10 yaşından içki içən, özünə siyasi ad qoyulan, çinar ağacına and içən Xalq şairi

10 yaşından içki içən, özünə siyasi ad qoyulan, çinar ağacına and içən Xalq şairi
11 may 2020
# 16:13

Kulis.az görkəmli şair Musa Yaqub haqqında maraqlı faktları diqqətinizə çatdırır.

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur.

***

Azərbaycan Demokratik Cümhuriyyətinin şərəfinə görə atası adını Müsavat qoyub. Sonra “Vat”ı atıblar, Musa qalıb.

***

Gallery


Oxuduğu məktəbdə uşaq az olduğundan birdən-birə birinci sinifdən üçüncü sinfə keçirdiblər. Məktəbdə yaxşı oxuyan şagirdlərdən olub. Musa Yaqub o illəri belə xatırlayır: “ O zaman bizim kənddə məktəb yeddiillik olmadığı üçün qonşu Topçu kənd yeddiillik orta məktəbinə gedirdim. 12-13 yaşlı balaca uşaqlar düz 7 kilometr qarda, yağışda gedib-gəlirdik. Bu bizə ləzzət edirdi. Yönlü paltarımız, ayaqqabımız belə yox idi. Ağır müharibə dövrü təzə qurtarmışdı”.

***

Musa Yaqub həyata müəllim kimi atılıb. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim çalışır, daha sonra Buynuz kəndinə müəllim kimi təyin olunur və müdir olur. Bunuz kəndində 17 il müəllim, sonra isə 8 il məktəbin müdiri kimi çalışıb.

***

Şeir yazmağa Göyçay Texnikumunun üçüncü kursunda təhsil aldığı zamanda başlayıb. O illərdə texnikuma bədii qiraət üçün bir çox artistlər gəlib. Bu yolda ona ən böyük köməyi göstərən isə Məmməd Araz olub.

Gallery

***

Musa Yaquba məşhurluq gətirən “Bu dünyanın qara daşı göyərməz” şeiri olub. Sosialist inqilabının ildönümü münasibətilə şeir məclisi təşkil olunub. Ədəbi mühitin bütün tanınmış yazıçıları, şairləri orda idi. Qabillə, Mirzə İbrahimov Musa Yaqubun həmin şeiri oxumasını tələb edirlər. Musa düşünür ki, qara daş hara, inqilab hara, istəyir başqa şeir oxusun, amma Qabil qoymur. Şeiri oxuyur. Rəsul Rza “Çox gözəl şeirdir” deyəndən sonra hamı gurultuyla alqışlayıb.

***

Təbiəti, ağacları çox sevən şair, onlara inanır. Hətta bir dəfə çinar ağacına and da içib. Çinar haqqı! Doğulduğu Buynuz kəndində nəhəng bir çinar varmış. 1940-cı illərdə Ukraynadan qaçqın gələn ailə ağacın koğuşuna sığınıbmış. Hətta bir körpə də doğulur orda. Ailə çox uşaqlı olduğundan ağacın ətrafını bağlayıb ev kimi düzəldirlər. İçində ocaq da qalayırlarmış. Bir gün ağac şaqqıltıyla yıxılır, amma heç kimə ziyan vurmur. Bundan sonra o çinarı hamı müqəddəs hesab edib.

***


Özünün dediyinə görə, 10 yaşında malyariya xəstəliyinə tutulub, qızdırması düşmürmüş. Kimsə anasına deyib ki, araq içsə qızdırması düşər. Anası balaca Musaya araq verir və belə-belə içkiyə öyrəşib.

Gallery

***

Musa Yaqub 1995-2000-ci illərdə deputat kimi də fəaliyyət göstərib. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.

***


Şair parkinson xəstəliyindən əziyyət çəkir.

Gallery

***


Musa Yaqub 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adına layiq görülmüşdü.

# 10722 dəfə oxunub

Müəllifin son yazıları

# # #