"Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər

"Məni bir qadın qucub, mələklər gəzsin barı..." - Pərviz Cəbrayıldan şeirlər
18 yanvar 2020
# 11:03

Bu gün yazıçı, şair Pərviz Cəbrayılın doğum günüdür. Kulis.az Pərviz bəyi təbrik edir və şeirlərindən bir neçəsini yayımlayır.

Mənim təmizkar qadınım

Qadınım mənim,

dostum,

sirdaşım,

otdaşım,

torpaqdaşım

sevdiyim,

bağrıma basdığım,

üzünü belə görmədiyim

yoldaşım!

Əsirsən mənim yolumda,

yollarımın üstündə

əsirsən,

silib-süpürmək istəyirsən

getdiyim yolu.

Deyirsən, ayaqqabılarım,

şalvarım,

köynəyimin yaxası,

ətəyi, qolu

bulaşmasın.

Ayağıma zərrəcə

zir-zibil dolaşmasın.

Qardaşım!

Yolumda gördüyün

o toz-torpaq,

yar-yarpaq,

boş araq şüşələri,

dibinəcən sümürülmüş

ucuz siqaret kötükləri,

şəklim olan

qəzet qırıntıları,

polisə çağırış vərəqələri,

qırıq qandal tayları,

yağlı çaxırtikanları,

qan damlaları,

canavar tələləri,

quş cələləri,

altı yollarda getmiş

taykeş ayaqqabılar,

vaxtı lap çoxdan bitmiş

qət-təzə sürücülük vəsiqəsi,

pul islahatından xeyli sonra

bir kitabın arasında

bulunan

dəyərsiz, şax,

bir illik çörəyə

yetəcək qədər

ölmüş kağız əsginaslar...

Üstündən iyirmi il ötəndən sonra

əlimə yetən

“hə” cavabı yazılmış

sevgi məktubu -

iyirmi il sonra yoluma sırınan

ayaq izləri...

Süpürmə,- deməyə

dilim gəlmir,

bir daha yoluma çıxmazsan, deyə.

Ama özün bil,

bu sil-süpürdən sonra

məndən zibil də qalmır...

Yollarımı geyib getdin

Getmişdin yaş gətirməyə?

Yenə hönkürməyə döndün?

Məni tabutda görməyə,

yerdən götürməyə döndün?

Yarı yerdim,

yarı göydüm,

yarı şəhər, yarı köydüm,

mən min ilin ölüsüydüm,

ölü öldürməyə döndün?

İçimi uralamışdın,

yandırıb yaralamışdın,

əkinə qaralamışdın;

ürək bitirməyə döndün?

Yollarımı geyib getdin,

sağa-sola əyib getdin.

Bunca yolsuz qoyub getdin;

evə ötürməyə döndün?

***

Ağaclar və qadınlar

Qadınlar

küçələrə tökülər,

ağaclar - əkilər küçələrə.

Fahişə deyərlər qadının

küçəyə töküləninə,

əkilənlər park olur.

Başının üstə

nə Allah durar, nə göy,

tökülən qadına

bütün sevgilər ögey...

yalnız əkilənə umud.

Ağacların dibində

tərini soyudan...

tökülmüş qadınların gözündən

bitmədən yaş axar.

Parklar fahişələrin gözündən

içdiyi sudan yaşıllaşar,

sıxlaşar.

Gecələr heç kim görməz,

ayaq çəkilincə yörədən

allahsız, göysüz

fahişə qadınlar ağaclarla

necə iç döyüb,

qadınca qucaqlaşar...

***

Aparır

Ruhumu göylər tovlayıb,

cəsədimi yer aparır.

Alnımdakı yazıları

yuyub-yuyub

tər aparır.

Aydan arı, sudan duru,

Ay Günəş,

səni qız qarı.

Çırağım ol səni tarı,

getdim, məni gor aparır.

Bu mənin adı mənimdi,

taleyi-baxtı mənimdi.

Mən ölüm, bu Tanrı dəmdi-

Cənnətə də dərd aparır.

Say, göyün yox ulduzların,

saya alma sansızların.

Bax belə...

yüz yerə sarı

səni bir fikir aparır?..

Dəli adam

Bir il də basdırdın getdi,

Bu gün çıxır ili, adam!

Sənə ömürlük iş düşür,

Ay illər qatili adam.

Gizlənqaç oynama Haqnan,

Nə böyüknən, nə uşaqnan,

İçin görünür uzaqdan,

Aynalı, şüşəli adam...

İtər, əriyər içində,

susar, kiriyər içində,

ölər çürüyər içində...

yenə də nəşəli adam.

Çatır ixtiyar yaşına,

çaşıb qalırsan işinə:

ağ tük çıxammır başına -

qat-qat, mərtəbəli adam.

Bu dünyası soyuq məzar,

“soyuq məzar”dan kim bezar?

Durub, bir də şeir yazar

məzardakı ölü adam?

Dəli adam... Dəli adam..

Ağacların ayaqları

Sahil parklarında

ağacların üzü

dənizə baxar.

Üzü dənizə bitən

ağacların

gəmiyə minib

dənizi dolaşmaqdan ötrü

ürəyi axar.

Öndə göy dəniz,

dənizdə -

göyərmiş özgürlük.

dənizin üzünə

yaxmac kimi çəkilmiş

neftin altında

boğulub

gəbərmiş özgürlük.

Arxada...

yasaqlanmış,

unudulmuş bir ada -

“AZADLIQ” meydanı.

Hanı,

hanı, azadlıq

hanı?

Hürr başı

uçunar

bir - dənizə,

bir - dartınar

Meydana sarı...

Ama hanı?..

Ağacların

üstü betonlanmış,

asfaltlanmış,

zəncirlənmiş ayaqları!

Can atar,

ayaqlar can atar

yer altdan

Meydana sarı.

Mən ilk kərə mənsiz

Gecə keçib yarıdan,

yollar qərib, kimsəsiz:

Keçirin işıqforları.

Bir məndim, məndən keçdi...

Məni bir qadın qucub...

Mələklər gəzsin barı...

Keçirin işıqforları!

Keçirin işıqforları...

# 3442 dəfə oxunub

Müəllifin son yazıları

# # #