13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır

13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır
11 noyabr 2022
# 18:20

Noyabrın 11-də saat 19:00-da Nizami Kino Mərkəzində 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçiriləcək.

Kulis.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin ölkəmizin mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Bu il festivala 79 ölkədən-Almaniya, Fransa, İspaniya, Türkiyə, Belçika, Norveç, İsveç, Yunanıstan, Lüksemburq, Ukrayna, Misir, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Cənubi Koreya və s. 814 film qatılıb. Bunlardan 91 film Yerli müsabiqəyə təqdim edilib. Seçim Komissiyasının qərarına əsasən 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı “Qızıl Nar” uğrunda yarışacaqlar.

Beynəlxalq müsabiqədə yarışan filmləri “Qarğıdalı adası” filmi ilə Karlovı Varı, “Kinoşok” kinofestivallarının baş mükafatını qazanan, eyni filmlə “Oskar”ın “Xarici dildə ən yaxşı film” nominasiyasının qısa siyahısına düşən, tanınmış gürcü rejissoru və prodüser Georgi Ovaşvili,

Kazanda art-nümayişlərin daimi spikeri, fərqli mövzularda kino mühazirələri ilə tanınan, müxtəlif illərdə Beynəlxalq Gənclər Kinofestivalının proqram direktoru, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının seçim komissiyasının üzvü kimi fəaliyyət göstərmiş Adilə Xaybullina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, “Rabarba” aylıq kino jurnalının təsisçisi, uzun illər Boğaziçi Film Festivalının bədii rəhbəri olmuş tanınmış türkiyəli prodüser Emrah Kılıç qiymətləndirəcək.

Yerli müsabiqənin münsiflər heyətində Avropanın ən böyük film fondlarından biri olan “FOCAL” fondunun “AVANTI” proqramının qalibi, müasir kinomuzun ən məhsuldar rejissorlarından olan Mirsadıq Ağazadə, ölkənin mədəni, ictimai həyatında yaxından iştirak edən yazıçı-publisist, türkoloq, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, Azərbaycan sənədli kinosunda maraqlı tərzi və yanaşması ilə seçilən, “Didor”, “Kiş” və s. festivalların mükafatçısı, Fokus” kino jurnalının layihə rəhbərlərindən biri Əli İsa Cabbarov, son illər Azərbaycan ədəbi mühitində özünəxas məqalələrlə adını gündəmdə saxlayan, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi Qismət Rüstəmov yer alır.

Bu ilki festivalın sürprizi “Asiya istedadları” müsabiqə proqramıdır. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə on film yer alır. Qalibləri Azərbaycan kino tənqidinin yeni dalğasının formalaşmasında birbaşa əməyi olan müəlliflərdən biri Aliyə Dadaşova, əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılan, Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəçək.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışacaq. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.

“Panorama”da isə xüsusi seçilmiş filmlər nümayiş olunacaq.

Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 11: 00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Festival çərçivəsində noyabrın 13-də saat 17:00-da türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçiriləcək.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır.

Filmlərin nümayiş proqramını burdan izləyə bilərsiz.

# 1522 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #