Bakıda "Heç bir şeir şairini sevməz" sərgisi təqdim oluncaq

Bakıda  "Heç bir şeir şairini sevməz" sərgisi təqdim oluncaq
9 mart 2020
# 10:11

Martın 18–dən iyunun 14-dək “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Fərid Rəsulovun "Qurban olum" və Amsterdamda yaşayan, kürd əsilli rəssam Ahmet Öğütün "Heç bir şeir şairini sevməz" sərgiləri təqdim olunacaq.

Kulis.az xəbər verir ki, “YARAT”ın təsisçi rəssamlarından olan Fərid Rəsulov, incəsənət məkanına müqəddəs Qurban bayramına həsr olunmuş əsəri ilə qayıdır. Bu bayramın qeyri-iradi olaraq təmsil etməyə başladığı xəsislik və israfçılığı şübhə altına qoyaraq, rəssam daim inkişaf edən müasir dövrümüzdə qədim təcrübənin yenidən nəzərdən keçirilməsinə həvəs oyatmaq üçün absurd, satira və qrotesk üsullarından istifadə edir. Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri və film daxildir.

Daha əvvəl Azərbaycanı 53-cü və 55-ci Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil edən Fərid Rəsulov həm Azərbaycan, həm də daha geniş Şərq ənənələrinə həsr olunmuş əsərləri ilə məşhurdur. O, rəssamlıq, instalyasiya, animasiya, heykəltəraşlıq və 3D qrafikası da daxil olmaqla müxtəlif vasitələrlə işləyir və əsrlərboyu dəyişməyən bu ənənələrə xas olan idealların doğruluğunu əks etdirən xalq sənətkarlığı və mərasimlərindən ilham alır.

Fərid Rəsulov “YARAT”da nümayiş ediləcək sərgisi üçün başlanğıc nöqtəsini müsəlmanların əsas bayramı sayılan Qurban bayramından götürür. İbrahim Peyğəmbərin öz oğlunu Allaha qurban verməyə hazır olduğunun rəmzi olaraq, qurbanlıq heyvan ənənəvi olaraq qohumlar, qurban kəsənin öz ailəsi və ehtiyacı olanlar arasında bölüşdürülür. Lakin son zamanlar bu paylaşmaq ənənəsi status və sərvət göstəricisinə çevrilmişdir. Fərid Rəsulov “Yuxuların yuxusu” adlı yeni filmində xəstəxana palatasında canlandırılan dramatik və eyni zamanda, gülməli süjet yaradır. Filmdə iki həkimin bayram münasibətilə paltar geyindirilmiş bir qoyunu parçalayarkən, üzərindəki çoxlu zinət əşyalarını onun bağırsaqları ilə qarışdıraraq söhbət etdiklərini görmək olar; eyni zamanda, həm olduqca məzəli, həm də istehzalı olan bu səhnə bu mərasimlə əlaqələndirilən absurd maddiyyatçılığa diqqəti çəkir.

Ahmet Öğütün sərgisinə isə iki yenicə yaradılmış, xüsusi olaraq məkana uyğunlaşdırılmış "Heç bir şeir şairini sevməz" (No poem loves its poet) və "Müəssisələrdə məskunlaşmış canlı varlıqlar" (Living Beings Squatting Institutions) adlı video və heykəltəraşlıq texnikalarını əhatə edən əsərlər daxildir. Ahmet Öğütün əsərləri tarix boyu bəşəriyyətin tətbiq etdiyi, həm canlı varlıqları, həm də mədəniyyətləri bir-birindən ayıran fiziki və sosial hüdudlara müraciət etməklə, bu maneələrin nəticə etibarilə tam olaraq nüfuz edilə bilən durumlarda olmasını göstərir.

"Heç bir şeir şairini sevməz" videoinstalyasiyası, öz adını rəssamın Bakının hazırda sökülməkdə olan tarixi Sovetski məhəlləsinə səfəri zamanı qarşılaşdığı qraffiti əsərindən götürüb. "Sub-Botnick" (Ahmet Öğüt və Maru Muştriyeva) duetinin bəstələdiyi orijinal musiqinin daxil olduğu geniş LED modullu ekranda təqdim olunan bu video, Bakının mərkəzi məhəllələrini əhatə edən, hündürlükdən çəkilmiş kadrları göstərir. Dağıntılar arasında, əvvəllər Sovetski məhəlləsindən keçən, əlində "Tolstoy küçəsi" yazılmış lövhəni saxlayan iki itkin düşmüş stüardessaları görmək olar.

Qeyd edək ki, sərginin kuratorları Mari Spirito (Protocinema) və Suad Qarayeva-Malekidir.

# 1968 dəfə oxunub

Müəllifin son yazıları

# # #