3 min manatı puç etdilər – Bakı Film Festivalında qalmaqal

3 min manatı puç etdilər – Bakı Film Festivalında qalmaqal
25 noyabr 2021
# 14:00

Noyabrın 23-də Nizami Kino Mərkəzində 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi baş tutub. Festival “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin 2004-cü ildə təsis etdiyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib. Bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film Yerli müsabiqəyə təqdim edilib.

Festivalda iki nominasiyanın boş qaldığı elan olunub. Bu məsələ haqqında Kulis.az-a açıqlama verən gənc rejissor Müşfiq Mirzə bunları söyləyib:

“Ümumiyyətlə 5 min manat olan mükafatdan sadəcə 2 min manatı verildi. Qalanı qaldı ortalıqda. O ki qaldı münsiflərin seçiminə, onu demək istəyirəm ki, əgər ortalıqda konkurs varsa, qalib və məğlub olan olmalıdır. Mən keçən il də iştirak etmişdim və məğlub olmuşdum. Mən ona heç bir etiraz etmədim. Əksinə çox sevinmişdim ki, konkurs var, rəqabət var, kimsə qalib olur, kimsə məğlub olur. Bu sevindirici bir haldır. Amma bu il bilinmədi. Ya pul məsələsi var idi, ya jürilər düzgün seçilməmişdi”.

Müşfiq Mirzə festivalda seçilən filmləri də tənqid edib:

“Baxılan filmlər arasında elələri olurdu ki, adam fikirləşirdi ki, bu film səkkizliyə necə düşüb. Biz festivaldan sonra yaxınlaşdıq jürilərə, onlarla müzakirə etdik. Amma başa düşmədik ki, bu necə olur. Ortada konkurs var, rəqabət var, amma heç kim seçilmir. Bu biliriz nəyə bənzəyir? İki nəfər yarış edirlər. Kimsə kimisə keçir, amma birinci gələn insana deyirlər ki, siz yaxşı qaçmadız, xoşumuz gəlmədi. Konkurs varsa, qalib və məğlub olan şəxs olmalıdır. Burda isə dedilər ki, “biz ən yaxşı film görmədik”. Amma müsabiqədə səkkiz film varsa, deməli bu bunların da arasında, ola bilməz ki, hamısı eyni dərəcədə pis olsun. Belə bir şey mümkün deyil”.

“Nominasiyaların boş qaldığı festivallar çox olub” münasibətinə isə cavab olaraq, bunları söyləyib:

“Belə festivallar çoxdur, bəli. Boş qalan yerlər çox olur. Xaricdə tez-tez belə festivallar keçirilir. Amma bizdə isə yalnız bir festival var. Gənclər ümidini bağlayır ona. Orda olan bütün gənc rejissorlar fikirləşirdilər ki, qalib olsalar həmin mükafatla yeni film çəksinlər. Çünki gənclərin maliyyələşəcəyi başqa bir yer yoxdur. Yəni insanları belə qırmaq, ümidlərini puç etmək doğru deyildi. Əllərində tutub deyirlər ki, dünya təcrübəsində belə şeylər çox olub. Di gəl ki, dünya təcrübəsindən daha yaxşı şeyləri götürmək olardı. Orda on min mükafat verirlər, gənclərə dəstək olurlar, prodüserlik edirlər və s”.


# 2708 dəfə oxunub

Müəllifin son yazıları

# # #