7 yaşında atasını güllələdilər, Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi, ərinin öldüyünü axıracan bilmədi – Nigar Rəfibəylinin film kimi həyatı

7 yaşında atasını güllələdilər, Rəsul Rza onun xəstələnməsinə dözməyib dünyasını dəyişdi, ərinin öldüyünü axıracan bilmədi – Nigar Rəfibəylinin film kimi həyatı
23 iyun 2023
# 21:00

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum gündür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Nigar Xudadat qızı Rəfibəyli 1913-cü ilin iyun ayında Gəncədə anadan olub. Babası Ələkbər bəy Rəfibəyli tanınmış maarifçi, "Difai" partiyasının yaradıcılarından biriydi. Atası Xudadat bəy Rəfibəyli isə Azərbaycanın ilk ali təhsilli cərrahlarından idi. Xarkov Tibb Universitetini bitirdikdən sonra, 1907-ci ildə təcrübəli həkim kimi Gəncəyə qayıtmışdı.

***

Nigar Xudadat bəylə Cəvahir xanımın üç övladının sonuncusuydu. Bu dünyadan nakam getmiş bibisi Suğra xanımın adını vermişdilər ona. Amma 4-5 yaşına çatsa da, adı ilə çağırmağa ürək eləmirlər. Bir gün türkiyəli şair Nigar xanımın "Əfsus" adlı şeirlər kitabını oxuyan Cəvahir xanım qayınatasından icazə istəyir: "Bu qızın adını çağırmağa heç birimizə ürək eləmirik. Əgər izn versən, adını dəyişib, Nigar qoyardıq". Ələkbər bəyin xeyir-duası ilə Suğra adı Nigarla əvəz olunur.

Gallery

Xudadat bəy də xalqının azadlığı yolunda mübarizə aparan siyasi və ictimai xadim idi. 1918-ci ildə o, Gəncədə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə və sosial təminat naziri, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilir. 1920-ci il 28 aprel bolşevik çevrilişindən sonra vəzifəsindən istefa verir. Həmin ilin 12 mayında həbs olunur. Xudadat bəyi yalnız Gəncə üsyanının təşkilində deyil, bir neçə maddə üzrə ittiham etdilər. Ermənilər onun mühakimə olunması, ağır cəza alması üçün böyük canfəşanlıq göstərirlər və məqsədlərinə çatırlar. 43 yaşlı Xudadat bəy məhkəmənin hökmü ilə Bakıya gətirilərək Nargin adasında güllələnir. Həmin vaxt oğlanları Kamilin 11, Rəşidin 9, qızı Nigarın isə 7 yaşı vardı.

***

Nigar ibtidai təhsilini Gəncədə alır. Sonrakı təhsilini Bakı pedaqoji texnikumunda təhsilini davam etdirir. Əmək fəaliyyətinə müəllimliklə başlamış Nigar Rəfibəyli həm də bu illərdə bədii yaradıcılıqla da məşğul olmuşdu. İlk şeirləri də elə bu vaxtlar dövrü mətbuatda çap olunur. Nigar Rəfibəylinin "Çadra" adlı ilk şeiri 1928-ci ildə "Dan ulduzu" jurnalında dərc edilir.

***

Xudadat bəydən sonra ailəsi çox acılar çəkdi. Uşaqları ata yurdlarından pərən-pərən düşdülər. Kamil Türkiyəyə, Rəşid Rusiyaya oxumağa getdi. Bu gediş onların həyatını xilas etdi. Rəşid bəy sonralar Bakıya köçsə də, Kamil həyatının sonunadək Türkiyənin İstanbul şəhərində yaşadı.

Gallery

Uzun illər sonra Maestro Niyazi Nigar xanıma şad xəbər gətirir: "Qohumlarınızla görüşdük", - deyir. Gəlini, Anar müəllim həyat yoldaşı Zemfira xanım o günü belə xatırlayır: "Türkiyədə bizi Kamil dayının oğlu Aydın qarşılamalıydı. Anar həyəcan keçirirdi. Gördüm, ucaboylu, yaraşıqlı, cavan bir kişi gözləyənlərin arasında dayanıb. Dedim, o olacaq. Gəmidən endik. Cəld onun əlindən yapışdım ki, bizi soruşmasın. Çünki Türkiyə türkcəsində danışırdı. Çətin vaxtlar idi. "KQB"-nin əməkdaşları hər addımı izləyirdilər və belə məsələlərə çox sərt yanaşırdılar. Yavaşca dilləndim: "Aydın?!". Cavab verdi: "Əvət, Zemfira?!". Görüşdük. İcazə aldıq, Aydıngilə getdik. Sonralar Nigar xala da qardaşı və ailəsi ilə görüşdü".

***

Nigar xanım Bakıya 1927-ci ildə gəlmişdi. Kinostudiyada tərcüməçi işlədi. 1930-cu ildə Rəsul Rzanı Maarif Evində görüb, tanıdı. Sonra müxtəlif ədəbiyyat məclislərində qarşılaşmağa başladılar. 1932-ci ildə Nigar Rəfibəyli Moskvaya Ədəbiyyat İnstitutuna təhsil almağa getdi. Rəsul Rza da təhsilini bitirmək üçün həmin şəhərə yollandı. 1937-ci ildə onlar Bakıya dönüb ailə qururlar. Onların toyu elə yaşadıqları balaca daxma kimi evdə keçirilir. Sonradan repressiya olunan adamların bir çoxu, eləcə də Mikayıl Müşfiq, Hüseyn Cavid də onların toyunda iştirak ediblər. Bu məclisdən sonra onların hamısını bir-bir aradan götürüblər.

Gallery

Üç övladı doğulur. Anar, Fidan və Təranə. Qızı Fidan müharibə illərində 1943-cü ildə anadan olub. Rəsul Rza fabrikdən bez alıb gətirər, Nigar isə onlardan uşağa bələk düzəldərmiş.

***

Onların uşaqları olandan sonra ər-arvad qəribə qərar qəbul edirlər. Uşaqları onlara heç vaxt ata və ana deyə müraciət etməsinlər. Adları ilə çağırsınlar. Bu qayda Rəsul və Nigarın son gününə qədər qüvvədə qalır. Uşaqların hər üçü onlara adları ilə müraciət edirlər.

***

Nigar Rəfibəyli bəy qızı olduğu üçün sovet hökuməti tərəfindən təqib olunurdu. Gəlini Zemfira xanım danışır: "Şair Mikayıl Rzaquluzadə şeirlərinin birində yazmışdı ki, Şərqdən günəş doğur. Buna görə də Nigar Rəfibəylini tənqid edərək: "Madmazel Nigar xanım Şərqdən gözləyir günəşi", - dedilər. Susdu. Bir müddət keçəndən sonra Mikayıl Rzaquluzadə həmin şeirin müəllifi olduğunu söylədi. Amma Nigar xanım o şeirə görə çox tənqid olunmuşdu. Beləcə, haqlı-haqsız tənqid edilirdi. Rəsul Rza olmasaydı, yəqin ki, o, sürgün olunacaqdı, çünki adını hətta Bağırova verilən siyahıda da yazmışdılar".

Gallery

Böyük Vətən müharibəsi illərində Rəsul Rza cəbhəyə yollanır. Nigar Rəfibəyli Azərbaycan Yazıçılar İttifaqının sədri Səməd Vurğunun yanına gedir və deyir: "Mən də cəbhəyə getmək istəyirəm!" Səməd Vurğun zarafatla cavab verir: "Ay Nigar, mən indi bir batalyonu hardan tapım ki, səni cəbhədə müşayiət eləsin?"

***

Rəsul Rzanın cəbhədən gəlişi ilə Nigar xanımın ayrılıq əzablarına son qoyulur. Bəzən bu həsrət gözəl, səmimi şeirlərə çevrilirdi. Nigar Rəfibəyli Rəsul Rzaya "Neyləyim" adlı şeir yazır. Sonralar bəstəkar Emin Sabitoğlu ona musiqi bəstələdi. Amma bu gözəl mahnının yaranması tarixçəsi kədərli olub.

Gallery

1981-ci ilin əvvəllərində Rəsul Rzanın vəziyyəti ağırlaşdı. Onu yüksək qan təzyiqi diaqnozu ilə xəstəxanaya yerləşdirdilər. Nigar xanıma da "Leçkomissiya"da ağır diaqnoz qoydular: xərçəng. Xəstəlik artıq irəliləmişdi. Həkimlər müalicə üçün Moskvaya aparmağı məsləhət gördülər. Aprelin 1-də oğlu Anar bu xəbəri Rəsul Rzaya demək üçün Mərdəkana gedir. Xəbəri eşidən Rəsul Rza Nigar xanımı Moskvaya yola salmaq üçün yığışmağa başlayır. Lakin həyəcandan təzyiqi yüksəlir. Və dünyasını dəyişir.

***

Rəsul Rzanın vəfat etdiyini Nigar xanıma söyləmirlər. "Neyləyim" mahnısı da həmin günlərdə Emin Sabitoğlu tərəfindən bəstələnir. Mahnı Nigar xanımın çox xoşuna gəlir. Xəstəxanada yanına kim gəlirmişsə, uşaqlarına deyərmiş ki, maqnitofonu qurun, Rəsula yazılan mahnını dinləyək. Xəstəxanada olanda təəccüblənirmiş ki, Rəsul kimi hövsələsiz adam niyə ona zəng vurmur. Onu aldadırlar, deyirlər, təzyiqi yüksək olduğuna görə həkimlər telefonu palatasından çıxarıblar ki, danışmasın.

Gallery

İyunun 23-də ad günündə oğlu Anar ona böyük bir yasəmən dəstəsi alıb aparır və deyir: "Rəsul bu gülləri Mərdəkandan sənə göndərib"

***

Bir müddət sonra həkimlər onun xəstəliyinin əlacsızlığını etiraf edirlər. Nigarı evə gətirirlər. O, üzünü qızlarına tutub deyir: "Mənim qara paltarımı gətirin". Təəccüblə soruşurlar: "Neyləyirsən qara paltarı?". O isə təkrar edir: "Gətirin". Gətirirər. Geyinir. Evdə yasa aid heç nə qalmasa da, sanki Rəsulun yoxluğunu hiss edir, yas saxlayır. Bir həftə sonra - 9 iyul 1981-ci ildə dünyasını dəyişir.

# 30063 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #