Adların alın yazısı - Anardan yeni şeirlər

Adların alın yazısı - Anardan yeni şeirlər
13 fevral 2021
# 17:30

Kulis.az şair Anar Aminin yeni şeirlərini təqdim edir.

Baş qoyub yatacam Vətən yuxumu

Nə yaxşı, Yaradan dilimi açar,
nə yaxşı, ağzımı kilid eləyib.
Naümid şeytandır, axtaran tapar-
Bir gün tapmağıma ümid eləyib
bəlkə də, min ildir, axtarıram mən,
hələ də tapmıram itən yuxumu.
Bəlkə, son sözümü sənə deyəcəm!
Sonra da can verib bu torpaq üstə
baş qoyub yatacam Vətən yuxumu.

Bəlkə, daş yuxusu olub hardasa,
bəlkə, bir büst kimi tişələnibdir?!
Bir çeşmə başında zoğ verib, bəlkə,
bir çay sahilində rişələnibdir.
Bəlkə də, bəlkə də, sən gül bilmisən,
bir göl qırağında bitən yuxumu.
Bir gün son sözümü sənə deyəcəm!
Sonra da can verib bu torpaq üstə
baş qoyub yatacam Vətən yuxumu.

Bir göl qırağından o gül yuxumu
dərmisən... atmağa əlin gəlməyib...
O kənd sənin kimi gəlin görməyib,
o kəndə sənintək gəlin gəlməyib.
Sənin əllərində, sənin evində,
gül sanıb, qoxlayıb, yetən yuxumu.
Bəlkə, son sözümü sənə deyəcəm!
Sonra da can verib bu torpaq üstə
baş qoyub yatacam Vətən yuxumu.

Bu sevgi, bu tale, bu həsrət ki var,
hərəni bir yana... atdıra bilər.
Heç nə istəmirəm, səninlə birgə
kim məni arzuma çatdıra bilər?
Kim geri qaytara bilər, görəsən,
ötən günlərimi, ötən yuxumu?..
Bir gün son sözümü sənə deyəcəm!
Sonra da can verib bu torpaq üstə
baş qoyub yatacam Vətən yuxumu!.


Allah, bu küləkdən gül iyi gəlir

Kiminsə çörəyin yeyib, bəlkə də,
kiminsə çayından içib gələndə.
Lap uzaq bir kənddən bizim bu kəndə
ev-ev, daxma-daxma keçib gələndə
bir qazan aşırıb, ocaq söndürüb...
İslanmış köz iyi, kül iyi gəlir!
Elə bil bir yazın içindən keçib,
Allah, bu küləkdən gül iyi gəlir.

Bəlkə, bir arıçı körpəsinin bax!
Beşiyin sındırıb, beşiksiz qoyub.
Arı yeşiklərin vurub dağıdıb,
nə qədər arını yeşiksiz qoyub?
Nə qədər pətəyi qırıb görəsən?
Torpağa qarışmış bal iyi gəlir...
Elə bil bir yazın içindən keçib,
Allah, bu küləkdən gül iyi gəlir.

Bəlkə də, nə qədər yovşanla dolu,
dovşanlar otlayan çöllər görübdü.
Gecə qaranlığda, ay işığında
göz kimi görünən göllər görübdü.
Bir çay sahilində mamır tutmayan
axarlı-baxarlı göl iyi gəlir...
Elə bil bir yazın içindən keçib,
Allah, bu küləkdən gül iyi gəlir.

Alnının tərini soyudub, bəlkə,
saçını oxşayıb, telindən öpüb.
Yolüstü, bəlkə də, bir dulusçunun,
Əyilib adamtək əlindən öpüb!
Əlini öpdüyü o usta kimdi?
Təzəcə yoğrulmuş gil iyi gəlir!
Elə bil bir yazın içindən keçib,
Allah, bu küləkdən gül iyi gəlir.

Bəlkə, bir çobanı büdrədib, yıxıb,
bəlkə, bir çobanı tütəkdən edib.
Bəlkə də, bir əli ümiddən üzüb,
bəlkə də, bir əli ətəkdən edib...
Bir çobanaldadan yağışdan sonra
gün vurub təpitmiş... yol iyi gəlir!
Elə bil bir yazın içindən keçib,
Allah, bu küləkdən gül iyi gəlir!

Adların alın yazısı

Gördülər, həmişə meyxoş haldayam,
meylər oğulluğa götürdü məni.
Yerlər yiyə durub sahib çıxmadı,
göylər oğulluğa götürdü məni.
And olsun, bu yaşıl tut ağacına,
Barından ən yaxşı şərab çıxmağı
tutların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah!

Nə yaxşı, böyüyüb qoyun olmadı...
Nənəmin... bir mələr quzusu vardı.
Nənəm nə biləydi, bizim həyətdə,
hansısa bir qurdun ruzisi vardı?
İnsanın, heyvanın, ağacın, quşun...
Küllü-kainatda elə hər şeyin,
hər şeyin bir alın yazısı vardı.
...Hansısa divara, hansısa daşa,
hansısa bir vaxta necə düşməyi
çatların alnına yazıbdı Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah!

Arandan yaylağa köç edən çoban,
yurd tutar, yurd salar, yurd, yuxusunda.
Otlar yuxusunda quzu görərlər,
quzular qurd görər, qurd, yuxusunda.
Mal-heyvan səsinə bu yaz səhəri,
diksinib yuxudan sərsəm durmağı...
Otların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
Atların alnına yazıbdır Allah!

Nə yaxşı, Allahı dərk etmək üçün...
Deməyə sağlıq var, içməyə mey var.
Gəlin, badə-badə düşünək, niyə?-
Başımız üstündə yeddi qat Göy var;
Yerdə də, Göydə də qat-qat olmağı,
qatların alnına yazıbdı Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah!

Nə qədər qorxu var bu Yer üzündə;
Yaxın qorxusu var, yad qorxusu var.
Hələ də üzümdə ötkəm atamın,
o cod əllərinin cod qorxusu var.
Yerdə, Yupiterdə, Uranda, Marsda -
külli-kainatda yana biləcək
hər şeyin canında od qorxusu var.
Bir göz qırpımında bax, göz görəni,
necə yandırmağı, necə yaxmağı
odların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
atların alnına yazıbdır Allah!

Sevinc oxşarlığı, dərd oxşarlığı,
kədər oxşarlığı vardır hər kəsin.
Tale oxşarlığı, bəxt oxşarlığı,
qədər oxşarlığı vardır hər kəsin.
Bütün olanlara, olacaqlara,
ələstə dediyim o "BƏLİ" haqqı,
Ağıllı dayanıb fikirləşincə
çayı vurub keçən o dəli haqqı,
alın yazısını adamların yox,
adların alnına yazıbdır Allah.
Atları görəndə alnından öpün!
Babam deyərdi ki, xeyir xəbəri,
Atların alnına yazıbdı Allah!.


"Niyə" sual deyil,
bəlkə, taledir.

Mənə "gəl-gəl" deyən iki ümid var:
Kölgədə biridir, gündə biridir.
Nə bilim, bəlkə də, bu gördüklərim
görəcəklərimin mində biridir?
Hələ çox şeylərə məəttəl qalıb,
hələ çox şeyə göz döyəsiyəm mən.
Bir vaxt bir vüsala ümid edərdim,
indi bir həsrətin yiyəsiyəm mən.

Bəlkə də, bəlkə də, bu Yer üzündə,
dünyaya gəldiyin ölkə taledir?
Niyə belə oldu, görəsən, niyə?
"Niyə" sual deyil, bəlkə, taledir?
Bir eşqin cavabsız "nəyə görəsi"
bir eşqin cavabsız "niyəsiyəm" mən.
Bir vaxt bir vüsala ümid edərdim,
indi bir həsrətin yiyəsiyəm mən.

Gözünün üstünə düşən telləri
gözünün üstündən qıraq eləyib,
sığayıb qaşını baş barmağımla
əlimi saçına daraq eləyib
nə səni bir daha tərifləyəsi,
nə səni bir daha öyəsiyəm mən.
Bir vaxt bir vüsala ümid edərdim,
indi bir həsrətin yiyəsiyəm mən.

Bəlkə, bir sözün var, mənə deyəsi,
bəlkə, bir sözün var, mənə yazası?..
Mən elə bilirdim, şeirlərimi,
Sənə üz tutası, sənə yazası,
elə ancaq sənə pıçıldayası,
elə ancaq sənə deyəsiyəm mən.
Bir vaxt bir vüsala ümid edərdim,
indi bir həsrətin yiyəsiyəm mən.

Hardasa adamın qəfil rastına
düşmən gələ bilər, dost gələ bilər.
Dağ dağa rast gəlməz, insan insana
hansısa bir yerdə rast gələ bilər...
Həyatdı, haçansa üz-üzə gəlsək,
bəlkə də, xətrinə dəyəsiyəm mən.
Bir vaxt bir vüsala ümid edərdim,
indi bir həsrətin yiyəsiyəm mən.

Nə sözüm vardısa, şeirə dönüb,
nə bilim, bəlkə, beş-on sözüm qalıb...
Sonuncu görüşə gəlmədin deyə
üzünə deməyə son sözüm qalıb.
Bax bir gün o sözü sənə deməsəm...
Hər gün bu taleyə söyəsiyəm mən.
Bir vaxt bir vüsala ümid edərdim,
indi bir həsrətin yiyəsiyəm mən.

# 3764 dəfə oxunub

Müəllifin son yazıları

# # #