Yumurta qabığı - Hekayə

Yumurta qabığı - Hekayə
20 avqust 2020
# 16:29

Evimiz dağətəyi zonada yerləşirdi. O vaxt yadımdadır, uşaq olanda ən böyük əyləncəmiz dörd yanımızı mühasirəyə almış kimi görünən dağlara qalxmaq idi. Mən astma xəstəsi idim deyə, uşaqlar da mənə görə çox yuxarı qalxa bilmirdilər. Qalxdığımız təpələrə isə öz ağlımızca adlar qoyub, fəthimizi isbatlayan uzun çubuqlar da basdırırdıq.

Bir gün yenə uşaqlarla yığışıb Qarğa ( bu adı dostum qoymuşdu, səbəbini soruşanda isə çiyinlərini yuxarı dartıb başını sağa əymişdi) təpəsindən bir az daha hündürünü fəth etmək üçün hazırlaşırdıq. Həmişə evdən çıxanda aerozolumu yanımda götürürdüm. Nəfəsim çatmayanda bir iki dəfə sehirli düyməsinə basırdım, hər şey düzəlirdi. Bu dəfə isə yadımdan çıxmışdı. Elə təzəcə evdən çıxmışdıq ki, bir də gördüm kimsə sürətli addımlarla arxamızca gəlir. Anam idi :

-Başın batmasın, ay Rüfət, nə vaxta qədər belə quş olacaqsan?

Anamın narahatlığı üzündən bəlli idi. Mən isə o vaxtki uşaq ağlımla “Eeee, ana, bəsdi də. Yadımdan çıxıb da, niyə böyüdürsən?” demişdim. Anam da qolumdan yaxşıca bir çimdik götürüb “Bir də yaddan çıxarsan, bütün yayı evdə oturacaqsan” deyib getmişdi.

Bu dəfəki fəthimiz Qarğa təpəsi ilə qarşı-qarşıya olacaqdı. Düzdür, oradan baxanda Qarğada basdırdığımız çubuğu görməyəcəkdik, amma nişanı daha da aşkar etmək üçün planlarımız vardı. Evdən icazəmiz axşam saat altıya qədər idi. O vaxt evdə olmasaq, qadağalar daha da arta bilərdi. Keçən ay dostumuz Azər evə bizdən gec getdiyi üçün bu ay çölə çıxmasına icazə verilmirdi.

Yolumuz uzun idi. İlk olaraq balaca təpələr başlayırdı, onları qalxıb düşdükdən sonra isə əsas hədəfimizə doğru addımlayırdıq. Vəhşi heyvanlar deyilənə görə vardı, amma biz çox da içərilərə, daha sıx ağac olan yerlərə yanımızda böyüklərdən biri olmadan getmirdik. Balaca təpələrdən birini keçmişdik ki, astmam bu dəfə özünü tez göstərdi. Nəfəs almam get-gedə çətinləşirdi. Silahımı çantamdan çıxarıb, boğazıma tuşlayaraq sehirli düyməsinə basdım.

“İki dəfə, düz boğaza” həkim belə demişdi. Ancaq ikinci dəfə sehirli düyməyə basdıqdan sonra boğazımda o sərinliyi və rahatlığı hiss edə bilmədim. Deyəsən silahımın içi boşalmışdı. Uşaqlardan üçü öndə getsə də, Fərhad mənimlə bərabər idi. Vəziyyəti görüb qabaqdakılara səsləndi:

-Uşaqlar, dayanın, Rüfətin halı yaxşı deyil.

Qəbul edirəm, bir az qorxaq uşaq idi. Halım pis deyildi, nə də olmasa, düymə bir dəfə işləmişdi, amma yaxşı da sayılmazdı, çünki ciyərlərim də tam açılmamışdı.

Uşaqlara onların davam etməsini, özümün isə evə qayıdacağımı dedim. İlk olaraq Fərhad mənimlə evə qədər gəlmək istədi, amma onu da sakitləşdirib digər dostlarımla göndərdim. “Təpəyə sənin adını verəcəyik”, dedi Fərhad. “Onun öz təpəsi var” dedi, Əhməd. Hamı birdən gülüşdü. Cavabsız qala bilməzdim:

- Onda təpəyə Əhmədin adını verərsiz, - cümlənin ardın gətirməyimə ehtiyac yox idi, hər kəs gülməkdən qarnını tutub, yerə çöməldi.

Onlar fəthə doğru getdi, mən isə evə qayıdırdım. Birdən yaxınlığımdakı ağaclardan birindən çıqqıltı eşitdim. Deyəsən, ağaclardan birinin arxasında nəsə var idi, ciyərim hələ də dözə bilərdi və mən ağacın arxasına baxacaqdım. Sola dönüb səsə tərəf getdim. Səs təxmin etdiyim kimi ağacın arxasından gəlirdi. Qara rəngdə balaca it idi, yəqin ki, sahibi yox idi. Çöl itinə oxşayırdı. Ağacın arxasında o tərəfə, bu tərəfə gedirdi. Deyəsən, nəsə axtarırdı. Məni görüb qorxmasın deyə bir az uzaqda qalıb iti izlədim. Astmamın yenidən şiddətlənə biləcəyini unutmuşdum. Bir az diqqətlə baxdıqdan sonra itin boş yerə gəzmədiyini gördüm. İt balaca bir sahəyə yerdə çoxdan qurumuş yarpaq, çör-çöp yığırdı. Yavaş addımlarla yaxınlaşdım. İt məni görən kimi hücuma keçən əsgər vəziyyətini alıb, dişlərini qıcadı. Hələ tam yerinə oturmamış, qorxuducu olmayan incə səsi ilə üstümə bir-iki dəfə də hürdü. İtə zərər verməyəcəyimi göstərmək üçün əllərimi yuxarı qaldırıb ovuclarımı açdım. Artıq aramızda elə də məsafə yox idi, it isə dişlərini qıcamaqdan əl çəkmirdi. Sağ əlimi yavaşca endirib burnu üzərində havada saxladım. Bir az qoxladıqdan sonra təhlükəli olmadığımı sezdi. Əlimi başına toxundurub sığallamağa başladım. Anam çöldə itlərə, pişiklərə toxunmamağımı tapşırmışdı, amma mən ondan xəbərsiz həmişə bu qadağanı pozurdum.

- Nə edirsən? Məqsədin nədir?

Məni başa düşməyəcəyini bilsəm də, yenə də danışmaq istəyirdim. Cavab versə, çox maraqlı olardı, amma üç yaşımdan heyvanların danışa bilmədiyinə əmin olmuşdum.

İtin başını sığallaya-sığallaya üstünü örtməyə çalışdığı yeri açmağa başladım. Mırıldanması narazı olduğunu göstərirdi, ancaq təhlükəli olmadığımı görüb nəsə də etmirdi. O da mənim kimi sonu gözləyirdi. Çör-çöpləri, yarpaqları o tərəf bu tərəfə səpələdikdən sonra torpağın üzərində balaca, üzəri çilli yumurta peyda oldu. Hansısa quşun yumurtası idi. Formasından, oxşarlığından keçən il həyətimizdəki ağaclardan birində yuva quran qaranquşun yumurtasını xatırladırdı.

Deyəsən, itlərdə də biz insanlar kimi idi: Böyükləri insafsız, balacalar isə ürəyiyumşaq. Bəlkə də içində yeni bir canın yaranmasını hiss etmişdi, bəlkə də eləcə oyuncaq kimi davranırdı, amma yumurtanı içmək əvəzi üstünü örtüb qorumağa çalışırdı. Bir az da izlədikdən sonra ayağa qalxıb evə doğru addımladım. Əslində içimdən o iti də evə aparmaq keçmişdi, amma valideynlərim qarşı çıxıb iti yenidən meşəyə göndərtdirəcəkdilər. Hətta bundan sonra məni də harasa getməyə qoymaya bilərdilər.

Qayda 1: Heyvanlara toxunmaq olmaz!

Mən isə bu qaydanı pozmuşdum. Hər gün gəlib yemək gətirmək ağlıma batdı. O yumurtası ilə daha xoşbəxt idi.

Belə də etdim. Sonrakı günlər bəzən uşaqlardan xəbərsiz, bəzən də haranısa fəth etməyə gedəndə mən sıradan ayrılıb itə nələrsə verirdim. İt də sanki bütün dünya o balaca yerdən ibarətmiş kimi eləcə üzərini örtdüyü yumurtanın yanında oturmuşdu. Həmişə də məni görəndə dilini çıxarıb ləhləyirdi. Artıq yumurtadan başqa bir dostu da var idi – Mən.

Bir gün tərli-tərli bumbuz suda çimib üstünə də bumbuz su içdiyimə görə sətəlcəm olub yatağa uzandım. Bir həftə yatağımdan qalxa bilmədim. Yenə də qaydaları pozmuş və əzabını çəkirdim. Anam da başımın üstündə dayanıb gah ağlayır, gah da tənbeh edirdi. Qızdırmam bir həftə ərzində gah düşüb, gah da qalxırdı.

İkinci həftə isə artıq özümə gəlməyə başladım. Qızdırmam azalmağa doğru gedir, taqətim yerinə gəlirdi. Ancaq həkim yenə də qalxmağa icazə vermirdi. Huşumu itirib yerə yıxıla bilərdim. Bədən özü-özünü yeniləməli idi. Üçüncü həftə artıq əvvəlki kimi idim. Çoxdandır ki, çölə çıxmırdım və dağətəyi yerdə evdə yaşamaq bir uşaq üçün necə çətindir, bunu bilməzsiniz.

Anamdan güclə icazə alıb meşənin yolunu tutdum. Görəsən üç həftədir it nə edirdi? Görəsən darıxmışdımı mənim üçün? Əslində ad qoymaq heç ağlıma gəlməmişdi. Heç çağırmağa da ehtiyac yox idi axı, həmişə onu ağacın arxasında, yumurtanın yanında tapırdım. Bu dəfə də həm sağalmağım, həm də iti görəcəyimin sevincindən fit çala-çala meşəliyə sarı gedirdim. Nəhayət həmin o ağaca gəlib çatdım. Nə it vardı, nə də yumurta. Yəqin yemək dalıyca gedib, bir azdan gələr deyə düşünüb, yumurtanı axtarmağa başladım. Yumurtanı tapmadıqca daha da narahat olurdum. Yemək axtarmağa gedibsə, yumurtanı niyə aparsın? Ya da yumurta onun ağzında qalacaq qədər möhkəm qabıqlı deyil, axı. Gözləməyin mənasız olduğunu görüb iti axtarmağa başladım. Adı da yox idi, necə çağıracağımı bilmirdim. Elə bir az getmişdim ki, qarşıda qaraltı gördüm. İki ağacın ortasında otların bir az çox olduğu yerdə nəsə var idi . “Ay, xətakar, burda niyə oturmusan?” deyib, gülə-gülə yanına yaxınlaşdım. Çatan kimi gülüşüm üzümdə dondu. Əslində qorxudan qışqırmalı idim, amma nəfəsim o qədər daralmışdı ki, qışqıra da bilmirdim. Əlimi o an cibimdəki aerozoluma doğru atıb, çıxardım. Həmişəki kimi iki püskürmədən sonra özümə gəldim.

Özümə gəldimsə də , qarşımdakı mənzərənin təsirindən hələ çıxa bilməmişdim. İtin düz qabağında qarın hissəsi boyunca parçalanmış uzun ilan vardı. Əvvəl diri olduğunu sanıb geri çəkildim, amma parça-parça olmuş bədənini görəndən sonra yaxına getməyə cürət tapa bildim. İt öləcəyini bilirmişcəsinə yerə sərilib, başını önə doğru uzatmışdı. Pəncələrindən birinin yanında yumurta qabığı vardı. İlanın ağız tərəfində isə yumurtanın qalan hissələri parça-parça səpələnmişdi. İçindəki maye artıq quruyub getmişdi. Yəqin ki, ilan yumurtanı götürəndə it görüb və aralarındakı mübarizə də o anda başlayıb. Nə ilan yumurtanı yeyə, nə də it qoruya bilib. İtin də ölməsinə səbəb boynundan ilanın sancması idi. Diqqətlə baxanda ordan qan açıldığın görmək olurdu. Ancaq o qan da artıq kirəcləşib, qurumuşdu.

Hadisənin təsirindən çıxan kimi ordakı ağaclardan birinə yaslanıb hönkürtü ilə ağladım. Heç kimin olmaması yaxşı hal idi, çünki iti görüb harasa zibil kimi tullayardılar. O anda bilmədim, niyəsə əlim yenidən cibimə getdi. Yəqin ki, uşaq ağlımdan ciyərlərimi rahatladan o silahın burda da kömək olacağını düşünmüşdüm. Sehirli düyməni iki dəfə basdım. “Fıs”, “Fıs” səslərindən sonra itin qalxıb, əlimi yalayacağın düşündüm. Ancaq yox, zibilə qalmış bu dəfə işləmədi.

Şəhram Sadıqzadə

# 9294 dəfə oxunub

Müəllifin son yazıları

# # #