Maraqla oxuyacağınız bioqrafik kitablar - Siyahı

Maraqla oxuyacağınız bioqrafik kitablar - Siyahı
17 mart 2023
# 17:00

Kulis.az maraqla oxuyacağınız bioqrafik kitablardan bəzilərini təqdim edir.

1. Hillari Klinton - “Çətin seçimlər”

H.Klintonun “Çətin seçimlər” adlı yeni memuarı təhlilçilər tərəfindən onun böyük siyasi meydana qayıdışının prelüdiyası kimi dəyərləndirilir. 635 səhifədən ibarət kitabın böyük hissəsi xanım Klintonun Obamanın prezidentliyinin birinci dönəmində Amerikanın baş diplomatı olduğu illər ABŞ-ın xarici siyasətinə həsr edilib.
Dövlət katibi olduğu illər dünyanın 112 ölkəsinə səfər edərək, 1,5 milyon kilometr yol qət edən Hillari Klinton kitabında xarici siyasət sahəsində 21-ci əsrin sınaqları və ABŞ-ın qlobal liderliyi, eləcə də beynəlxalq xarici siyasət haqda fikirlərini bölüşüb.

Dünya mətbuatında kitab haqqında müxtəlif müsbət fikirlər dərc olunub.
– "Məharətlə və həssaslıqla yazılmış bir kitabdır..."("THE NEW YORK TIMES")

– "Məlumatlar aydın, yeri düşdükcə isə olduqca maraqlıdır"("THE WASHINGTON POST")

– "Çox dəyərli, hətta heyrət doğuran bir kitabdır"("FOREIGN AFFAIRS")

– "Özündə tarixə dair dəyərli məlumatlar ehtiva edir..."("THE HOUSTON CHRONICLE")

– "Heyranedici hekayədir... Burada hər şeydən öncə özünü göstərən məqam Klintonun qırılmayan əzmidir".
"THE GUARDIAN" (BÖYÜK BRİTANİYA)

Çətin seçimlər

2. “Nelson Mandelanın avtobioqrafiyası”

Nobel mükafatı laureatı Nelson Mandela Afrika Milli Konqresinin sədri, anti-aparteid hərəkatının rəhbəri kimi dünyanın böyük mənəvi-siyasi liderlərindən biri olub. Onun həyat hekayəsi, - siyasi şüurunun formalaşdığı dövrdən tutmuş ömrünün həbsxana divarları arasında keçən, hadisələrlə zəngin dörddə bir hissəsinə kimi, Cənubi Afrikanın ilk çoxirqli seçkilərindəki mühüm qələbəsinə kimi, - mübarizə, uğursuzluq, yenidən doğan ümid və böyük zəfər epopeyasıdır.

Nelson Mandelanın avtobioqrafiyası

3. Yılmaz Özdil - “Mustafa Kamal”

Yılmaz Özdil kitabda Türkiyə Cümhuriyyətinin qurucusu Musatafa Kamal Atatürkün həyatını qələmə alıb. Onun qazandığı uğurlardan, ictimai həyatda, xüsusilə qadın hüquqları sahəsində həyata keçirdiyi islahatlar, təhsildə əldə etdiyi nailiyyətlər -mədəniyyət-sənət-iqtisadiyyat-kənd təsərrüfatı-sənaye-gündəlik həyat və dövr üçün unikal sayıla biləcək digər sahələrdə gördüyü işlərdən söz açıb. Burada həm də Mustafa Kamalın sənətsevər və ziyalı şəxsiyyəti, heyvansevərliyi, uşaq sevgisi və digər yüksək xüsusiyyətlərin bəhs edib.

Mustafa Kamal

4. Walter Isaacson - "Stiv Cobs"

Kitab texnologiya nəhəngi, “Apple”ın yaradıcısının həyatından bəhs edir.

Benjamin Franklin, Albert Einstein kimi ustadların tərcümeyi-hallarını oxuculara çatdıran müəllif Walter Isaacson bu dəfə Stiv Cobsun həyatını qələmə alıb.

Kitabda S.Cobsun necə həyat sürdüyü, xarakteri, “Apple”ı yaratmağa nə vaxt və necə qurmağa qərar verməsi və xəstəliklə mübarizə prosesləri oxuculara təqdim edilib.

(*Kitab rus dilindədir).

5. "Yaşıl işıq"

Kitabda məşhur Hollivud aktyoru Metyu Makkonahinin həyatı əks olunub.

Əsrin əvvəllərində romantik komediyaların ulduzuna çevrilən Metyu Makkonahi sonradan bunun əksi olaraq özünü ciddi dramatik aktyor kimi sınamaq qərarına gəlir. O, kitabda bu qərarın ona nəyə başa gəldiyindən və həyatını dəyişdirən digər qərarlardan danışıb.

(*Kitab rus dilindədir)

6. Viktor Tsoy “Sonuncu qəhrəman”

Kitab amerikalı müğənni, musiqi prodüseri, Qərbdə sovet və postsovet rok mədəniyyətinin ən mühüm adamlarından, təbliğatçılarından biri olan Viktor Tsoyun həyatından bəhs edir.

Kitabda ilk dəfə olaraq KINO qrupunun rəhbəri Aleksandr Tsoy, Boris Qrebenşçikov, Yuri Kasparyan, Aleksandr Titov, Aleksandr Kanın qohumları, həmkarları və dostlarının nadir foto və video kadrları, nadir müsahibələri və xatirələri dərc olunub. Kitab Rusiyada və dünyada Tsoyun musiqisi, sözləri, rəsmləri ilə təmasda olmaq istəyən hər kəsə hədiyyədir.
(*Kitab rus dilindədir)

7. J. R. Moehringer – “Spare”

“Spare”10 yanvar 2023-cü ildə işıq üzü görmüş Şahzadə Harri, Susseks hersoqu tərəfindən yazılmış xatirədir. 416 səhifə həcmində olan kitab rəqəmsal və cildli formatlarda mövcuddur. On beş dilə tərcümə edilib.

Qeyd edək ki, kitab son 10 ilin ən çox ön sifariş alan nəşrlərindən biri olub və dünya miqyasında böyük müzakirələrə səbəb olan memuar çapdan çıxmazdan əvvəl böyük qalmaqallara səbəb olub.

(*Kitab ingilis dilindədir)

8. Ashlee Vance – “Elon Musk: Inventing The Future”

Cənubi Afrika əsilli İlon Mask PayPal, SpaceX, Tesla və SolarCity-nin arxasında tanınmış sahibkar və novatordur. Musk planetimizi xilas etmək; vətəndaşları kosmosa göndərmək, Marsda koloniya yaratmaq istəyir. O, bunları edərkən pul qazanmağın çox vacib olduğu da unutmur.

Amerikalı biznes müəllif Ashlee Vance tərəfindən yazılan kitab müasir dövrümüzlə səsləşir.

(*Kitab ingilis dilindədir)

9. Robert Dallek – “John F. Kennedy : An Unfinished Life 1917-1963”

“Bitməmiş həyat: Con Kennedi, 1917–1963” — 1963-cü ildə sui-qəsd nəticəsində öldürülən ABŞ-ın 35-ci prezidenti Con Kennedinin 2003-cü ildəki tərcümeyi-halıdır.

Tarixçi Robert Dallek heç vaxt açılmamış arxivlərdən istifadə edərək, Cek Kennedi haqqında bilmədiyimiz sizlərin üstünü açır. Onun həyatı, prezidentliyi və irsi haqqında kitabda təqdim etdiyi faktlarla oxucuları heyrətləndirir.

(*Kitab ingilis dilindədir).

Qeyd edək ki, siyahıdakı kitabların hamısı TEASS Press Nəşriyyat Evi tərəfindən dərc olunub və LİBRAFF kitab mağazaları şəbəkəsinin bütün filiallarında satışda var.

# 2238 dəfə oxunub

Müəllifin son yazıları

# # #