Aşıqlar Birliyinin yeni audiodiski hazırlandı

Aşıqlar Birliyinin yeni audiodiski  hazırlandı
8 fevral 2021
# 13:45

Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən hazırlanmış növbəti audiodisk işıq üzü görüb.

Bu barədə Kulis.az-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, son dövrdə bir sıra aşıqların ifalarından ibarət audiodisklər buraxdıran birlik bu dəfə ustad aşıq, Əməkdar mədəniyyət işçisi Umbay Axundovun yaradıcılığına müraciət edib. Anadan olmasının 80 illik yubileyinə töhfə kimi hazırlanan diskdə ustadın ifasında müxtəlif aşıq havaları yer alıb.

Xatırladaq ki, Umbay Axundov 1940-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub. Sənətin sirlərini Dədə Şəmşir və Mais Gəncəli kimi ustad aşıqlardan alıb. Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. 1987-ci ildə Aşıq Ədalət Axundovla birlikdə söylədiyi “Şah İsmayıl və Gülzar” dastanı videolentə alınaraq Azərbaycan Dövlət Televiziyasının Qızıl Fonduna daxil edilib. 1989-cu ildə Moskvada “Melodiya” firması tərəfindən onun iki qrammofon valı buraxılıb. Bədii yaradıcılıqla da məşğul olan Umbay Axundovun indiyədək “Laçında dillənən saz” (1989) və “Mən hələ yaşadım” (2012) adlı iki şeir kitabı nəşr olunub.

# 1979 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #