Nazirliyin xarici rejissor siyasəti qalmaqal yaratdı - MÖVQELƏR

Nazirliyin xarici rejissor siyasəti qalmaqal yaratdı - <span style="color:red;">MÖVQELƏR
13 may 2016
# 12:50

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkiləcək olan “Üç gün və bir ömür” filmi iranlı rejissor Babək Şirinsifətə həvalə olunub. Film doğma rayonunun işğalı zamanı həbsxanada olan, azadlığa çıxanda isə öz valideynlərinin məzarlarını ziyarət etmək üçün yollar axtaran qəhrəmanın taleyindən bəhs edir. “Azərbaycanfilm” kinostudiyasında çəkilişlərinə başlanılan bədii film psixoloji dram janrındadır.

Bəs Mədəniyyət və Turizm Nazirliyi nəyə görə bu filmi iranlı rejissora həvalə edib?

Kulis.az bu barədə rejissorlar və kinoşünaslardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Aygün Aslanova (kinoşünas): “Bu suallar Mədəniyyət və Turizm Nazirliyi, eləcə də “Azərbaycanfilm” kinostudiyasının direktoruna ünvanlanmalıdır. Mən onların cavablarını bilmirəm. O ki qaldı iranlı rejissor Babək Sirinsifət kimi rejissorların olub-olmadığına.. Olmaması mümkün deyil. Sadəcə onlara şans verilməlidir ki, kimin necə rejissor olduğunu görək. Bilirsiniz, Azərbaycan elə bir ölkədir ki, hər şeyin bir “əmma”sı var. İlk baxışda yaxşı görünən qərarların arxasından həmişə bir “amma” çıxır. Öz rejissorumuza 5 ildən bir film verilir. Üstəlik yüz cür problem yaşayır zavallılar. Maliyyə kəsilir, texnikada problem yaranır və s.. Amma birdən basqa ölkədən rejissor dəvət olunur və ona film verilməsi üçün maliyyə tapılır. Maraqlı deyil, sizcə? Yəni demək istəyirəm ki, filmlər çox zülmlə, əngəllərlə ərsəyə gəlir”.

Tahir Tahiroviç (rejissor): “Əgər söhbət İran rejissoruna film verməkdən gedirsə Azərbaycanda istənilən xarici ölkənin vətəndaşı film çəkə bilər. Ancaq bir məsələ var ki, bu film birgə layihə deyil. Rusiyada belə bir tendensiya var: milli kino. Dövlət büdcəsindən maliyyələşən filmlər milli kinoya daxil olur, o filmlərə də heç bir xarici sərmayə ayrıla bilməz. Bu filmlər milli genofond adlandırılır. Məsələn, bir azərbaycanlı rejissor öz maliyyəsi ilə film çəkirsə bu onun öz işidir, kiminlə istəsə çəkə bilər. Ancaq dövlət maliyyəsindən xarici rejissora film verilirsə, bu artıq arzuolunmaz haldır. Bizdə yetərincə rejissorlar var. Bildiyim qədəri ilə bu filmi beş rejissora təklif ediblər, onlar isə razılaşmayıblar. Ola bilsin, ssenari zəifdir. Bu bir variantdır. Ancaq sual yaranır: Azərbaycanda cəmi beş rejissor var? Əgər bu filmi böyük bir rejissorun ixtiyarına vermək istəyirdilərsə, onda Kiraostamini, Cəfər Pənahini, Mohsen Mahmalbafı, Məcid Məcidini çağırardır. Onlar yetərincə mükafatlar qazanan rejissorlardır. Biz burda nə qədər danışsaq da, onlar yenə də öz işlərini görəcəklər. Belə çıxır ki, bizdə bu işi görəcək rejissor yoxdur. Xarici mütəxəssisi gətirirlər ki, bu işi görsün. Ola bilər 150 metrlik bayraq dirəyi quraşdırmaq üçün, ya da dərinliklərdən qaz çıxarmaq üçün xarici mütəxəssisə ehtiyac olsun. Ancaq Azərbaycan kinosu dünya kinosu ilə yaşıddır. Bizim, burda və xaricdə təhsil alan, savadlı, istedadlı rejissorlarımız var. Sadəcə ictimai qınaqdan qorxmadıqları üçün bunu edirlər. Ümumilikdə indi onlara uğur arzu edirəm, amma və lakin vaxt çatanda cavab verəcəklər.”

Hüseyn Mehdiyev (rejissor): Əlbəttə ki, bu məsələyə mənfi baxıram. Bizim bacarıqlı, işi bilən rejissorlarımız var. Onsuz da Azərbaycanda bir-iki film çəkilir, onu da öz rejissorlarımız çəkməlidir. Əgər bizdə 10-15 film çəkilsəydi, o zaman xaricdən rejissor dəvət etmək olardı. Bu zaman biz bu hadisəyə bəraət qazandıra bilərdik. Ancaq az film çəkilən bir yerdə başqa bir xarici rejissora film həvalə edilməsi doğru deyil. Bizdə hər janrda işləyəcək rejissorlarımız var. Ancaq burda başqa amillər rol oynayır. Ola bilsin, rejissorlara təklif olunan ssenari onların ürəyincə olmayıb qəbul etməyiblər. Babək Şirinsifəti isə mən tanımıram. O kimdi ki, ona mükafat veriblər? Bəlkə də istedadlı, layiqli adamdı. Ancaq milli kino bizim öz rejissorlarımızın, çiynindədir. Əgər rejissor azərbaycanlı deyilsə, onun çəkdiyi filmin nəfəsi, havası başqa cür olacaqdı. Mənə təklif olunsaydı belə bir film üçün çox güman ki çəkməzdim. Çünki mənim başqa, özümə məxsus mövzularım var”.

Əli İsa Cabbarov (rejissor): “Azərbaycanda xarici kino tamaşaçısının və kino peşəkarlarının diqqətini cəlb etmiş, indi də cəlb edən və gələcəkdə də cəlb edə biləcək 15 nəfər kinorejissor tanıyıram. Yaradıcı heyəti Mədəniyyət Nazirliyi təsdiq etmir istehsalçı şirkət təsdiq edir. Burda da təşəbbüs, təklif və məsuliyyət istehsalçı şirkətin “Azərbaycanfilm”indir. Düşünürəm qərar səhv məlumatlar və sadəlövh hesablamalar əsasında qurulub”.

Fehruz Şamıyev (rejissor): “Bu məsələnin qoyuluşu məncə düz deyil. Məsələ Babək Şirinsifətdən öncə azərbaycanlı rejissora filmlərin verilməməsindədir. Filmlərin istehsalata buraxılmasındakı səhv sistemdədir və ya sistemsizlikdədir. Babək Şirinsifət İran vətəndaşı olsa da milliyətcə türkdür və Cənubi azərbaycanlıdır. Babəkin yaxşı rejissor olmasını deyə bilmərəm, amma çox gözəl produserdir. Məhz onun əlaqələri ilə Azərbaycanın “Nabat” filmi Venesiya festivalında iştirak edib. “Nabat” filminin yayımını da İran şirkəti həyata keçirib. Həmin şirkətlə də məhz Babək Şirinsifətin vasitəsi ilə razılıq əldə edilib. Əlavə edim ki, həmin şirkət Əsgər Fərhadi, Cəfər Pənahi kimi dünyaca tanınmış rejissorların filmlərinin distrubisiyasını həyata keçirib. Yəni İrandan olan, amma Cənubi azərbaycanlı rejissorun Azərbaycanda film istehsal etməsi müəyyən dərəcədə doğrudur. Məsələyə belə də yanaşmaq olar: İranda yaşayan azərbaycanlıya film çəkməyə şərait yaratmırlar deyə o da burda film çəkir və dövlət də ona dəstək olur. Onda gəlin görək Yuli Qusmanın çəkdiyi “Qorxma, mən səninləyəm” filmi niyə istehsalata buraxılmışdı? Özü də böyük büdcə ilə. Halbuki o film nə Qarabağ mövzusundan, nə də mədəniyyətimizin təbliğindən bəhs etmirdi. Üstəlik ciddi kino nümunəsi də saymaq olmaz. Məncə, problem Babək Şirinsifətin dövlət hesabına film çəkməyində yox, filmlərin istehsalata buraxılma qaydalarındadır. Bundan başqa Mədəniyyət Nazirliyi bu məsələni sadə yolla da həll edə bilərdi və bu məsələ çox da səs-küy yaratmazdı. Bir neçə il öncə “Bizim kino”, “Salnamə” və bir neçə kino şirkətinə nazirlik filmləri sifariş edirdi. Və yaxud “Butafilm” şirkəti Mədəniyyət Nazirliyi ilə birlikdə “Buta” filmini istehsal etdi. İndi də Babək Şirinsifətin çəkdiyi filmi “Bizim kino”, “Sınaqfilm”, “Salnamə” studiyalarından biri ilə “Azərbaycanfilm” kinostudiyasının müştərək işi etmək olardı. Onda Babək Şirinsifətin rejissor kimi filmi çəkməsindən elə də ciddi səs-küy yaradılmayacaqdı. Yəni Babək müstəqil şirkətin adından “Azərbaycanfilm”ə ssenarisini təqdim edir və müştərək film çəkilir. Məncə, bu məsələdə ictimai fikri nəzərə almaq lazımdır. Azərbaycanda kino istehsalında ictimai fikir olmadığı üçün də qərarverici instansiyalar öz bildikləri kimi edir. Hər kəs də düşünür ki, bu səs-küy az sonra səngiyib gedəcək. Çünki kino ictimaiyyəti istehsalla bağlı heç bir məsələyə təsir etmək istəmir və bunu bacarmır. Əgər bacarsaydı bu problemlərin həll olunması üçün ciddi bir toplantı, müzakirə təşkil edərdi. Buna görə də cənublu rejissorun film çəkməyi mövzu olaraq iki gün sonra yoxa çıxacaq”.

# 1020 dəfə oxunub

Müəllifin son yazıları

# # #