Azərbaycanlı fotoqrafın xatirəsinə həsr olunmuş sərgi açılır

Azərbaycanlı fotoqrafın xatirəsinə həsr olunmuş sərgi açılır
27 avqust 2021
# 17:42

“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Bakıda ilk dəfə keçirilən I Küçə Fotoqrafiyası Festivalı çərçivəsində, məşhur fotojurnalist, Azərbaycanın ən yaxşı müasir fotoqraflarından olan Fərid Xayrulinə (1947-2020) həsr olunmuş xatirə sərgisi açılacaq.

Tədbir "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “İçərişəhər” Muzey Mərkəzi, Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİHM), həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin birgə dəstəyi ilə həyata keçiriləcək.

Avqustun 30–dan sentyabrın 5-dək Şirvanşahlar Sarayı Kompleksinin birinci həyətində baş tutacaq xatirə sərgisində, fotoqrafın şəxsi kolleksiyasından olan 40-dan çox əsəri nümayiş olunacaq.

Fərid Xayrulin, bütün yaradıcılıq fəaliyyəti ərzində, ölkəmizin fotosalnaməsini yaradıb. O, dünyanın bir çox ölkələrində baş verən mühüm beynəlxalq hadisələri işıqlandırmaqla, çoxsaylı xarici səfərlərdə fotoreportajlar hazırlayaraq, daim coşqun hadisələrin mərkəzində olmuşdur. Fərid Xayrulin, qaynar nöqtələrdə o cümlədən Şuşada, Xankəndidə, Ağdamda, Xocalıda olub, onun kadrları 20 Yanvar faciəsini əks etdirib. Xayrulin TASS və Reuters daxil olmaqla, bir çox tanınmış xəbər agentlikləri ilə sıx əməkdaşlıq edib.

Fərid Xayrulin Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Fotoqrafları Birliyi və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Həsən bəy Zərdabi adına mükafatın laureatı, "Humay" mükafatının birinci laureatı, "Qızıl Arqus" mükafatının və çoxsaylı respublika və xarici fotosərgilərin mükafatlarının sahibidir. Onun fərdi sərgiləri dünyanın bir çox ölkələrində, o cümlədən Rusiya, Mərakeş, Çin, İran, İsveçrə, Almaniya, Kuba və Meksikada keçirilib. O, SSRİ Fotorəssamları İttifaqının İdarə Heyətinin və SSRİ Jurnalistlər İttifaqının üzvü olub. Fərid Xayrulinin əsərləri Almaniyada, İsraildə, ABŞ-da, Böyük Britaniyada, Rusiyada və digər ölkələrdə dövlət və özəl qalereyaları bəzəyir.

Onun “Neftin haqqı” adlı ekoloji silsiləsi Böyük Britaniya XİN Ekologiya Departamenti nəzdindəki muzeyə daxil olan fotoqrafiya sənətinin ilk əsəri olub, bundan əvvəl orada yalnız rəsm əsərləri nümayiş etdirilmişdir.

F. Xayrulin bir sıra kitab və nəşrlərin müəllifidir. "Azərbaycan mənim səxavətli diyarımdır", "Şahdəniz", "Müasir Azərbaycan memarlığı", "Xocalı soyqırımı" və s. bədii və tarixi nəşrləri onun illüstrasiyaları və əsərləri bəzəyir. Onun əsərləri mütəmadi olaraq böyük şəhərin reklam lövhələrində və kütləvi informasiya vasitələrinin səhifələrində görünür.

Sərgi çərçivəsində fotoqrafın xatirə axşamı da keçiriləcək. Axşamda Fərid Xayrulinin həmkarları, dostları və ailə üzvləri iştirak edəcəklər.

# 1760 dəfə oxunub

Müəllifin son yazıları

# # #