Dostlarımın parçalarını traktorla gətirdilər - 14 yaşında müharibəyə gedən Qəqəninin gördükləri...

Dostlarımın parçalarını traktorla gətirdilər - 14 yaşında müharibəyə gedən Qəqəninin gördükləri...
3 sentyabr 2020
# 16:13

Kulis.az Günel Mehrinin "Yağışı sevmirəm daha" yazısını təqdim edir.

Qarabağ savaşının ən gənc könüllü döyüşçülərindən olan Qəqəni ləqəbli Razim Dəmirov haqqında sənədli hekayə.

Sizə müharibədən danışmaq istəyirəm. Özü də 14 yaşlı bir yeniyetmənin baxış bucağından görünən müharibədən. Yəqin indi düşünürsüz, Amerika kəşf etməyəcəksən ki. Müharibə bildiyimiz savaş meydanıdır da. Vuran var, vurulan var, ölən var, öldürən var, uduzan var, udan var. Amma yox... Hər şey bu qədər sadə olsaydı, nə vardı ki... Yaxın əyləşin. Sizə əsl müharibə həqiqətlərini açacam...

14 yaşımdan bu yana yağışı sevmirəm. O deyirlər e, nədənsə diksinərsən, bax eləcə diksinmişəm yağışdan. Ora gedənə qədər başqa uşaqlar kimi, mən də sevirdim yağışı. Kəndimizin yolunu-izini mühasirəyə alan yağış hər yeri yuyub təmizləyəndə elə bil göydən yerə nur ələnirdi, paklıq çökürdü . Bağça-bağlar daha yaşıl görünürdü bu “yuyunmaq”dan sonra. Hər yer yaşıl rəngdə qoxuyurdu - Ot-ələf, yarpız, nanə qoxuyurdu. Yəqin yağışı o həvəslə bir istidən cadar-cadar olmuş torpaq gözləyirdi, bir də biz uşaqlar. Çünki yağışın altında qaçıb-oynamaq varıydı işin ucunda. Üst-başımız palçıq içində olana kimi atlanıb-düşürdük. Yağış suyunu üz-gözünə vuran kim, gölməçələrdən hoppanan kimi, barmaqlarıyla damcıları yaxalamaq istəyən kim. Amma bilirdik... Bilirdik ki, bunun sonrasında yun çubuğundan yaxşıca kötək yemək vardı. Yaşpaltarlarla titrəyə-titrəyə evə dönəndə xəstələnib yorğan-döşəyə düşmək də vardı. Amma nə vecimizə? Öyrəncəliydik...

Sonra qorxulu yuxuların dəhşətli qəhrəmanı kimi o gəldi. Müharibəni deyirəm. Gələn kimi də heç bir ətirlə müqayisə olunmayan sərt qoxusu çökdü üstümüzə, oynadığımız həyətə, evimizin divarlarına, ağaclara. Hər səhər Günəşlə birgə bir qucaq qorxulu xəbərlə açılırdı. Görən bu dəfə kimin ailəsi başsız qaldı, kimin oğlu yaralandı, kimin adaxlısı əsir düşdü. Müharibə əvvəlki həvəslərimizin üstündən qalın xətt çəkə-çəkə gedirdi. Yağış həvəsimiz sübh çağında öləziyən dan ulduzu kimi göz vurub itmişdi. Ya da özümüz itirmişdik onu müharibənin dolanbac yollarında. İndi başqa həvəslərlə yaşayırdıq. Ordan – ön cəbhədən daha çox xəbər almaq, sonra uşaq ağlıyla planlar qurmaq. Ki, bir gün harda vuruşacayıq, necə güllə atacayıq... Və həmin axşamların birində qəti qərara gəldim. Əsgərlik yaşımı gözləməyəcəm. O vaxta kim ölə, kim qala. Qaş qaralan kimi veş-vüşümü toplayıb müharibəyə yollanacam. 14 yaşım vardı cəmi. Yaxşı yadımdadır, 92-nin yanvarıydı və bəlkə də həyatımın ən sərt qışıydı. Amma nə yaşımın azlığı, nə də soyuq-sazaq qabağımı kəsə bildi. Hamı yatandan sonra yola düzəldim. Arxamda da evdəkilər nigaran qalmasınlar deyə əl boyda bir kağız qoydum: “Məni axtarmayın. Müharibəyə gedirəm. Dörd oğlunuz var. Biri olmasın...”

Bilirdim ki, əmimoğlu Rafiq Şuşada döyüşür. Birinci səfər onun sorağıyla yola düzəldim. Amma olmadı. Laçın postundan “Uşaqsan” deyib geri qaytardılar. Atam ardımca gələndə başa düşdüm ki, iş işdən keçib. Evdə əməlli danlandım. Mənimki xam xəyaldır deyib, əlimi üzmüşdüm daha. Amma bir sabah yenə ümidləndim. Yadıma tarix müəllimim düşdü: Mehman Ələkbərov. Öz-özümə dedim ki, sən niyə dağa-daşa düşürsən ki? Müəllimin Tərtərdə o boyda könüllülər batalyonunun komandiridir. Elə bu fikir ağlıma gələr-gəlməz evdən ikinci dəfə qaçdım. Bu dəfə uzun müddətliyə. Düz 93-ün mayına kimi müharibə uşağı yox, döyüşçü uşaq oldum. Müəllimimin rəhbərlik etdiyi Gəncə ərazisində vuruşan könüllülər batalyonuna qoşuldum. Və orada yaşadıqlarım müharibənin kinolardan çox fərqli və nə qədər amansız olduğunu öyrənməyimə bəs etdi...

Ora yağışlı aylarda gedib çıxmışdım. Və o gün, bu gün, yağışla küsülüyük. Başqa vaxt həsrətlə yolunu gözlədiyim yağış qorxulu yuxularıma çevrildi. Elə bil bundan duyuq düşüb hər gün yağırdı zalım. Özü də gecədən səhərə qədər yağırdı, yağırdı və biz bütün gecəni onun ahəngi altında yatırdıq. Əgər buna yatmaq demək olarsa... Təsəvvür edirsiz, xüsusi örtüksüz, sığınacaqsız, filan açıq səmanın altında yağışın səsini dinləyirdik. Dəyişəyimiz də yox... Sonra o soyuqda taxta kimi bərkiyib bədənimizə yapışmış həmin yaş, palçıqlı paltarlarla vuruşurduq. Bax, müharibənin görünməyən sərt tərəfləri belə idi. Adi həyatda üstünə toz qondurmayan, gül kimi paltarlarla gəzib-dolaşan adamların orada palçıq içində yatıb-durması, hələ daha betəri, yağışın altında səhərə kimi postda dayanması... Hərdən qızınmaq üçün havaya bir-iki güllə sıxırdıq. Əllərimi buz kəsdiyindən avtomatı düz-əməlli tuta da bilmirdim. İndi də yadıma düşəndə tüklərim biz-biz durur. Damcılar bizi islatdıqca beynimizdəki yağış romantikası yuyulub gedir, yerinə damcı-damcı nifrət dolurdu. Müharibəyə, müharibəni kəşf edənlərə, yağışa nifrət etdikcə hiss edirdim ki, sürətlə uşaqlığımdan uzaqlaşıram. Yağış uşaqlığımı hər gün bir qırıq yuyub aparırdı. Orda yaşda hamısından kiçik idim. Ayağıma uyğun çəkmə də tapılmırdı. Neçə ölçü böyük ayaqqabı geyinirdim, içinə qat-qat qəzet qatlayıb qoyurdum ki, yeriyəndə çəkmə ayağımdan çıxmasın. Belə-belə şeylərə görə adımı “Malış” qoymuşdular. Elə bil istəmirdilər ki, uşaq olduğumu unudum. Sonra bir gün papaq paylayırdılar. Az idi deyə mənə çatmadı. Pis olmuşdum. Yoldaşlarımdan biri qəfil papağını zərblə mənə tərəf tolazladı. Amma zərbədən yıxılmadım. Dedi, yıxılmadın a, halaldır. Papağı verdim sənə. Sən elə o “7 oğul”un Qəqənisisən ki. Qürurlandım yaman. Düzü, onun sözləri ürəyimə yağ kimi yayıldı. Sonra bu söhbət batalyonda dilə-ağıza düşdü. Adım qaldı Qəqəni.

Hər açılan sabah ölümlə pəncə-pəncəyə gəldikcə döyüş yoldaşlarımdan kişi olmağı, həyatda kişi tək yaşamağı öyrənirdim. Başa düşürdüm ki, bir tək şalvar geyinməklə, əlində silah tutmaqla olmur bu işlər. Ölümün gözünün içinə dik baxmağı bacarmalısan. Məsələn, heç birimiz əsir düşmək istəmirdik. Əsirlikdə olanların başına gətirilənləri bilirdik axı... Hərəmizin xüsusi bir patronu vardı. Bəd ayaqda boğazımıza tuşlamaq üçün. Hə, bir də patronda saxladığımız sevgi məktubu vardı. Ürəyimizin ən gizlin sirlərini o məktuba köçürmüşdük. Birdən düşmən gülləsinə tuş gəlsək, ürəyimizdə nakam qalmasın... Sonra əsir götürməyin də dəmir qanunları vardı. Məsələn, erməni əsgərini əsir götürəndə, nə yalan deyim, dişimizlə didmək istəyirdik. Dinc əhali, qadın ya uşaq əsir düşəndə toxunmazdıq. Girovlarla dəyişirdik. Hətta bir dəfə heç yadımdan çıxmaz, Marquşavan tərəfdə üç yaşında bir erməni uşaq tapmışdıq. Bütün günü əlindən tutub gəzdirirdik. Sonra bizim əsirlərlə dəyişəndə bildik ki, anası döyüşçü qadınıymış. Orada öyrəndiyim yazılmamış qanunlardan biri də bu oldu. Müharibədə qadın-kişi anlayışı yoxdur. Döyüşçü var! Hə, bir də savaş meydanında hər an ən yaxınını itirməyi və qaldığın yerdən davam etməyi bacarmalısan. Dəhşətli anlardır. Göz yaşların boğazını kilidləyir. Udquna da bilmirsən. Gücün bircə tətiyə çatır. Bütün hikkəni barmaqların arasındakı silahın kiçicik tətiyinə tuşlayırsan, güc verirsən bağıra-bağıra: “Köpək uşağı, qıracam hamınızı. Hamınızı qıracam!”. Səsin silahların partlayış səsinə qarışır, batır, kallaşır, yadlaşır. Amma elə bil bir zərrə ürəyin soyuyur, bir damcı rahatlaşırsan. Gözünə ancaq bir şey görünür: nə olursa-olsun qabağa getmək, bir qarış daha torpaq qaytarmaq. Çünki qələbənin dadı heç bir başqa sevinclə müqayisə olunmayacaq qədər şirindir, cəlbedicidir.

14 illik həyatımda quş, mal-heyvan ölümündən başqa ölüm görməmişdim. Ora gedəli 3 ay idi. Güclü döyüş oldu. İtki verdik. Nə az, nə çox, düz 17 nəfər. 3 ay birlikdə çörək böldüyüm, sirlərimi paylaşdığım yoldaşlarımın cansız cəsədləri düşmən tərəfdə qaldı. Heç cür çıxara bilmədik. Belə danışanda bəlkə də adi gəlir. Bir təsəvvür eləyin, mən onların arzularını, xəyallarını bilirdim və bütün bu arzular gözümün qabağında güllələndi, palam-parça oldu, ovulub töküldü qum kimi barmaqlarım arasından. Və o an anladım ki, nə etsəm də, mane ola bilməyəcəm 17 nəfərin dünyasının gözlərim önündə gömülməsinə...

Günlər keçirdi, birtəhər barışırdım bu ağrıyla, dünən var olanların yoxluğuyla. Sonra leysanlı günlərin birində xəbər gəldi ki, əlimizdə olan 3 erməni girovuyla dəyişirlər bizim 17 nəfəri. Həvəslənmişdim. Heç olmazsa şəhidlərimizi urvatlı şəkildə torpağa tapşıra biləcəyik deyə. Amma “lapet”dən düşürtdükləri “brezent”in arasında yoldaşlarım yox idi... O “brezent”i qaldıranda uşaqlığım harasa uçub getdi. Yox, böyümədim, birdən qocaldım neçə yaş. “Brezent”dən vuran iylənmiş qan qoxusuyla insan ölümünü özüm üçün kəşf etdim ilk dəfə. Bu, həyatımda görüdüyüm ən dəhşətli mənzərəydi. Yox, məni qorxudan cəsədlər deyildi. Orda cəsədlər yoxuydu axı. Yoldaşlarımdan qalan parçalar varıydı: başlar, əllər, qollar, ayaqlar... Həmin an başım hərləndi, ya dünya bir az sürətləndi öz oxu ətrafında, bilmirəm. Yıxıldım. Dayanmadan qaytarırdım. Bir yandan da yağış aramsız yağırdı. Yox, ağlamırdım. Eləcə yanaqlarım boyunca axan yağış damcılarını silirdim, silirdim, amma onlar dayanmırdılar. Elə hey gözlərimdən sinəmə doğru axırdılar, axırdılar. Sonra özümü toplayıb “brezent”ə tərəf boylandım. Yoldaşlarım ordan “tapdıqları”nı bir-bir qruplaşdırırdılar. Kiminsə əlini, kimininsə ayağını tanıyırdılar. Həmin mənzərədən sonra gözümdə dağ kimi böyütdüyüm müharibə kiçildi, kiçildi və adiləşdi. Başa düşdüm ki, müharibə məhlə uşaqlarıyla hapa-gopa basdığımız cümlələrə, sözlərə sığmır. Tək kəlmə: yaşayan bilər! Hələ də üzləri gözümün qabağında, səsləri qulağımdadır. Dəmir kimi uşaqlar idi hamısı. Nur içində yatsınlar. Amma o gün brezentin arasına sığışdırılmış o nər kimi oğulların içində mənə daha doğma olan iki nəfər heç yadımdan çıxmır. Birinin adı Araz idi. Şəhid olmamışdan bir az qabaq icazə alıb kəndinə getmişdi nişanlısıyla görüşməyə. Sən demə, son görüşləri imiş... Hə, bir də yeddi bacının bircə qardaşı olan İsmayıl...

Orda olduğum müddətdə həyata baxışlarım dəyişdi. Başa düşdüm ki, savaş meydanında əsas ruh yüksəkliyidir. Qalan məsələlər ikinci plana keçir. Elə olmasaydı, “Həsənqaya” əməliyyatında 40 nəfər döyüşçü 170 nəfər erməniyə qan uddura bilməzdi. Elə bu ruh yüksəkliyi ilə çiyin-çiyinə verib Ağcakənd qəsəbəsini, Ağdərə rayonunu, Torpaqtəpə yüksəkliyini geri qaytardıq, 50-yə yaxın kəndi boşaltdıq. 92-nin iyulunda könüllülər batalyonu rəsmən ləğv edilənə kimi bərabər olduq. Sonra bizimkilərdən bəzilərinə qoşulub Gədəbəy tərəfdə vuruşan dəstədə kəşfiyyatçı oldum. 93-ün mayı idi ayağımdan yaralananda. Xəstəxanaya düşdüm. Və bununla da müharibə macərama üç nöqtə qoyuldu. Üç nöqtə deyirəm, çünki bilirəm, hətta əminəm ki, bir gün yenə yarımçıq qoyduğum o savaşa qayıdacam. Çünki bu, bizim nəslimizin savaşıdır. Ona biz nida qoymalıyıq. Müharibə uşaqlarının nəsli.... Ki, o dünyaya könül rahatlığı ilə gedək. Ki, bizim savaş övladlarımıza yadigar qalmasın.

Kap-kap-kap... Hmmm. Bu yağış da məni qaralayıb. Yenə yağır zalım. Deyəsən, heç kəsməyib axı o vaxtdan. 14 yaşımdan bu yana məni izləyir. Yağdıqca xatirələrim bir az da şəffaflaşır, dirilir. Elə bil dünən olmuşdu hər şey...

01.09.20.

# 6670 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #