Erkən nikah problemlərinə həsr olunan sərgi açılacaq

Erkən nikah problemlərinə həsr olunan sərgi açılacaq
24 fevral 2020
# 10:30

Fevralın 28-də “Artım” layihə məkanında multidistiplinar rəssam Elturan Məmmədovun “Müvafiq tədbirlər” adlı fərdi sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, rəssamın ilk fərdi sərgisi olan “Müvafiq tədbirlər” insanları dialoqa və ya heç olmasa reaksiyaya dəvət edən bir “provokasiyadır”. Sərginin adı kütləvi informasiya vasitələrinin şablon xarakterli mətnlərindən ilhamlanaraq götürülüb. Xüsusi olaraq bu sərgi üçün hazırlanan əsərlərin konsepsiyasının əsas inkişafı iki istiqamətdə aparılaraq, yerli media və Azərbaycanda erkən nikah problemlərinə həsr olunub.

Rəssamın toxunduğu yerli telekanallar mövzusu, əslində, daha geniş diapazonu əhatə edərək, şahidi olduğumuz dövrün dəyərləri, reallıqları/illüziyaları, arzuları və absurdlarından bəhs edir. Ekspansiyasız mövcud ola bilməyən kapitalizm quruluşunun insan kütlələri simasında böyük istehlakçı bazarı vardır. İstehsal strukturunun ayrılmaz hissəsi olan televiziya/media, istehlak prosesini istənilən halda, pozitiv və anlaşılmasında heç bir çətinlik olmayan "virtual" məhsul şəklində təqdim etmək məcburiyyətindədir. Bu fikirlərdən irəli gələrək, rəssam istehlak prosesini əksər televiziya kanallarında yayımlanan əsas verilişlər - xəbərlər, idman, hava proqnozu, teleserial - vasitəsilə açıqlayaraq, kitç mədəniyyətinin törəməsi olan strukturu kəskin tənqid edir.

İdeyanın açıqlanmasında lokal identiklik meyarını əsas alət kimi tutaraq, rəssam təqdim olunan teleproqramlara fərqli bucaq altında baxmağı təklif edir.

Bununla o, istehlakçı cəmiyyətdə formalaşmış hedonistik həyat tərzinə incə işarə edir.

# 2189 dəfə oxunub

Müəllifin son yazıları

# # #