onların qiymətli kitab fondlarının mühafizə vəziyyətini araşdırmaq və bu barədə beynəlxalq Kitabxana təşkilatı olan IFLA-ya müvafiq məlumatın verilməsindən ibarət olub.

Milli Kitabxanadan bildirilib ki, konfransda Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarının Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktorları, Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov və direktor müavini Ədibə İsmayılova iştirak ediblər.

Onlayn konfransı açan Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov konfrans iştirakçılarını salamlayaraq bu günlər Azərbaycan xalqının böyük qələbə sevinci içərisində olduğunu bildirərək bu qələbəni bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti və Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan ordusunun zabit və əsgərlərinə Milli Kitabxananın kollektivi adından, telekonfrans iştirakçılarının adından və bütün Azərbaycanın kitabxanaçılar ordusu adından öz təşəkkürünü bildirib.

Sonra isə işğaldan azad olunan rayonların mərkəzi kitabxanalarının direktorları çıxış edərək işğaldan azad olunan ərazilərdəki kitabxanalar barədə məlumat veriblər. Şuşa şəhərinin və Xocavənd rayonunun mərkəzi kitabxanalarının binaları istisna olmaqla, digər bütün işğaldan azad olunan rayonlarda rayon, şəhər, qəsəbə və kənd kitabxanalarının binaları tamamilə dağıdılaraq yerlə yeksan edilib, qiymətli kitab fondları isə talan olunaraq yandırılıb. Həmçinin işğaldan azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan 734 kitabxana və onların fondlarında olan 4.587.696 nüsxə qiymətli kitab və digər çap məhsulları tamamilə dağıdılıb, yandırılıb və talan olunub. Qeyd edilib ki, Şuşa şəhər Mərkəzi Kitabxanası Qarabağın görkəmli ziyalısı, şairi və rəssamı Mir Mövsüm Nəvvab tərəfindən 1897-ci ildə yaradılıb və həmin kitabxana açılarkən Mir Mövsüm Nəvvab öz əlyazmalarının bir hissəsini və Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvanın şeirlərindən və çəkdiyi şəkillərdən ibarət dəftərləri də həmin kitabxanaya hədiyyə edib. Hazırda həmin qiymətli hədiyyələrdən bu kitabxanada əsər əlamət qalmayıb, onlar ya yandırılıb, yaxud da xarici ölkələrə daşınıb. Qubadlı rayon Mərkəzi Kitabxanasında görkəmli el şairi Seyid Nigarinin qiymətli əlyazması da erməni vandalları tərəfindən məhv edilib. Bütün bu faktlar göstərir ki, erməni işğalçılarının əsas məqsədi Azərbaycan xalqına məxsus olan qiymətli sərvətlərin məhv olunması və bu bölgələrdə Azərbaycana məxsus izin tamamilə silinməsi olub.

Vurğulanıb ki, bütün bu vəhşiliklər barədə məlumatları beynəlxalq miqyasda ən nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan IFLA-ya təqdim etməklə erməni işğalından azad olunan rayonların kitabxana işçilərinin və bütün Azərbaycan kitabxanaçılar ordusunun haqq səsini bu beynəlxalq təşkilata çatdırmaq vacibdir.

Sonda bütün telekonfrans iştirakçıları 1992-1993-cü illərdə erməni hərbi birləşmələri tərəfindən işğal olunan və bu gün işğaldan azad edilən rayonlarda bir vaxtlar fəaliyyət göstərən kitabxanaların tamamilə məhv edildiyi və onların fondlarında mühafizə edilən qiymətli kitabların erməni vandalları tərəfindən talan olunaraq dağıdılması, habelə bütün şəhər və kənd kitabxanalarının binalarının yerlə yeksan olunduğu barədə məlumatların onların adından nüfuzlu beynəlxalq kitabxana təşkilatı olan IFLA-ya çatdırılmasını Milli Kitabxana rəhbərliyindən xahiş ediblər.

# 2110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #