Dodaqların əriyən şamdır - Yeni şeirlər

Dodaqların əriyən şamdır - Yeni şeirlər
23 iyun 2021
# 18:03

Kulis.az Mücirəddin Mübarizin yeni şeirlərini təqdim edir.

Sən ağla, tarım, məni
(gənc tarzən şəhid İsizadə Elvinin əziz xatirəsinə)

Bir gün toxunmayanda inciyərdi tellərin,
Hərdən getməzdik yola, köklənməzdin sən qəti...
Qollarında Vətən var səni tutan əllərin –
Doğulmamış o körpə bəstələr əmanəti,
Ömür bir hava kimi saxladı yarım məni:
Sən ağla tarım məni...

Mərmi hirsini məndə soyutdu, ayrı düşdük,
Muma döndü sinəmdə düşmənin hər gülləsi...
Din, ey tarım, astaca bəlkə bir də görüşdük –
Eşitmişəm o günü Şuşadan gəlmiş səsin,
Gözlərində qurutsa soyuq məzarım məni:
Sən ağla tarım məni...

Barmağımda simlərin nəğmə dolu izi var,
Mizrabını könlümün yara qabığı bildim...
Yerin elə gəlib ki, yanımdadır Xudayar –
"Xəndan görünür" deyir, yaman həvəsə gəldim,
Daha gül qoxuyuram, açmaz baharım məni:
Sən ağla tarım məni...

Bir onu bilirəm ki...

Unutmağı bacarmır səni sevən bu fərsiz,
Hərdən yada düşürsən, göynəyir yaddaş yerim...
Məni sənə aparır hər yol, hər cığır, hər iz,
Könlümün indi əziz düşməni öz gözlərim –
Bir onu bilirəm ki...

Mən də baxar kor kimi göz dikirəm bir yerə,
Gözlərimin önündən arzular keçib gedir...
Ümidlər parçalandı, dönüşdü zərrələrə,
Ömür-gün yas içində, taleyim köçüb gedir –
Bir onu bilirəm ki...

Bu payız havaları içimə elə hopdu,
Səndən gələn bu hicran saralsaydı nə dərdim...
İsmin çəkilən yerdə köksümdə ağrı qopdu,
Hər aldığım nəfəsi sonuncu dəfə dərdim –
Bir onu bilirəm ki...

Gecəmə gecə qatır yuxu qovan fikirlər,
Şam işığı qəlbimi misra-misra əritdi...
Torpağa açılacaq Tanrı bilən bu sirlər,
Sevəndə uşağıydım, ayrılığın böyütdü –
Bir onu bilirəm ki...

Ömrümə yolun düşə...

Tanrının hədiyyəsi gözlərimə göz ağrın,
Onun üçün mən səni xəyalda əzizlədim...
Ağ bulud yağış ola, torpağın yara bağrın,
Başımı quşlar kimi qanadımda gizlədim –
Üstümə dolun düşə...

Nə müqəddəs bir hissdir dərin-dərin nəfəslər,
Tələsir dayanmağa ürəyimin saatı...
Gəlişinə qurbanam qucaq dolu həvəslə,
Qar altından çiçəktək baş qaldıra həyatım –
Ömrümə yolun düşə...

Anasız uşaq kimi qucaq çəkib torpağa,
Bir ümidin qoynuna sığındı dərd-sər balan...
Sənsiz bədən yetmədi bir ruhu yaşatmağa,
Öləsən gecəyarı, çəkmən də yetim qala –
Yataqdan qolun düşə...

Bir sən məni xatırla

Qoyar yol ayrıcında bu vaxt, bu zaman bizi,
Bir gün kəsər səsini göz yaşı yağışların...
Qanadlarının altı gecələr ana dizi –
İşıq dirəklərində yuxulayan quşları
Görsən, məni xatırla...

Ocağı sönən hisslər qaynayır da, daşır da,
Qarışmaz təbəssümə ürəyinin göynəyi...
Xəyal baş alır, görsə əlləri çamaşırda –
Zümzümə sədasıyla balaların köynəyin
Sərsən, məni xatırla...

Canın canı yansa da, qəsdlər könüllərdədir,
Qurtarmadı nədənsə imdadım, dadım məni...
Ən uca abidələr, büstlər könüllərdədir –
Unutsun daş üstünə yazılan adım məni,
Bir sən məni xatırla...


Gözümün ürək sözü

Ay dodağı yer çatı, yanağı bulaq gözü,
Gözümün ürək sözü.
Sol çiynim şamlar kimi sanki əriyib axır,
Əlim qoluma ağır.
Ən ağır darıxmağa adam elə yoluxar,
Ayaq altdan yol axar –
Susuzluğu yanana su səsidir gülüşün,
Harda qaldı gəlişin?

Ümidlərin gəmisi ilğım sularındadır,
Düzün ortasındadır.
Dəniz olaram sənə, ürəyimi sən üzsən,
Səhrada ada gəzsən.
Sərinlər için elə, hərdən daşa da sirr gəl,
Həsrətini əsirgə –
Eşqin boş mərmisinə adını da yazmışam,
Gözlərimdən asmışam...

Adamlar unudanda öncə səs unudular,
Şəkillər sona qalar.
Xatirələr yaddaşa dağılmış arı kimi,
Göynədir sarı simi.
Necə güllə hirsini bir sinədə soyudar,
Atıl canımı qurtar –
Öldürsən sevda ilə yaşamağı öyərəm,
Yenə gülümsəyərəm...

Sənə yazılan şeir qaranquş yuvasıdır,
Yaxşı eşq havasıdır.
Bax hörümçək toruna şeh düşəndə, əzizim,
Duyğumuz elə bizim.
Dünən axşam Günəşin batışını seyr edib,
Bir az da fikrə gedib –
Mən də gizlənmək üçün dağ gəzdim arxasında,
Üfüqün yuvasında...

Gülüşünü götür gəl

Pəncərəmin pərdəsi kipriklərin göz oxşar,
Gözlərinin üstünə endirəndə sev endir...
Qarşımızda çox eniş, hələ bir çox yoxuş var,
Gəlişinlə yolüstü yolları da sevindir,
Yerişini götür gəl...

Güldürmək asan deyil təpiyən dodaqları,
Ürək adlı saatım bir tək öləndə dursun...
Ömür gül-çiçəkdisə, eşq şirə çəkən arı,
Üzə qonan təbəssüm uçmasın, yuva qursun,
Gülüşünü götür gəl...

İllərdi sınaqdadır, qınaq məndən kənardır,
İsmim çəkilən yerdə söz düşər, şeir bitər...
Qovuşsan səadətə, qarlı qış da bahardır,
Bir gün misra olmağa yaxın dayan söz qədər,
Duruşunu götür gəl...

Mənim gizli sirdaşım

Qoxla körpələrini ciyərinə yayılsın,
Huşsuz hissin ayılsın.
Gözlərində gülüşü cild-cild dərc elə,
Sat ağrını, xərc elə.
Pəncərən ağlayanda qoşulma buludlara,
Bax çırpınan quşlara.
Xəyalları səfərdə yağan yağışa baxma,
Axma, yollara axma...

Arzulara ayaq aç , diləklərin üstə get,
Sevinci təsəvvür et.
Saçını daramağa ayna gəzsin həvəsin,
Əllərin inciməsin.
Edam eyləyir məni könlündə düşən yasın,
Qaşların çatılmasın.
Səni xoşbəxt görəndə göyərir qara daşım,
Mənim gizli sirdaşım...

Bil, köksündə acılar bir gün tufan qoparsa,
Uçar nəyim vardısa...
Gülüşlərin dağların əridər qarın, qalmaz.
Sən güldüyün gündü yaz.
Ürəyini buz kimi, yuvanı isti saxla,
İsin evlə, otaqla.
Yad olma bu həyata, alış, darıxmayasan,
Bilirəm, deyil asan –
Çalış darıxmayasan...

İllərin yorğunluğu gözlərində mürgülər,
Baxışın dərd sərgilər.
Tutub göyə çıxası içində yağan dolu,
Yanağın Araz qolu.
Günəş də qaşlarına yas saxlayır bəlkə də,
Dünya qalıb kölgədə.
Ürəyinin yanğısı ovucumu tərlədir,
Necə də qəribədir...

Əllərin toxunan gül çiçək açar fəsilsiz,
Barmaqların misilsiz.
Üzündə təbəssümü görmək arzum səfərbər,
Dodağın ümid kəsər.
Gülsən, zülmət otağa elə bil ki, gün düşər,
Könül açar gülüşlər.
Dəryalar xəfif mehdən dalğalanmaz, əzizim,
Sakitləş, ay dənizim...

Misralar kəpənəktək işığına yığışar,
Düşüncələr dağılışar.
Salıb ömürdən belə illəri pərən-pərən,
Axtarma, yoxdur görən.
Bu günlər, gələcəklər zamanla vidalaşır,
Gün qaynayır, vaxt daşır.
Yorulub çiyinlərin dizlərinə düşməsin,
Yer göyə birləşməsin...


Qəlbimin haray səsi

Günəşə qapı açmır pəncərəmin pərdəsi,
Kəsdin ümidlərimi məni zülmətdə qoydun...
İçimi silkələdi qəlbimin haray səsi,
İşıq dirəklərində donan quşlar da duydu –
Bir tək sən eşitmədin...

Bilsəm mənzilin hara, hardan gəlib keçirsən,
Dönəm bir qərib daşa yollarında don durub...
Mənimlə qəsdin nədir? Axı neyləmişəm mən?
Gözlərimin yaşını yanağımda dondurub –
Dağları üşütmədin!

Sənə dünya doğmadı, mənə köhnə bir tanış,
Arzuların qoynunda qəbirdə neçələri...
O qız xəyallarında arada yerdən danış,
Sən şəhərdə şah yolu, mənsə kənd küçələri –
Mənimlə kəsişmədin...

Doğulmaq ölümlə var

İnsan torpaq qidası udmada məzar-məzar,
Doğulmaq ölümlə var.
Varlığı varlıq edən yoxluğu varlıqların,
Gecələr intizarın.
Qorxulu bir röyadan həyacanla oyanmaq,
Ürəklə bir dayanmaq.
İçin heç kiriməsə laylasız bir uşaq tək,
Demə bir gün gələcək...

Fəlsəfi düşüncələr dar günün dostu olar,
Adam özün unudar.
Gərək xəyal evindən ayağını kəsəsən,
Həyatda tələsəsən.
Vətən kimi bölünə könlün yaralı çayda,
Kəsin qala o tayda.
Ağlının bir küncünə qısıla səbir daşın,
Qanasa da yaddaşın...

Əvvəli-son ömürdə hər şey əksik, heç nə tam,
Dodaqlar əriyən şam.
Ağrıdan ovuclarda bir ürək var sıxılmış,
Vurulmamış, çıxılmış.
Ümid sərt uçurumda bir köməksiz qalan kəs,
Əks-səda verir səs.
Yaşamaq qırıq-qırıq xətlər kimi düzəlir,
Nəfəs də süni gəlir...


Axtarır gözüm səni

Mən işıqlı dünyanın qaranlıq tərəfiyəm,
Nəsə yoxdu görünə gözlərimə zər kimi...
Həyacanı, təlaşı içimdən keçirirəm,
Kor adamın əlləri çəliyi gəzən kimi –
Axtarır gözüm səni...

Sağalaram bəlkə də, xəstəmdi, ölür, desən,
Baş da kəsilə, azdı könlümün yarasından...
Ünvanını bilirəm, ünvanında özgəsən,
Gah ilğım axışında, gah bulud arasında –
Axtarır gözüm səni...

Ürəyim gözlərimin işığına qan verir,
Unutmuşam özümü yadıma çox düşəsən...
Düz xətt olur həyatım, saniyələr can verir,
Mənim canüstə olan sonuncu ümidimsən –
Axtarır gözüm səni...

Yenə sənə yazıram, istəsən oxuma da,
Qoy elə öz içindən doğranım dilim-dilim...
Səndən çox nigaranam, gəlmirsən yuxuma da,
Arada gözlərimə görün ki, rahat ölüm –
Axtarır gözüm səni...

# 2692 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #