Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov
18 oktyabr 2024
# 11:08

Kulis.az Feyruz Muradovun "Fotoqrafın həyatının son günü" hekayəsini təqdim edir.

Adamlar var ki, qəribə ölümləri ilə diqqət mərkəzinə düşürlər. Ətrafdakı bütün adamların diqqətləri bir anda onlara sarı yönəlir. Hamı onun barəsində danışmağa başlayır.

Fotoqraf Seyfi də məhz belə adamlardan biri oldu. Amma sağlığında onun ağlına belə gələ bilməzdi ki, belə bir qəribə ölümlə həyatı tərk edəcək və hamı onun ölümü barəsində danışacaq.

Seyfi çəkdiyi fotoları kompyuterdə işlədikdən sonra, axşamüstülər dükana getməyi xoşlayırdı. Beləcə o həm gəzərək dincəlir , həm də evinə ərzaq alıb gətirirdi . Hərdən yolda köhnə tanışı Raufla rastlaşırdılar. Rauf axşamüstülər tək gəzməyə çıxır, şəhərin küçələrini piyada gəzməyi sevirdi. Seyfi onun bu xasiyyətinə bələd idi. Odur ki, Raufla rastlaşmaq və onunla bir qədər dərdləşmək üçün məhz günün bu vaxtında dükana getməyi bəhanə edib evdən çıxırdı. Həmişə rastlaşa bilməsələr də , hərdən təsadüfü yolları kəsişirdi. Seyfi Raufun havasını dəyişmək məqsədi ilə evdən çıxdığını bildiyindən əvvəlcə onunla ərzaq mağazasına getməsini və bundan sonra birlikdə gəzmələrini təklif edirdi. Rauf hər dəfə onun təkifini həvəslə qəbul edirdi.Axı heç də hər gün rastlaşmırdilar. Axşam qaranlığında şəhərin küçələrində gəzdikləri zaman Seyfi öz valeynlərindən, qohumlarından , uşaqlıq illərindən söhbət açırdı. Moskvada keçən tələbəlik illərini xatırlayırdı. Seyfi bir dəfə onun dünyasını dəyişmiş valideynləri barədə bir kitab yazmasını xahiş etdi. Əslində onun Raufla görüşməyə məqam axtarmasının səbəbi bu idi. Rauf bir qədər fikrə gedərək cavab verdi :

- Onlar dünyalarını çoxdan dəyişiblər. Ölümlərindən çox zaman keçib.İndi onlar haqda kitab yazmaq gecdir. Vaxtında olsaydı olardı.Onların zamanında yaşamış adamların əksəriyyəti artıq həyatda yoxdurlar. Odur ki, bu kitabla maraqlanıb oxuyan çox az adam olacaq.Yalnız ailə üzvləriniz üçün kitab maraqlı doğuracaq. Bu da çox azdır. Kitab çap olunsa da, evin bir küncündə yığılıb qalacaq.

Bununla da kitab söhbəti bitdi. Raufun ağlına belə gəlmirdi ki, bu söhbət və görüşlərindən bir müddət sonra Seyfi qəribə tərzdə dünyasını dəyişəcək. O, bir də heç vaxt axşamüstü gəzməyə çıxanda Seyfini görməyəcək. Seyfi daha bir də heç vaxt axşamüstülər binaların arasından görünərək ona tərəf gəlməyəcək və bir də qaranlıq küçələrdə söhbət edə-edə gəzməyəcəklər.

Rauf yerli qəzetdə işləyirdi. Düzdür o ali təhsil almamışdı və redaksiyaya jurnalist kimi işə qəbul edilməmişdi. Amma geniş mütailəli , istedadlı olduğu üçün məzmunlu yazıları ilə qəzetdə çıxış edir və oxucuların rəğbətini qazanırdı. Yerli camaat Raufu istedadlı jurnalist kimi tanıyırdılar. Rauf Seyfi ilə elə redaksiyada tanış olmuşdu. Seyfi ara-sıra redaksiya üçün şəkil çəkib gətirirdi. Elə o zamandan tanışlıqları başlamışdı.

Seyfi uşaq yaşlarından fotoqrafiya ilə məşğul olurdu. Anası bağça direktoru idi. Atası isə ali təhsilli mühəndis . O, neft sahəsində çalışırdı. Atası bir dəfə Moskva şəhərinə gedərkən o vaxtlar, sovet hökuməti dövründə çox yayılmış “Zenit” markalı fotoaparat alıb gətirdi. Şəkil çıxarmaq üçün digər qurğular da aldı. Sovet hökümətinin dövründə bu fotoaparatlar çox baha qiymətə satılırdı. Hər kasıb-kusub adam bu fotoaparatı alıb işlədə bilməzdi. Seyfiyəsə belə imkan verilmişdi. Bunu görən məktəbli Seyfi fotoqrafiyaya maraq göstərməyə başladı. Seyfi zirəng uşaq çıxdı. Elə orta məktəbdə oxuduğu illərdən şəkil çəkib pul qazanmağa başladı. O, illərdə hind filmləri çox populyar idi. Filmlərdən olan kadrlar qəzet köşklərində satılırdı. Seyfi də şevik tərpənərək kinomexaniklərdən hind filmlərinin kadrlarını pulla alıb şəkillər çıxarırdı. Çıxardığı şəkilləri köşkə 10 qəpiyə təhvil verir, oradasa şəkilləri alıcılara 20 qəpikdən satılırdı.

Artıq orta məktəin yuxarı siniflərindən başlayaraq Seyfi rayonda fotoqraf kimi tanındı. O, məktəb tədbirlərində , texnikomda keçirilən “Mavi gecə” yığıncaqlarında fotoqraf kimi iştirak edirdi. Bir tədbirdə yüzlərlə şəkillər çəkir və çəkdiyi şəkilləri gecə ilə çıxarıb müştərilərinə çatdırırdı. Müqabilində yaxşı qazancı olurdu . O, əvvəlcə atası ilə, sonralar isə tək Bakıya hətta Moskvaya gedir və şəkil çıxarmaq üçün lazım olan dərmanlar, fotokağızlar alıb gətirirdi. Sanki o yaşından qabaq inkişaf etmişdi. Yeniyetməlik yaşlarından başlayaraq pul qazanmağa başlamışdı. Orta məktəbi bitirdikdən sonra o Moskvaya yollandı. Moskva şəhərində fotoqrafiya instituna daxil oldu. Bu SSRİ-i məkanında yeganə belə məktəb idi. Dörd il Moskvada təhsil aldı.

Lakin həyat bəzən insanla acı zarafatlar etməyə xoşlayır. Sanki həyat sənə hər şey verib səni arxayınlaşdırır. Həyat sənə yalnız xoş üzünü göstərir. Sən onun başqa üzünün olmasını unudursan, yaddan çıxarırsan. Həyatın belə bir üzünün olduğundan xəbərsiz olursan. Sənə elə gəlir ki, həyatın pis üzü yalnız başqa adamlar üçün ola bilər. Sənin üçünsə ola bilməz. Bu aldanışdır. İnsanın sadəlövhlüyüdür.

Seyfi artıq 26 yaşına çatmışdı. O yeniyetmə yaşında pul qazanmağıyla ətrafdakıların təəccübünə səbəb olurdusa, artıq 26 yaşında pul qazanması heç kəsi heyrətləndirmirdi. Bir yandan da anasının 52 yaşında qəfil dünyasını dəyişməsi Seyfiyə ağır zərbə oldu. Bundan cəmi bir il sonra atası da dünysını dəyişdi. Aldığı ağır həyat zərbələri Seyfini xeyli sarsıtdı. Bir neçə il depresiya və ruh düşkünlüyünün təsiri altından çıxa bilmədi. Hiss edirdi ki, bundan sonra daha heç bir vaxt əvvəlki illərdə olduğu kimi xoş həyat yaşaya bilməyəcək.

Seyfi evlənmişdi. Ailəsi , iki övladı var idi. Onlara görə özündə güc tapmalı idi. Valdeynləri həyatdan getsələr də vəzifədə işləyən dayısı var idi. Düzdür dayısı onların rayonunda yaşamırdı. Bakıda yaşayırdı.Özü də polisdə zabit idi. Bir də bibisinin həyat yoldaşı Elnur müəllim vəzifədə idi. O, bu rayonda yaşayırdı. Elnur yaşca Seyfidən 13 yaş böyük idi. İdman institunu qurtarmışdı. Xeyli müddət məşqçi işləmişdi. Yaşa dolduqdan sonra uşaq gənclər idman məktəbinə müdir keçmişdi. O, mübariz xarakterli , nikbin təbiətli bir adam idi. Onun Seyfiyə təsiri çox böyük idi.

Bir tərəfdən də cəmiyyətdə təlatümlü prosseslər yarandı. Sovet ittifaqı kimi bir dövlət dağıldı. Müstəqillik dövrü başlandı. İlk illər xüsusilə ağrılı keçdi. Seyfi hətta ata-anasının erkən itkisini də unutmağa başladı. Həyat özü bunu ona məcbur edirdi. Həyat çətinləşmişdi. Müəssisələrdə iş dayanmışdı. Məktəblərdə , texnikomlarda daha uşaqlar nə şəkil çəkdirirdilər nə də vinetka. Seyfi pul qazanmaq məqsədi ilə Moskva şəhərinə getdi. O, sovet dövründə dörd il Moskvada təhsil almışdı. Şəhərə bələd idi . Lakin indi dövran ayrı dövran idi. Seyfi bazarda yer götürüb pal-paltar alveri etməyə başladı .Ürəyincə olmasa da dolanışıq üçün bundan ayrı yolu yox idi. Bir neçə il beləcə keçdi. İllər keçdikcə, tədricən vətənində vəziyyət yoluna düşürdü. Evdə də Seyfinin geri, evinə qayıtmasını istıyirdilər. Seyfi də evinə döndü.Yenidən fotoqraf sənətinə qayıtdı. Artıq məktəblərdə və pedaqoji texnikomda uşaqlar yenidən vinetka şəkilləri çəkdirməyə başlayırdılar. Pedaqogi texnikomun müdiri Seyfini görən kimi tanıdı. Onun texnikomda yenidən fotoqraf kimi fəaliyyətinə razılıq verdi. Seyfi işinə çox can yandırırdı. Kompyuterdə şəkilləri düzəldmək üçün yeni proqram öyrəndi. Vinetka şəkilləri kompyuterdə yığarkən özünıməxsus formalar düşünüb tapırdı. Onun yığdığı vinetkalar heç kimin işinə bənzəmirdi. Tam fərqli olurdu. Seyfi orta məktəblərdə, uşaq bağçalarında da işlər götürdü.Yenə əvvəlki kimi yaxşı qazanc əldə etməyə başladı. Böyük oğlunu evləndirdi . Ona ev aldı.

Hərdən bibisinin həyat yoldaşı Elnur müəllim də zəng edrdi. Onu idarəyə gəlib şəkil çəkməyə çağırırıdı. O, başqa tanış idarə müdirlərinə də xahiş edirdi ki, əgər iş olsa Seyfini çağırsınlar. Onlar da dostları Elnur müəllimin sözünü yerə salmırdılar. Zamansa öz işini görürdü. Elnur müəllimin ürəyində problem yaranmışdı. Bir dəfə infarkt keçirmişdi. Müalicə alıb yaxşı olmuşdu. Amma rejiminə ciddi əməl etməli idi. Seyfi onun yanına gələndə səhhəti ilə maraqlanırdı. Elnur da hər dəfə ona nikbin cavab verirdi. Hətta xəfifcə gülümsünürdü də . Necə olmasa Elnur müəllim keçmiş idmançı , idman ustası idi. Seyfi bibisinin həyat yoldaşının belə mərdliyinə heyrət edirdi. Özü də onun kimi bu xüsusiyyətlərə yiyələnməyə çalışırdı, onun kimi olmaq istəyirdi.

Seyfinin işləri günügündən yaxşılaşırdı. O, qonşu rayonların da məktəblərinə gedir və işi artmaqda davam edirdi. İşlə bərabər qazancı da sürətlə çoxalırdı. Uğurlarından ruhlanaraq bütün çəkdiyi vinetkaları kompyuterdə özü yığırdı. İstəmirdi ki, onun yığdığı vinetkalar başqa fotoqrafların işləri ilə eyni olsun. Halbuki digər fotoqrafların heç biri vinetkaları özləri yığmırdılar. Onlar şəkilləri dizaynerlərə təqdim edir və montaj işlərini pul müqabilində dizaynerlərə gördürürdülər. Seyfi isə bunu özünə sığışdırmırdı. Özünü başqa fotoqraflarla eyni səviyyəyə endirmək istəmirdi. Necə olursa olsun onlardan fərqlənmək , seçilmək istəyirdi. Bu isə elə də asan deyildi və Seyfinin bütün gücünü, qüvvəsini tükəndirirdi. Gecə səhərə kimi kompyuter arxasında yuxusuz qalır, şəkillərini dəqiqliklə işləyir, yorğunluğuna isə məhəl qoymurdu.Hərdən kiçik qardaşı onlara qonaq gələndə Seyfiynin belə əməlinə əsəbləşirdi.

- Nə var , saatlarla kompyuter arxasında oturursan. Dur ayağa. Bir həyətə düş. Adamlarla görüş, söhbət et. Axrı xəstəlik tapacaqsan bu cür işləsən.

Seyfi isə:

- Heç nə olmaz. Mən işimdən zövq alıram. –cavabını verdi.

Qardaşı da heç nə edə bilmədiyini görüb , deyinə-deyinə çıxıb gedirdi.

Son illər məktəb və bağça direktorları fotoqrafların yaxşı gəlir əldə etdiklərini görürdülər. Onlarda tamah hissi oyanırdı. Fotoqraflardan müxtəlif yollarla daha çox pul qoparmağa çalışırdılar . Hətta haqq tələb edilməyə başlanılmışdı. Fotoqraflar onların tələbləri ilə razılaşmaq istəməyəndə aralarında münaqişələr, intriqalar yaranırdı. Bu cür münaqişə ilə bir gün Seyfi də üzləşdi. Rayon məktəblərindən birinin təcrübəli direktoru bütün siniflərin vinetka pullarını özü yığdı. Müəllimlərə tapşırıq verdi ki, heç kim fotoqrafa pul verməsin. Hamı pulu gətirib ona versin. Bütün pulları əlinə alan direktor ürəyi istəyən məbləği ayırıb cibinə qoydu. Seyfiyə də nə qədər istəyir o qədər pul verdi

– Bu bəsindir—dedi.

Ilk dəfə belə halla rastlaşan Seyfi direktorla mübahisəyə girişdi. Pulunun qalanlarını tələb edib hay-küy yaratdı. Direktorsa inadından dönmədi. Həyacandan Seyfinin çöhrəsi qap-qara qaraldı. Nəfəsi təntiməyə başladı. Hamı elə düşündü ki, onun bu halını görən məktəb direktoru onun pulunun qalanını qaytaracaq. Lakin direktor heç nəyə məhəl qoymayaraq kabinetinə keçdi. Əsəbi-əsəbi məktəbdən çıxan Seyfi yolda huşunu itirib yerə yıxıldı. Təcili yardım gəldi. Onu xəstəxanaya apardılar. Həkim müayinədən sonra bildirdi ki, infarkt keçirib. Onu xəstəxanaya yerləşdirdilər.

Seyfi xəstəxanada müalicə aldıqdan sonra evə buraxıldı. Amma daha əvvəlki kimi öhtəsinə çox iş götürmürdü. Həkimlər belə tapşırmışdılar. Səhhətinə görə narahatlıq keçirirdi. Texnikumda işləmək onun səhhətinə əl vermirdi. Odur ki, texnikom direktorunun köməkliyi ilə Seyfini icra hakimiyyətinə fotoqraf keçirdilər. İcra hakimiyyətində iş nisbətən az idi. Bu vəziyyət Seyfiyə sərf edirdi. Qazancı əvvəlkindən az olsa da, əvəzində sağlamlığını qoruya bilirdi. Artıq çox pul dalıyca qaşmaq imkanı qalmamışdı.

Onun bibisinin həyat yoldaşı Elnur müəllim isə artıq təqaüdə çıxmışdı. İstəsəydi vəzifəsində qalıb işləyə bilərdi. Amma sağlamlıq daha mühüm idi. Seyfi hərdən onunla görüşürdü. Elnur müəllim ondan xeyli illər əvvəl bu xəstəliyə düçar olmuşdu. Amma deyib-gülur, həyatına davam edirdi. Ona baxdıqca Seyfi də ruhlanırdı. Özünün də onun kimi hələ uzun illər yaşacağına ümüdləri artırdı. Sanki aralarında gözəgörünməz bağlar onları birləşdirməyə başlamışdı. Elnur müəllimin xəstəliyi qarşısındakı nikbinliyi, əyilməzliyi və həyata inamı gizli şəkildə Seyfiyə də təsir göstərirdi.

Seyfi bir neçə il yeni həyat ritmində, yeni idarədə işini və həyatını davam etdirdi. Hər dəfə həyacanlı anlar yaşayanda Elnur müəllim onun yadına düşürdü. Onun xəfif təbəssümü və işlətdiyi nikbin ifadələr:

- Xəstəlik həyatın sonu deyil. Hələ yaşayacayıq. Hələ bundan sonra da neçə-neçə illər yaşayacayıq.--- söyləməsini xatırlayırdı. Bu ifadələr Seyfinin ruhunu təzələyirdi. Sanki Elnur müəllim onun xilaskarlıq mələyi idi. Ö zü də yaşayır və Seyfini də yaşamağa vadar edirdi.

Bir gün Elnur müəllim gözlənilmədən dünyasını dəyişdi. Ölümünün səbəbi ürək tutması olmuşdu. Onun dəfnində Seyfi də iştirak etdi. Dəfndən sonra Seyfi özündə bir halsızlıq, zəiflik sezməyə başladı. Elə bil əvvəlki nikbinliyi, ruh yüksəkliyi Elnur müəllim ilə birgə harasa çəkilib getmişdi. O, Elnurun müəllimin vəfatından sonra daha həyacanlı olmuşdu. Ona elə gəlirdi ki, belə bir qəfil ölüm onun da başına gələ bilər. Halbuki Elnurun sağlığında belə məsələlər heç onun yadına da düşmürdü. İndisə o sanki öz gözəgörünməz dayağını itirmişdi.

Həmin gün icra hakimiyyətinin növbəti tədbiri keçirilirdi. Yaz fəsli olduğundan tədbir şəhərin mərkəzi parklarından birində keçirilirdi. Yaz günəşi aydin s əmadan xəfifcə boylanaraq insanların çöhrəsində təbəssüm doğururdu. Tədbir iştirakçıları bir-bir çıxışlar edir fotoqrqf Seyfi isə çıxış edən hər iştirakçının fotosunu həvəslə çəkirdi. Tədbirin hər anı , hər məqamı bir fotoya çevrilirdi. Seyfi öz işini həvəslə yerinə yetirir , xəstəliyini də tamam unudurdu. Lakin o unutsa da xəstəlik onu unutmamışdı. Xəstəlik onun yanında idi. O qəfildən özünü göstərdi. Seyfi sinəsində duyduğu kəskin ağrıdan özünü itirdi. Əlini cibinə atıb həkimin təyin etdiyi və həmişə yanında gəzdirdiyi dərmandan birini cibindən çıxarıb atmaq istədi. Lakin bunu bacarmadı. Sanki əlləri sözünə baxmırdı. O, bir anlıq Elnur müəllimi xatırlamaq istədi. Amma xatırlaya bilmədi. Elnur müəllim haradasa uzaqlarda idi. Onu tərk etmişdi. Seyfi onu axtarır amma heç cür tapa bilmirdi. O daha yox idi. Seyfi yalnız bu an ilk dəfə köməksiz qaldığını hiss etdi və sarsılaraq üzü üstə yerə yıxıldı. Tədbir iştirakçıları arsında çaxnaşma yarandı. Hamı özünü ona tərəf atdı.Tez təcili yardıma zəng etdilər. Tədbir keçirilən park xəstəxanaya yaxın ərzidə yerləşirdi. Odur ki, həkimlər bir anda özlərini hadisə yerinə yetirdilər. Lakin artıq gec idi. O dünyasını dəyişmişdi.

Seyfinin ölümündən cəmi bir neçə saat sonra Rauf çayxananın önündən keçərkən fotoqraf tanışları onu çayxanadan səslədilər. Fotoqraflar a dətən həmin çayxanada toplaşıb söhbət edirdilər. Rauf da hərdənbir onlara qoşulurdu. Amma bu çox az hallarda olurdu. Bu gün necə oldusa Rauf onların təklifini qəbul etdi. Yaxınlaşıb onlarla çay süfrəsi arxasında əyləşdi. Fotoqraflaradn biri iki saat əvvəl parkda keçirilən tədbir zamanı Seyfinin yıxılıb dünyasını dəyişdiyini bildirdi. Rauf əvvəlcə deyilənlərə inanmadı. Amma digər fotoqraf da deyilənin doğru olduğunu söyləyəndə inandı ki, Seyfinin ölümü həqiqətdir. Rauf bir dəfə söhbət zamanı Seyfiyə bildirmişdi ki, icrada pandemiyadan sonra tədbirlərin sayı artıb. Tez-tezl tədbirlərdə iştirak etməsi, ürəyində problem olan Seyfi üçün ağır nəticəyə səbəb ola bilər. Amma Seyfi onun sözlərini qulaqardına vurdu. Ola bilsinki, Raufun sözlərinin səmimiliyinə şübhə ilə yanaşdı. Bəlkə də güman etmişdi ki, Rauf bəlkə paxıllıqdan belə deyir. Axı Rauf özü də bir müddət fotoqraf kimi fəaliyyət göstərmişdi. Amma Raufun sözləri səmimi idi.

Hər adamın sözlərində paxıllıq əlamətləri axtarmaq və görmək heç də düzgün deyil. Bir çox hallarda bizə deyilən sözlər həqiqət olur. Heç də paxıllıq səbəbindən deyilmir . Belə sözlərin səmimiliyinə inanmaq və o sözlərə qulaq asmaq gərəkdir. Əsassız inamsızlığın nəticəsi isə çox vaxt acınacaqlı qurtarır.

25 avqust 2024-cü il

# 3053 dəfə oxunub

Müəllifin son yazıları

# # #