Bu gün görkəmli dirijor Əşrəf Həsənovun anım günüdür

Bu gün görkəmli dirijor Əşrəf Həsənovun anım günüdür
9 avqust 2024
# 15:30

Bu gün musiqişünas, Xalq artisti, pedaqoq Əşrəf Həsənovun anım günüdür.

Kulis.az xəbər verir ki, görkəmli dirijorun vəfatından 41 il ötür.

1909-cu il yanvarın 24-də Nuxada (indiki Şəki şəhərində) anadan olan Əşrəf Həsənov 1927-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfində, 1933-1938-ci illərdə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfində təhsil alıb. Eyni zamanda, 1938-1950-ci illərdə Azərbaycan Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik edib. 1932-ci və 1938-1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dirijor işləyib. O, həmçinin 1949-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Opera hazırlığı şöbəsinə rəhbərlik edib.

Ə.Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında "Leyli və Məcnun", "Koroğlu" (Üzeyir Hacıbəyli), "Aşıq Qərib" (Zülfüqar Hacıbəyov), "Şahsənəm" (Reynqold Qlier), "İvan Susanin" (Mixail Qlinka), "Knyaz İqor" (Aleksandr Borodin), "Qaratoxmaq qadın", "Yevgeni Onegin", "İolanta" (Pyotr Çaykovski), "Qar qızı" (Nikolay Rimski-Korsakov), "Su pərisi" (Aleksandr Darqomıjski), "Aleko" (Sergey Raxmaninov), "Traviata", "Aida" (Cüzeppe Verdi), "Karmen" (Jorj Bize) və s. kimi Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə dirijorluq edib. O, bir çox dünya ölkələrində qastrol səfərlərində olub.

Görkəmli dirijor Əməkdar incəsənət xadimi (1940), Xalq artisti (1959) fəxri adları ilə təltif edilib.

Qeyd edək ki, Əşrəf Həsənov 1983-cü ildə Bakıda vəfat edib.

# 510 dəfə oxunub

Müəllifin son yazıları

# # #