Onun qəbir yeri üç dəfə dəyişdirilmişdi...- Həsən bəy Zərdabi olmaq

Onun qəbir yeri üç dəfə dəyişdirilmişdi...- Həsən bəy Zərdabi olmaq
28 noyabr 2023
# 12:00


"Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı".


Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabinin anım günüdür.
Böyük mütəfəkkir 1907-ci il noyabrın 28-də vəfat edib. Üç dəfə qəbir yeri dəyişdirilən Həsən bəy Zərdabinin nəşi nəhayət, layiq olduğu yerdə - Fəxri Xiyabanda torpağa tapşırılıb.

Kulis.az Mina Rəşidin “Həsən bəy Zərdabi olmaq” yazısını təqdim edir.


Həsən bəy Zərdabi özünün yazdığı kimi elmdən, maarifdən məhrum olan xalqın balalarını öz övladı kimi sevirdi.
O, millətinin işıqlı gələcəyi naminə onları oxutmaq üçün yollara düşdü, min bir əzab-əziyyətə, məhrumiyyətlərə dözdü və istədiyinə nail oldu.
Məktəb, teatr açdı, ilk mətbuatın əsasını qoydu, elmli-bilikli və ən əsası vətənpərvər gənclər yetişdirdi.

Zərdabi bütün şüurlu həyatını Vətənin xoşbəxt gələcəyinə bağışladı. Belə ki, o, Moskva Dövlət Universitetini uğurla başa vurduqdan sonra orada qalıb rahatca elmi işi ilə məşğul olmağa, çalışmağa hər cür fürsəti varkən öz millətini düşündü. Düşündü ki, bu gün Azərbaycanın onun kimi ziyalılara hava, su kimi ehtiyacı var.

O, burada qalıb başı göylərə ucalmaqdansa öz yurduna qayıdıb doğma xalqının tərəqqisi üçün çalışsa millətinə daha çox xeyir vermiş olar. Buna görə öz sevgisindən belə imtina elədi. Beləcə öz yolunu seçən Həsən bəy o zaman Qafqazdakı gimnaziyalarda çalışanlar arasında yeganə ali təhsilli azərbaycanlı müəllim olur. Ancaq bu məktəblərdə azərbaycanlı şagirdlərin təhsil almaması Həsən bəyi narahat edir və onu çox düşündürürdü. Odur ki, doğma yurdunun elini-obasını dolaşıb elm, təhsillə bağlı təbliğata başlayır.

Belə günlərin birində bir dəmirçi ondan soruşanda ki, pulum, varım yoxdur, uşağımı necə oxudum? Həsən bəy ona belə cavab verir: “Zindanını, çəkicini sat, amma balanı oxut”.

Bu o deməkdi ki, bir millətin təhsil alması ən vacib məsələdir. Odur ki, o millətin balalarını oxutmaq üçün müsəlmanlar arasında ilk dəfə olaraq Xeyriyyə Cəmiyyəti yaradır. 1872-ci ilin yay aylarında şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə ölkəni qarış-qarış gəzərək, Xeyriyyə Cəmiyyətinə yardım toplayır və ona üzv yazdırmaqla məşğul olur. Zərdabi atla, araba ilə ən ucqar bölgələrə gedib çıxır, istidə, bürküdə xəstələnir, Şuşanın dağ havasında özünə gəlir və yoluna davam edir…

O, bu unudulmaz səfərində “adlı-sanlı” bığıburma bəylərin əsl simasını görür. Çox az adam tapılır ki, milləti, onun balalarının savadlanması üçün bu işə ürəkdən can yandırsın. Sonralar Həsən bəy bu cür bəylərin, qəlbi dar adamların necə yazıq olduqlarından yazır... Həsən bəy həm də, müəllim axtarışında idi. Buna görə də, o Tiflisə yollanır, “Müqəddəs Nina” adlı qız məktəbinin məzunu, balkar türklərindən olan Hənifə xanım Abayeva ilə tanış olur və onunla fikirlərini paylaşır. Onların həmfikir olması, bir-birini anlaması gözəl bir ailənin təməlini qoyur.

Həsən bəy və onun əqidə dostu Hənifə xanım yoxsul uşaqların təhsil alması üçün əllərindən gələni edirlər. Zərdabinin qızı uzun illər internat məktəbində müəllim kimi çalışmış xeyirxahlığı ilə yaddaşlarda qalan Qəribsoltan xanım xatirələrində yazır ki, bir dəfə uzaq rayondan onlara bir uşaq gəlir və oxumaq istədiyini deyir. Həmin uşaq düz 15 il onların evində, atasının himayəsində yaşayır və təhsil alır. Zərdabi hüquq təhsili alan o uşağa “Azərbaycanın Lomonosovu” deyirmiş. Ancaq bu böyük ürək sahibinin millətinə etdiyi yaxşılıqlara görə nəinki ona hörmət edir, əksinə xeyir əməllərinə, azad fikirlərinə görə təqib edərək müəyyən üsullarla mane olmağa çalışırlar. Bəzən vəziyyət o həddə çatır ki, Həsən bəy doğma Zərdaba qayıdır. Amma onu heç kim və heç bir əziyyət öz yolundan döndərə bilmir.

Həsən bəy elə öz evində də, imkansız uşaqların təlim-tərbiyəsini təşkil edir. Bu işdə ona Həmidə xanım böyük dəstək olur. Belə ki, Həmidə xanım nəinki uşaqların, təhsilsiz qadınların da yardımçısı olub, onlara savad verməklə yanaşı, həm də müəyyən bacarıqlar öyrədir.“Qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir!” - deyən H.b.Zərdabi dostu, xeyriyyəçi kimi adı tariximizə qızıl hərflərlə yazılan H.Z.Tağıyevlə ilk qız məktəbini açır. Hənifə xanım məktəbin müdiri təyin edilir. Onlar qız uşaqlarını təhsilə cəlb etmək üçün əl-ələ verib əsl fədakarlıq göstərirlər...

H.b.Zərdabinin bir arzusu da ana dilində qəzet çıxarmaq idi. Mətbuatımızın ilk qaranquşu olan “Əkinçi”nin meydana gəlməsindən ötrü Zərdabi illərlə çar rejimi və mövhumatçı adamlarla çarpışır, amma öz məqsədindən, amalından bir addım da geri dönmür. - “Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. Onlara qəzet də verə bilsək, müsəlmanların dünya görüşünü tamamilə dəyişdirə bilərik”, söyləyir.

Qəzetin adının “Əkinçi” olması da, o vaxt çar məmurlarının gözünə bir pərdə çəkmək, onların fikrini əsl məqsəddən yayındarmaq mənasını daşıyır. Ana dilimizə və mətbuatımıza ən böyük töhfə olan “Əkinçi” bir maarif çırağına dönür və millətin cəhalətdən, savadsızlıqdan və bu kimi xəstə təxəyyüldən oyanması, tərəqqi etməsi Həsən bəyin həyat amalına çevrilir. O, söyləyir ki, “Həqiqət elm təhsil etməyi başlayan tayfa qaranlıq otağın qapısını açıb çölə çıxan kimidir ki, bu zaman günün işığı onun gözlərini nurlandırmaqdan başqa otağın da içinə daxil olub orada olan şeyləri artıq işıqlandırıb bir qeyri surətə salır...”

Həsən bəy millətin tərəqqisi naminə Ədəbiyyatın, xüsusilə də, şeirin təsir gücünə ayrıca önəm verir. Amma bu şeir mənasız söz yığını deyil, milləti elmə, maarifə çağırmaq, qəlbini aydınlatmaq üçün yazılmalıydı. Bəli, H.B.Zərdabi elə bir dühadır ki, ondan danışınca gəlib bu günümüzə çıxırsan. Baxırsan ki, bu gün də, onun fikirləri yenə müsirliyi ilə bizi düşündürür...

1873-cü ilin mart və aprel aylarında Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadənin komediyalarının səhnələşdirilməsinə nail olur. Bununla da Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində ilk peşəkar teatrın əsası qoyulur. Teatrdan əldə edilən vəsaiti də Həsən bəy imkansız uşaqların təhsilinə xərcləyir...

Görəsən bundan böyük vətənpərvərlik olurmu? Bu böyük insan haqqında cild-cild kitablar yazmaq, saatlarla danışmaq, onu layiq olduğu kimi tərifləmək olar. Amma sözümü burada bitirib demək istəyirəm xoş o insanın halına ki, millətin dərdi ilə dərdlənib, sevinci ilə xoşhal olsun. Böyük ürək sahibi H.b.Zərdabi demiş: “Qiymət, öz işi üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan...”

İşıqlı əməlləri ilə bu gün də haqq işimizdə, millətimizin tərəqqisində, xeyir əməllərimizdə, mübarizəmiz və qazandığımız Zəfərdə bizimlə yaşayan milyonların sevimlisi, idealımız olan böyük insan Həsən bəy Zərdabinin ruhu şad olsun!

# 1582 dəfə oxunub

Müəllifin son yazıları

# # #