Siyavuş Kərimi: “Peşəkar ifaçılıqla ailə saxlamaq olmaz” - MÜSAHİBƏ

Siyavuş Kərimi: “Peşəkar ifaçılıqla ailə saxlamaq olmaz” - MÜSAHİBƏ
23 noyabr 2016
# 16:13

Kulis.Az Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kəriminin APA-ya müsahibəsini təqdim edir

...Əl tutub ayrılırıq. Milli Konservatoriyanın pilləkənlərini düşəndə bircə suala cavab axtarıram: haradan, nədən başlamalı? Bəlkə Milli Konservatoriyanın mühafizə sistemindən? Adama elə gəlir, quş quşluğu ilə imzalı-möhürlü icazə kağızı almasa, konservatoriyanın binasına yaxın düşə bilməz. Söhbət əsnasında məlum olur ki, buraxılışı olmadığı üçün rektorun dəvət etdiyi qonağın içəri girməsinə icazə vermirlər. Siyavuş müəllim şəxsən mühafizəyə tapşırır: qonağımdır, icazə verin, gəlsin. Bunun səbəbini də gizlətmir: “Dünyada o qədər hadisələr, terror aktları olur, biz ehtiyatımızı bəri başdan görmüşük. Özüm tapşırmışam ki, mühafizə sistemi ciddi qurulsun. Buranı qorumalıyıq”.

Sonra Eldar Quliyevin “Dərvişin qeydləri” filmi üçün yazdığı musiqidən danışdıq. Yox, əvvəl “Hamlet” və “Şah Qacar” tamaşalarının əzəmətli musiqi həllindən mən söz salıram. Sonra əlavə edirəm: “Dərvişin qeydləri” film kimi xoşuma gəlməsə də, musiqisi haqqında ancaq yaxşı sözlər deyə bilərəm. Gülür:

- Eldar Quliyev bilirsən nə dedi? Dedi, Siyavuş, sən musiqini ona görə belə yazmısan ki, camaat filmə baxmaq əvəzinə, gəlib ancaq sənə qulaq assın?

Yaxşısı budur, özünü dinləyək. Professor Siyavuş Kərimi APA-ya danışır...

***

- İşlərim həqiqətən çoxdur. Görüşümüz keçən həftə alınmadı, düzdür? Səbəbini deyim: mənim dostum Azər Paşa Nemət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” pyesini hazırlayır. Biz onunla artıq üç böyük tamaşada – “Hamlet”, “Şah Qacar”, “Afinalı Timon”da çalışmışıq, bu, dördüncüdür. Onunla işləmək çox rahatdır. Çünki adətən mənimlə razılaşır. (Gülür). Bu gün Azər Paşa Nemətovun simasında Azərbaycan teatr rejissorluğu korifeylərin yolunu məntiqi şəkildə davam etdirir. Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov, Azər Paşa Nemətov... 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyev “Hamlet”ə baxdı, yaradıcı heyətlə şəkil çəkdirdi, çox xoş sözlər dedi. Ümummilli liderlə olan o görüşümüzü xoş xatirə kimi tez-tez yada salıram.

- Sualım qəribə səslənməsin: kino və teatr musiqisi arasında fərq varmı? Estetik və üslub nəzərindən deyirəm...

- Bəstəkar həm kinoda, həm də teatr tamaşasında baş verən hadisələrin gücünü daha da artırmalıdır. Lazım olanda, emosiyanı məhz bəstəkar azaltmalıdır.

Yəni bu, bir növ rejissora köməkdir. Bəlkə aktyor lazım olan hissiyyatı, emosiyanı verə bilmir, amma musiqi həmin səhnəni tamamlayır. Sözsüz, səhnələrdə aktyorlar yox, musiqi danışır. Kinoda sonuncu işimiz oğlumla bir yerdə olub. Yavər Rzayevin “Xeyirlə şərin rəqsi” filminə musiqi yazmışıq.

- Sirr deyilsə, Azərbaycan bəstəkarının film musiqisi üçün qonorarı nə qədərdir?

- Əlbəttə, bəstəkara verilən qonorar qənaətbəxş deyil. Rusiyada filmlərə musiqi yazan bəstəkarların start rəqəmi 20 min dollardan başlayır. Bu yüz min dollar da ola bilər, ondan artıq da. Amma Hollivudda, Avropada musiqi üçün ödənilən qonorar altırəqəmlidir. Düzdür, heç vaxt başqasının pulunu saymamışam, amma bəstəkar həmin qonorarla ailəsi ilə birgə iki il Baham adalarında yaşaya bilər. Hətta özlərinə villa da ala bilərlər. Çox sevinirəm ki, oğlum Hollivudda film bəstəkarı ixtisası üzrə təhsil alır. Açığı, bu gün sənətimizin qonorarı ilə dolanırıq. Rektor kimi maaş alıram və öz yaradıcılığımla məşğul oluram. Özünüz də bilirsiniz ki, qiymətlər bahadır. Ona görə də çox işləmək lazımdır.

- Milli Konservatoriyanın binası əvvəllər çox şəraitsiz idi. İndi bina yenidir, təmirlidir. Hansı uğurlarınız, hansı qayğılarınız var?

- Əvvəlki yerimizi bina adlandırmaq mümkün deyil. Konservatoriya cəmi 8-9 sinifdə yerləşmişdi. Təbii ki, bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərirdi. Xaricdə muğamın Azərbaycan kimi inkişaf etmiş ölkəsindəki konservatoriyaya çox böyük maraq var idi. Gəlib konservatoriya ilə tanış olmaq istəyəndə problem yaradırdım ki, görməsinlər. Çünki belə ölkədə konservatoriyanın səkkiz sinifdə yerləşməsi məntiqlə uzlaşmırdı. Dövlətimizin diqqət və qayğısının nəticəsi kimi bu bina istifadəyə verildi. Açılışda dövlət başçısı şəxsən iştirak etdi, çox xoşuna gəldi. Biz bununla qürur duyuruq. İndi şərait öz sözünü deyir.

- Hansı şəkildə?

- Bilirsiniz, insanın ev şəraiti yaxşı olanda onun həyat tərzi, həyata baxışı da dəyişir. Bu gün yaxşı təhsil almaq üçün bütün şəraitimiz var. Müəllimlər çox böyük həvəslə işə, tələbələr dərsə gəlir. Dərs saat 10-da başlasa da, tələbələr bir nəfər kimi səkkizdə burda olurlar. Konservatoriyada səhər tezdən həyat qaynayır.

Hətta müəllimlər mənə müraciət edirlər ki, bunlar evə getmək istəmirlər. Konservatoriya ali məktəblər arasında yəqin ki, ən kiçiyidir. Başqa universitetlər kimi 10-12 min nəfər tələbəmiz yoxdur. Cəmi 500-dən bir az artıqdır. Vacib olan say yox, istedadlardır. Yəqin ki, ali məktəblər arasında ən populyarı bizim məktəbdir. Çünki müəllimlərimizin hamısı Azərbaycanın görkəmli simalarıdır. Azərbaycan musiqisini dünyada təbliğ edən insanların əksəriyyəti Milli Konservatoriyanın tələbə-müəllim heyətidir. Elə gün, elə həftə olmur ki, hansısa ezamiyyət icazəsi verməyim. Müəllimlərə də, tələbələrə də böyük məmnuniyyətlə icazə verirəm. Çünki bu, ilk növbədə Azərbaycan musiqisinin təbliğatıdır. Çoxları Milli Konservatoriya demək əvəzinə, Muğam Konservatoriyası deyirdilər. Amma burda musiqi tədrisinin spektri çox genişdir. Məsələn, mili nəfəs alətləri, musiqişünaslıq, aşıqşünaslıq, milli caz, pop musiqisi, orta məktəblər üçün musiqi müəllimliyi tədris olunur.

- Bildiyim qədər aşıq sənəti, saz ifaçılığı tədris olunmur...

- Növbəti ildən olacaq. Dastan sənəti itməkdədir. Biz konservatoriyanın şəraitsiz vaxtında ekspedisiyaları göndərdik, indi həyatda olmayan aşıqları lentə ala bildik. Aşıq-dastan bilicilərini dəvət edib tədrisi qurmaq fikrindəyik. Konservatoriya ali məktəb olduğuna görə, sazın ali təhsilə qədər olan dövrünü tədris etməyə çalışırıq. “Saz məktəbi” kitabı yazılıb, musiqi məktəblərində tədris olunur. Saz sənəti not tədrisi səviyyəsində inkişaf edə bilməyib. Bunun da obyektiv səbəbləri var. Səbəblərdən biri odur ki, sovetlər birliyi zamanı milli musiqi alətlərinə diqqət az olub. Düzdür, aşıq sənəti Mədəniyyət və İncəsənət Universitetində tədris olunur. Amma Konservatoriyanın bu barədə baxışı tam başqadır. Biz bunu özümüz üçün tam başqa cür təsəvvür edirik. Biz istəyirik, sazı beynəlxalq səviyyədə özünü ifadə edə biləcək alətə çevirək. Ümumiyyətlə, bizdə milli musiqinin tədrisində çox problemlər var. Saz da onların içindədir, zərb aləti də. Görürsünüz, ali məktəbə zərbi gətirə bilmirik. Çünki onun tədrisi ilə bağlı da problemlər var. Zərbin aparıcı aləti yoxdur. Onun aparıcı alətini ixtira etmişik.

- Aparıcı alət nə deməkdir?

- Nağara aləti ilə konservatoriyada necə oxumaq olar? Çünki müşayiətçi alətdir. Klassik musiqidə zərb alətləri ailəsi var. Onların aparıcı aləti ksilofondur. Onlar Motsartı da çalırlar, Bethoveni də. Ksilofonu gətirmək olar, amma o milli alət deyil axı. Biz fikirləşdik ki, nəyə görə santur alətini istifadə etməyək? Azərbaycanda vaxtilə bu alət olub, sonra itib. Santur İranda çox populyardır. Amma biz İran alətindən fərqli olaraq öz alətimizi yaratdıq.

- Qəbulda yeniliklər olacaqmı? Məsələn, tələbələrin sayının artması gözlənilirmi?

- Güman edirəm, yeni ildən tələbələrimizin sayı artacaq. Məsələn, 600 nəfəri keçəcək. Mənə elə gəlir, maraqlı tədris qura bilmişik. Biz həm də milli vokal dərsləri tədris edirik. Bakı Musiqi Akademiyasında vokal tərsləri keçirilir. Orda görkəmli sənətkarlarımız dərs deyir. Məsələn, Fidan xanım, Xuraman xanım. Çox istədik, vokal dərslərimiz Bakı Musiqi Akademiyasından fərqli olsun. Yəni necə? Vokal dərsləri keçirilir, amma Koroğlumuz, Əsgərimiz yoxdur. Bizim vokalçılarımız digərlərindən fərqli olaraq, muğam dərsləri də keçirlər.

- Xəyyam Mirzəzadə ilə müsahibə etmişdim. Demişdi, Bakı Musiqi Akademiyasının əvvəlki adı Konservatoriya idi, dəyişdirdilər, buna ehtiyac yox idi...

- Dünyada konservatoriyalar orta səviyyəli, yəni texnikum səviyyəsində dəyərləndirilir. Ona görə də onlar özlərini akademiya adlandırırlar. Konservatoriya kimi çıxış edəndə bizə də orta səviyyəli məktəb kimi baxırdılar. Mənə də təklif olunmuşdu, amma israr etdim ki, elə olduğumuz kimi qalmaq istəyirəm.

Fikir verin, Moskvada niyə indiyə kimi konservatoriya saxlanılır? Dünyada ən məşhur konservatoriyadır. Özü də, bu adı mən fikirləşməmişəm. Ümummilli liderimiz dedi ki, Milli Konservatoriya yaranmalıdır. Bu gün bizim konservatoriyamız Azərbaycanda yeganə üçpilləli təhsil ocağıdır. İbtidai, orta və ali təhsil veririk. Öz kadrlarımızı uşaqlıqdan hazırlayırıq. Ola bilsin, ehtiyac yox idi, amma Bakı Musiqi Akademiyası bu gün tanınan addır. Açığı buna o qədər də önəm vermirəm. Vacib olan daxildə baş verən hadisələr və tədrisin səviyyəsidir.

- Bu sualı sizə rektor kimi yox, bəstəkar kimi ünvanlayıram: Bakı Musiqi Akademiyasında təhsilin səviyyəsi necədir?

- Mənə elə gəlir, bu sualı Bakı Musiqi Akademiyasının rektoruna ünvanlasanız, daha məntiqəuyğun olar...

- Amma mən dedim ki, bu sualı sizdən rektor kimi yox, bəstəkar kimi soruşuram...

- Deyim ki, mənim təhsilim bəstəkar təhsili deyil. Xalq çalğı alətlərini bitirmişəm. Sadəcə, çox musiqi yazıram və yəqin ki, onlar qəbul edilir deyə, hərdən bəstəkar deyirlər. (Gülür). Ümumiyyətlə, musiqi sahəsində problem var. Bu, bizdə də var, Bakı Musiqi Akademiyasında da. Tutalım, valideyn övladına musiqi təhsili vermək istəyir. Düşünür ki, hansı aləti seçim? Tanıdığım insanlar məndən soruşanda deyirəm, buyurun, skripka, tar, fleyta, kamança, fortepiano da var. Deyirlər, fikirləşək, uşaq böyüyəndə bu alətlə öz ailəsini saxlaya biləcək, ya yox? Violonçel, kontrabas çalmaqla ailəsini saxlaya biləcəkmi? Valideyn düşünür: qarmon olsa, lap yaxşı olar. Çünki həmin uşaq sabah ailə sahibi olanda heç olmasa evinə bir parça çörək apara biləcək. Bir neçə alət var ki, simfonik orkestrlərdə həmin alətləri çalan musiqiçilərin qıtlığı yaranıb. Çünki valideyn öz uşağını həmin alətə yazdırmır. Ruslar, yəhudilər idi, onlar da indi İsraildə, Amerikada yaşayırlar. Biz sabah çox böyük problemlə üzləşə bilərik. Gələcəkdə himnimizi eşitmək üçün trombon çalana futbolçuya verdiyimiz pulu verə bilərik ki, gəlib orkestrdə çalsın, himnimizi eşidə bilək. Vəziyyət olduqca ciddidir. Bəstəkarlıqda da bu cürdür. Əvvəllər 5-6 nəfər qəbul olardı, indi iki nəfəri zorla axtarıb tapırıq. Gimnaziyada musiqi, rəsm ixtisasını öyrənən uşaqlar məktəbi qurtaranda iqtisadiyyat üzrə təhsil almaq istəyirlər. Çünki iqtisadiyyat gəlir gətirir. Bu gün musiqiçinin vəziyyəti çox çətindir. Toy biznesi ilə məşğul olanlar özlərini normal hiss edirlər.

Klassik musiqi ilə məşğul olanlar üçün çox ağırdır. Elə tələbələr var, konservatoriyanı bitirib, öz ixtisasları üzrə iş tapa bilmədiyinə görə, turist şirkətində, bankda işləyirlər.

- Deməli, biz valideynləri qınaya bilmərik ki, uşağını niyə kontrabas sinfinə qoymursan...

- Yəqin ki, bunun üçün dövlət proqramı lazımdır. Biz müsəlman ölkələri arasında seçilmiş ölkəyik. Bunun hansısa çıxış yolu olmalıdır. Bu gün kontrabas çalana ehtiyac böyükdür, amma kim övladına icazə verəcək ki, get kontrabas sinfində oxu? Üzr istəyirəm, sabah onu heç ölü basdırmağa da aparmayacaqlar.

- Yusif Səmədoğlunun “Bayatı-Şiraz” adında hekayəsi var. Səbzəli qazamatdakı özfəaliyyət dərnəyində kontrabas öyrənib orkestrdə çalır. Çünki başqa alət yox idi, ancaq kontrabas qalmışdı...

- Görürsünüz. Amma bütün bu alətlər bizə lazımdır. Bu sahədə Bakı Musiqi Akademiyası böyük işlər görür. Uşaq evlərində nəfəsli orkestr alətlərini təbliğ, tərbiyə edirlər. Bu, qismən boşluğu doldurur.

- Təyinat sistemi necədir?

- Təyinat sistemi işləmir, dağılıb. Bölgələrdə olan məktəblərdəki müəllimlər sovet vaxtı oxuyublar, bu gün artıq qocalıblar. Onların yerini dolduranlar yoxdur.

Bu problemlərin hamısını həll etmək lazımdır. Bölgələrdən qəbula savadlı tələbə gəlmir. Niyə? Çünki onu öyrədən müəllim ora getmir, yoxdur. Fitri istedad gəlir, savadı yoxdur.

- Təyinat sisteminə cavabdeh Təhsil Nazirliyidir?

- Bilirsiniz, musiqi məktəbləri Mədəniyyət və Turizm Nazirliyinin, konservatoriya və kolleclər Təhsil Nazirliyinin tabeliyindədir. Hamısı bir yerdə olmalıdır. Bütün dünyada konservatoriya Mədəniyyət Nazirliyinin tərkibində olur. Çünki verdikləri nəticə mədəniyyətə xidmət edir. Bizdə isə belə deyil. Təyinat sistemi yaransa, çox yaxşı olar. Bir neçə il əvvəl özüm bu məsələni həll etməyə çalışdım. Sorğu aldım ki, hansı rayona neçə müəllim lazımdır. Məzunlarımı yığdım, dedim, Goranboya kamança müəllimi istəyirlər. Biri dedi nişanlıyam, o biri dedi, atam buraxmaz. Bizim vaxtımızda isə təyinatla gedib, diplomu sonra almaq olurdu. Təyinatda olmayan adam diplom ala bilməzdi. Gəncəyə bir qız məzun göndərdim, gedib orda xoşbəxtliyini tapdı, ailə qurdu. Belə istisnalar var, amma əlbəttə, bu rəsmiləşsə, yaxşı olar.

- Rəsmiləşsə də, hansı məzun 200 manat maaşa gedib ucqar rayonda işləyəcək?

- O vaxt Təhsil Naziri Misir Mərdanov idi. Bölgələrdə çalışan müəllimlərə güzəştlər edilirdi, torpaq sahələri ayrılırdı. Bu, mənim yadımda idi. Özümüz təyinat keçirəndə nümayəndə dəvət elədim və dedim, uşaqlar, adi maaşın üç mislini alacaqsınız, torpaq verəcəklər, ev də tikə bilərsiniz. Nümayəndə dedi, Siyavuş müəllim, siz səhv edirsiniz, bu qayda musiqi məktəblərinə yox, orta məktəblərə aiddir. Bu nə qədər düzgündür? Niyə ucqarlarda orta məktəbdə işləyənə maaşın üç misli verilir, musiqi məktəbləri müəllimlərinə şamil olunmur?

Musiqi təhsil deyil? Belə şeylər adamı incidir. Yaxud başqa bir problemdən danışım. Ali məktəblər demək olar ki, təsərrüfat hesablı müəssisəyə çevrilib. 10-20 min tələbəsi olan ali məktəb özünü maliyyələşdirə bilər. Bəs 300-400 tələbəsi olan ali məktəb özünü necə maliyyələşdirsin?

- Siyavuş müəllim, son çəkilən filmlərə baxmısınız?

- Əvvəla, onu deyim ki, mənim həyatımın 30 ili kinostudiyaya bağlıdır. Anam da orda işləyib. Mən kinostudiyada böyümüşəm. Həm də Kinematoqrafçılar İttifaqının katibiyəm. Təbii ki, filmlərə baxmaq mənim vəzifə borcumdur. Son zamanlar çəkilən filmlər xoşuma gəlir. Gənc istedadlar var, cəlb olunublar, yaxşı filmlər çəkirlər. Müasir Azərbaycan kinosundan Elxan Cəfərovun, Yavər Rzayevin, Elçin Musaoğlunun adını çəkə bilərəm.

- Kitab necə, oxuyursunuz?

- Şeyx Əbdül Şah İsmayıl Xətai haqqında dördseriyalı film üçün ssenari yazıb, verib mənə. Çox ağır mövzudur. Bəstəkar kimi məni görürlər. Hələ onu oxuya bilməmişəm. Sizə qəribə gəlməsin, son vaxtlar daha çox sənəd oxuyuram, nəinki kitab. (Gülür).

P.S. Saatyarımlıq söhbət yekunlaşır, diktofonu söndürürəm. Mən sağollaşanda Siyavuş müəllim deyir: Görək, dediklərimi müsbət tərəfdən yazacaqsan, yoxsa mənfi? Söz verdiyim kimi rektorun dediklərini sözbəsöz yazdım, təhrifə yol verməməyə çalışdım. Bu, həm də öhdəlikdir. Nəticə çıxarmaq, qərar vermək isə oxucunun işidir. Hər halda, musiqi sahəsindəki problemləri gizlətmədiyinə, narahatlıqlarını dilə gətirdiyinə görə Siyavuş Kərimini ancaq alqışlamaq olar. Musiqilərini alqışladığımız kimi...

# 1475 dəfə oxunub

Müəllifin son yazıları

# # #