“Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyasına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Kulis.az xəbər verir ki, “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın gücləndirilməsi və onların faydalı vərdişlərə təşviq olunması məqsədini hədəfləyir.
Sərgi ənənəvi olaraq hər il zəngin proqramı və geniş əməkdaşlıq imkanları ilə çox sayda yerli və beynəlxalq nəşriyyat və poliqrafiya müəssisələrini, kitab mağazaları və sahəvi yaradıcılıq təşkilatlarını bir araya gətirir.
Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatda təqdimatlar, müəlliflik hüququ sahibləri ilə çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirir.
Hazırda sərgiyə qeydiyyat davam edir. Sərgiyə iştirakçı qismində qatılmaq üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: [email protected]
Oxucular sərgiyə ziyarətçi qismində qatıla biləcəklər.