Onun üçün kimi ailəsini dağıtdı, kimi damarını kəsdi – Tarkovskinin sevgililəri

Onun üçün kimi ailəsini dağıtdı, kimi damarını kəsdi – <span style="color:red;">Tarkovskinin sevgililəri
4 aprel 2018
# 15:30

Bu gün dahi rus rejissoru Andrey Tarkovskinin doğum günüdür. Tarkovski kinonun şairidir. Onun bu şairliyi hər flmində özünü göstərir. “Ayna”, “Stalker”, “Andrey Rublyov”, “Nostalgiya” kimi möhtəşəm filmləri ilə dünya kinosunda əbədiyyən yaşayacaqdır.

Biz bu yazıda onun filmlərinə deyil həyatındakı bir məqama işıq tutacağıq: dahi rejissorun qadınları mövzusuna.

Sarışın İrme Rauş...


1932-ci il təvəllüdlü dünya kinosunun nəhəng simalarından biri Andrey Tarkovski iki dəfə ailə həyatı qurub. Onun hər evlilikdən bir oğlu dünyaya gəlib. İlk evləndiyi qadınla o, 1957-ci ildə tanış olub. Qadının adı İrme Rauş. Sarışın, gözəl bir qadın. Tarkovskinin Kinematoqrafiya Universitetində tələbə yoldaşı. 1957-ci ildə Tarkovski həmin qadınla evlənir. Tezliklə onların bir oğlan övladı dünyaya gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen (atası Arsen Tarkovski şair idi – red) qoyur. Lakin körpənin dünyaya gəlişindən sonra Tarkovski ilə İrma Rauş arasında qırğınlıq yaranır. Xatırladaq ki, İrma Rauş “İvanın uşaqlığı” filmində İvanın anası rolunu ifa edib. 60-cı illərin əvvəlində Tarkovski artıq subay kişi idi.

Valentina Malyavina...


Bir müddət sonra Tarkovski tənhalığın daşını atır. “İvanın uşaqlığı” filmində baş rolu ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin günləri belə xatırlayır: “Onunla birlikdə olmaq çox çətin idi. O, hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən ayrılmaq və qopmaq istəmirdi. O, çox dahi və istedadlı insan idi. Sonra mən operator Pavel Arsenova ərə getdim. O isə evləndi. Lakin münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə yanaşırdılar.

O, çox qəribə adam idi. Bəzən çox isti havada başına qalın papaq qoyub, boynuna şərf bağlayıb bayıra çıxardı. Bununla yanaşı o, həm də çox müasir və səliqəli geyinərdi. Həmçinin gözəl geyimli və baxımlı qadınların vurğunu idi. Məndən tez-tez nə üçün onunla ailə qurmadığımı xəbər alırlar... Doğrudur, bir çox gözəl aktrisalar onun filmində çəkilməyi, onunla sevgili olmağı arzu edirdilər. Onlar onun ölümündən sonra belə onu öz aralarında bölə bilmədilər. Mən isə istəmədim. Çünki belə bizim hamımız üçün asan olacaqdı..."


“İvanın uşaqlığı” filmi 1962-ci ildə Venesiya film festivalında festivalın əsas mükafatını qazanır. Həmin festivala Tarkovski məhz Valentina Malyavina ilə birlikdə gedir. Yazılanlara inansaq, məhz həmin ərəfədə Tarkovski ilə Malyavinanın arası pozulur. Festivala yollanan film heyətinin tərkibində filmdə əsgər rolunu ifa edən aktyor Andrey Konçalovski də olur. Malyavinanı dəlicəsinə sevən Tarkoviski sevdiyi qadını Konçalovskiyə qısqanır. Bu qısqanclıq isə Malyavina ilə Konçalovskinin gecə barlarının birində səhərə qədər birlikdə olmalarından sonra daha da güclənir. Onların gecəni birlikdə keçirmələrindən hiddətlənən Tarkovski ilə aktrisa arasında gərginlik yaranır. Həmçinin növbəti gecə Tarkovski ilə bir otaqda qalan Konçalovski qapını nə qədər döysə də, rejissor qapını onun üzünə açmır.

Larisa Kizilova...


“Andrey Rublev” filminin çəkilişləri başlayan zaman Tarkovskinin bütün həyatı dəyişir. O, ikinci dəfə evlənəcəyi qadın Larisa Kizilova ilə tanış olur. Və Larisa ilə sonuna qədər evli qalır. Bu evlilikdən də onların bir oğlu olur.


Larisa ilə evlənməsini Tarkovskinin bir çox yaxın dostları və qohumları qəbul etməyib. Hətta bu məsələ ilə bağlı Tarkovski öz doğma bacısı ilə dəfələrlə mübahisə edib, münasibətləri korlanıb.


Larisa həmin günləri belə xatırlayır:

“Bizimki ilk baxışdan məhəbbət idi. Mən filmin direktorunun kabinetində əyləşmişdim. Birdən o gəldi. Mən bilmirdim ki, o, Andrey Tarkovskidi. Gördüm çox işıqlı, zərif, gözəl geyimli kişi içəri daxil oldu. Mən ona qarşı hisslərimi büruzə verməmək üçün çox mübarizə aparırdım. Onun mehriban münasibətinə cavab verməməyə çalışırdım. Axı bizim ikimiz də ailəli idik. Mənim bir qızım, onun isə oğlu vardı. Hər ikimiz də bir-birimizə yaxınlaşmamaq üçün çox mübarizə aparsaq da nəticə olmadı. Bizim iş münasibətimiz sevgiyə çevriləndə, Andrey mənim qarşımda diz üstə çöküb dedi: “Əziz Lara, bizim münasibətimiz müəyyənləşməyənə qədər mənim sizə olan sevgim ötüb keçməyəcək. Sizə o qədər hörmət edirəm ki, heç vaxt sizə “sən” deyə müraciət edə bilmirəm”. Mən isə cavab verdim ki, eyni duyğuları mən də sizə qarşı hiss edirəm.


Biz yeddi il nikahsız birlikdə olduq. Nikahlanmağımıza qarşı çıxan da mən idim. Mənə elə gəlirdi ki, onun mənə qarşı olan hissləri ötüb keçəcək. Lakin sonralar belə qərara gəldik ki, evlənsək yaxşıdı. Toydan əvvəl Andrey “Solyaris” filmi üçün xaricə uçmalı oldu. Toy günü havanın pis olması ucbatından Andrey vaxtında gəlib çata bilmədi.


Sonralar mən onsuz, o isə mənsiz yaşaya bilmirdik. Mənim ürəyimlə bağlı problemim olduğundan tez-tez xəstələnirdim. Xəstələnəndə həmişə deyərdim ki, birinci mən öləcəm. O isə cavab verirdi: “Sən necə xudbinsən. Əvvəlcə mən öləcəm".

Nataliya Bondarçuk: “Onu mənə vermədilər...”


Andrey Takovskinin növbəti sevgilisi isə aktrisa Nataliya Bondarçuk olur. Onlar tanış olduqları zaman hər ikisi evli olur. Onların arasındakı məhəbbət "Solyaris" filminin çəkilişləri zamanı başlayır. Deyilənlərə görə “Solyaris” filminin qəhrəmanı məhz rejissorun ikinci arvadı Larisa Kizilovanın prototipi olur. Hətta Tarkovski bu qadının əlindən o qədər bezir ki, “İfritə” adlı ssenari də yazmalı olur.


Nataliya ilə Tarkovski arasında yaranan məhəbbətin ömrü çox da uzun çəkmir. Bir müddət sonra onlar ayrılırlar. Lakin Nataliya dahi adlandırdığı rejissoru unuda bilmir. Hətta depressiyaya düşüb intihara cəhd edir.


Nataliya Tarkovski haqqında xatirələrində yazır:

“İndi onun arvadı Larisanın haqqında çox sözlər yazılır. Onu Tarkovskini ailəsindən ayırmaqda, xaricdə köçüb orda yaşamasında və ölümündə günahlandırırlar. Ancaq bütün hallarda o, Larisanı seçdi. Deməli, onun yanında görmək istədiyi qadın məhz Larisa idi.


Onunla mənim əlaqəmə gəldikdə isə bunları deyə bilərəm ki, mən ondan çox güclü təsirlənmişdim. O, ilk dəfə məni görəndə “Baxın, necə də gözəldi. Bu ki, lap mələkdi” demişdi. O, mənə rəsm əsəri kimi saatlarla baxmağı çox sevərdi. Maraqlı olan bu idi ki, o, məni özünə yaxın buraxmışdı. Hətta o, sonralar deyirdi ki, mənə elə gəlir ki, səni mən yaratmışam”.


“Solyaris” filmi Kannda əsas mükafata layiq görüləndə biz onunla bir yerdə idik. Lakin mən bilirdim ki, bizim sevgi romanımızın başa çatmasına az qalıb. Elə də oldu. Festivaldan qayıdanda hava limanında onu həyat yoldaşı və oğlu qarşılayırdı.

Onunla ayrılıq mənə baha başa gəldi. Çünki mən onun məşuqəsi olmaq istəmirdim. O da bunu başa düşürdü. Lakin onsuz da yaşaya bilmirdim. Sonra mən intihara cəhd etdim. Damarlarımı kəsdim... İndi həmin hərəkətimi çox dəhşətli və qorxulu addım hesab edirəm. Ancaq o vaxtı bircə fikir məni məşğul edirdi. Mən Andreyin yanında olmalıyam... Lakin onu mənə vermədilər...


Bu məhəbbət mənim ailəmin dağılmasına səbəb oldu. Bu təhlükəli sevgidən sonra mən kilsəyə gedib müqəddəs suda təmizləndim.
Bütün bu bədbəxtlikdən məni ikinci ərim xilas etdi. Bizi bir-birimizə yaxınlaşdıran həm də Tarkovskiyə olan məhəbbət idi. Çünki Nikolay Burlyaev “İvanın uşaqlığı” filmində baş rola çəkilmişdi. Və mən onu Tarkovskinin xəyali oğlu kimi sevdim.

Əsrarəngiz Marqarita Terexova...


Andrey Tarkovskinin həyatında daha bir qadının olması da güman edilir. Bu “Ayna” filminə çəkilən aktrisa Marqarita Terexova idi. Rejissorun bacısı müsahibələrinin birində qeyd edir ki, Marqarita ilə qardaşı arasında bir yaxınlaşma olmuşdu. Bu fikri Tarkovskinin ikinci arvadı Larisa Kizilovanın qızı Olqa da öz müsahibəsində təsdiqləyir. Lakin aktrisa özü heç vaxt Tarkovski ilə sevgi münasibəti olduğunu açıqlamayıb.


Həmçinin bir çox mənbələrdə rejissorun qızlığı olan Olqadan da xoşu gəldiyi bildirilir. Hətta Larisa qızını Tarkovskidən uzaq tutmaq üçün əlindən gələni edirmiş.


Rejissor ölümündən az əvvəl Aleksandr adlı daha bir oğlu olduğunu da öyrənir. Bu oğlanın anası isə Skandaviyalı Berit idi.
Tarkovski əlli dörd yaşında xərçəng xəstəliyindən dünyasını dəyişir. Ölümündən bir müddət əvvəl o, arvadı Larisa və oğlu ilə birlikdə Fransaya köçür və heç vaxt Moskvaya qayıtmayacağı xəbərini mətbuata açıqlayaraq deyir:

“Nə diri, nə də ölü halda mənim və mənim yaxınlarımın əzab çəkməsinə, alçalmasına səbəb olmuş ölkəmə qayıtmaq istəmirəm”.


Qohumlarının və bacısı Mariyanın israrına məhəl qoymayan, rejissorun, son anına qədər onun yanında olan arvadı Larisa rejissorun son vəsiyyətini yerinə yetirərək Tarkovskinin “Sent Jenevyev de Bua” qəbiristanlığında dəfn etməyə nail olur.


Rejissor özü aktrisalarla olan sevgi münasibətlərinə belə açıqlama gətirir:

“Əgər rejissor istəyirsə ki, aktrisa filmdə nə etmək olduğunu yaxşı başa düşsün, bunun üçün onunla yatmaq lazımdır".

Hazırladı: Samirə

# 1373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #