“Ustad” jurnalının yeni nömrəsi çap olunub

“Ustad” jurnalının yeni nömrəsi çap olunub
7 mart 2020
# 10:11

Ədəbiyyat və sənət jurnalı olan “Ustad”ın 34-cü nömrəsi çap olunub.

Kulis.az xəbər verir ki, bu nömrədə müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, müsahibələr və digər sənət yazıları yer alıb.

Jurnal baş redaktor Şəmil Sadiqin “Teatrımızın dirilişi” yazısı ilə başlayır. Məqalə İlqar Fəhminin “Mənəm, mən...” mistik-psixoloji dramı əsasında YUĞ teatrının hazırladığı tamaşa haqqındadır.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə müsahibədə müasir kitabçılıq, mədəni tədbirlər fonunda kitaba maraq, regionlarda kitab oxuma həvəsi və s. haqqında danışılıb.

Filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın Dino Busattinin “Tatar çölü” romanı haqqında yazısı, Səlim Babullaoğlunun “Noyabr gündəliyi” jurnalının bu nömrəsində çap edilib.

Azərbaycan mühacirətinin ən görkəmli nümayəndələrindən olan Süleyman Təkinərin sovet tənqidi haqqında 1959-cu ildə Almaniyada çap olunmuş məqaləsi Azərbaycan dilinə uyğunlaşdırılaraq dərc olunub. Məqalədə sovet tənqidçilərinin Rəsul Rza yaradıcılığına münasibəti qabardılır.

Müasir türk ədəbiyyatından Hakan Bıçakıçının hekayələri AMEA-ın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirovanın tərcüməsində oxuculara təqdim edilib.

Azərbaycan bölgələrində son illərdə yaranan ədəbiyyatın janr və forma müxtəlifliyi, toxunular mövzular və s. barədə Nizami Hüseynovun “Bölgələrdə nədən yazılır?” məqaləsində məlumat verilib.

Pərvinin tərcüməsində Aykut Ərtoğrulun “Dünyanın ən qəzəbli hekayəsi”, Camal Şakarın “Bəzən gələcək gəlməz”, Güray Süngünün “İşıqlı baş”, Nəcib Tosunun isə “Balaca Bərivan” hekayələri, Ceylan Mumoğlu tərcüməsində isə Səid Faiq Abasıyanıqın “Açıq səma altında otel” hekayələri jurnalın bu nömrəsində yer alıb.

Kino-resenziya rubrikasında Kamran Şeyxzamanlı Con Lennonun ölümündən bəhs edən “27-ci hissə” filmi haqqında yazıb. Filmdəki “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə qəhrəmanın taleyi arasındakı paralellər şərh edilib.

Şeir rubrikasında Emin Pirinin, Orxan Yaşarın və Vasif Zöhraboğlunun şeirləri dərc olunub. Fərid Məmmədovun “Uçmağı öyrənmək” və Uraqanın “Qurban” hekayəsi də oxucuların ixtiyarına verilib. Eyyub Məmmədovun “Finişdən o yandakı həyat” esse-yazısı Salam Sarvan yaradıcılığına həsr olunub.

Jurnalın sənət rubrikasında “Kubizm – inteqrativ sənət” haqqında araşdırma yazı verilib. Rəssamlıqda kubizmin doğuluşu, əsas nümayəndələri və digər sənət sahələrində təzahürü barədə araşdırmanın müəllifi Nizami Hüseynovdur.

# 1601 dəfə oxunub

Müəllifin son yazıları

# # #