“Sarmaşıq”: Altı nəfərin gəmisi və ölkəsi - RƏYLƏR

“Sarmaşıq”: Altı nəfərin gəmisi və ölkəsi - <span style="color:red;">RƏYLƏR
27 oktyabr 2016
# 13:24

Kulis.Az 2015-ci ildə istehsal olunaraq Türkiyədə və xaricdə bir çox mükafatlara layiq görülmüş “Sarmaşıq” filmi (Rejissor Tolqa Karaçelik) haqqında Kulis yazarlarının fikirlərini təqdim edir.

Qan Turalı

“Sarmaşıq” filmi insan ruhunun ən dərin qatlarının ifadəsidir. Bir növ Dostoyevski filmidir. İnsanın nələrə qadir olduğunu göstərir. Nə qədər alçala və alçalda bildiyini. Güc və nüfuz üzərindəki mübarizəni. Güclünün zəifi əzdiyi cəngəllik qanunlarını... Çəngəllikmi? Yox, o elə içimizdəki qaranlıq qutudur. İç dünyamızdakı cəngəllikdir. O qanunla daxilimizdə işləyir. Və situasiya yaranan kimi dönüb oluruq barbar, vəhşi, amansız və qansız. “Sarmaşıq” da elə bundan bəhs edir. İnsanın necə qəddarlaşmasından, necə heyvanlaşmasından və necə murdarlaşmasından.

Image result for sarmaşık filmi

Mirmehdi Ağaoğlu

“Sarmaşıq” əvvəldən axıra kimi tamaşaçını gərginlikdə saxlamağı bacarır. Elə bil ki, qorxu filmlərinə baxırsan. Filmin musiqisi də o vahiməli atmosferin yaranmasına müstəsna kömək göstərib. Filmin ovqatı Kafkanın “Qəsr”ini də xatırladırdı, əsl Kafkaesk ortam idi: Satışa çıxarılmış gəmi yalnız satıldıqdan sonra ordakı 5 nəfər gəmini tərk edə bilər. Çünki orda qaldıqları günlərə maaş yazılır. Bəs gəmi nə zaman satılacaq, bir ay sonramı, bir il sonramı? Aşağılar bilmir, yuxarılar isə aşağılarla maraqlanmır.

Aydındır ki, rejissor gəmidə baş verən bu hadisədə Türkiyənin bugünkü durumunu əks etdirib. O gəmi Türkiyədir, ordakı insanlar da Türkiyənin hazırkı insanları; dindarları, kürdləri, layiqləri. Gənc bir rejissorun bu problemləri duyması onu kino dilinə çevirə bilməsi sadəcə alqışlanasıdır. Mən onun “Gişe məmuru” filminə də baxdım. O da çox gözəl filmdir. Adi bir kassirin timsalında insan psixologiyasının dərin qatlarına girə bilib.

Sadəcə sonluqdakı “sarmaşıq” metaforası alınmayıb. O detal nəyə lazım idi? Gerçək idimi, yoxsa qəhrəmanların xəyalında? Başa düşürəm, rejissor sarmaşıqla gəmiyə, qəhrəmanlara yoluxan çarəsizliyi vermək istəyib, amma alınmayıb.

Məncə, Tolqa Karaçelik bundan sonra daha gözəl filmlər çəkəcək. Nuri Bilge Ceylan, Zeki Demirkubuzdan sonra yeni, çox yaxşı bir rejissor yetişir.

Image result for sarmaşık filmi

Ayxan Ayvaz

Son illər baxdığım ən təsirli film oldu “Sarmaşıq”. Rejissor Tolqa Karaçelik özünəməxsus dəsti-xətti ilə seçilirdi. Əvvəlki filmi “Gişe memuru”nda da, “Sarmaşıq”da da sakit başlayan film qəfil tamaşaçını üzüyün içinə atır. “Sarmaşıq” mənə əsgərliyimi xatırlatdı. Türkiyəni bir gəminin içinə salıb səfərə çıxır rejissor. Hər şey öz qaydasında gedərkən qəfil gəmi sahibi iflasa uğrayır və gəmi heyətinin arasında gərginlik yaşanır. Artıq iyerarxiya, rütbəcə özündən böyük olmaq işə yaramır. Tapşırıqlar icra olunmur, mübahisələr, davalar başlayır. Sahilə çıxa bilməyən gəminin heyətinin xarakteri limana enir. İsmayıl, gəmi kapitanı Beybaba, aşpaz Alper, Kürd və iki avara – gəmidə qalanlar bunlardır. Etirazı başladan avaralardan biri – Cenk olur. Film artıq adi bir gəmi səyahətindən çıxıb Türkiyənin reallığına doğru üzür. Dindar təbəqə, etirazçı və bir də kürd sorunu. Bu reallıq qol-budaq atıb sarmaşıq kimi gəmini ağuşuna alır. Mənə ən maraqlı gələn bir tərəf də var filmdə. Kürd qəfil yoxa çıxır və gəmi heyəti onu axtarır, ancaq tapa bilmirlər. Gecə düşəndə Kürdün gəmidə gəzişdiyini görürlər. Bilinmir, o Kürdün ruhudur, ya özü. Hər halda yəqin ki, rejissor burda Türkiyədəki kürd sorunun da bu cür qaldığına işarə vurur.

Düşünürəm ki, hakimiyyət haqqında çəkilən ən gözəl filmdir. Rejissor işi, aktyorların oyunları da mükəmməldir. “Sarmaşıq”dan sonra Tolqa Karaçeliyin növbəti filmini səbirsizliklə gözləyirəm. Rejissorun tərzi çox xoşuma gəldi. Sakit, durğun gedən həyat qəfil qışqır-bağırla əvəz olunduğu kimi onun filmləri də tamaşaçını birdən-birə çaşdırır. Daim filmin nə ilə nəticələnəcəyini gözləyirsən.

Image result for sarmaşık filmi

Şərif Ağayar

Film yadıma Heminqueyin “Qoca və dəniz”ini, bir də Tarkovskinin “Stalker” filmini saldı. Niyəmi? Dəqiq bilmirəm. Bu barədə yalnız ehtimallarım var. Yəqin usta ümumiləşdirmə qabiliyyətinə görə. Ədəbiyyatda da, kinoda da real hadisələrə alt qat vermək, obrazları simvol və ya işarə kimi məcazlaşdırmaq asan deyil. Bu tarazlığı saxlamaq, əsəri həm real qatda inandıran, həm alt qatda düşündürən qılmaq, belə deyək, hər oğulun işi deyil. Gənc bir rejissor bunu bacarıb. Neçənci ildən olsa yaxşıdır? 1981. İnanmaq olmur. Yaşı da filmi kimi maraqlıdır. Deməzsiniz bəs, “Sarmaşıq”dan sonra maraqdan onun daha əvvəl çəkdiyi “Gişe məmuru” filminə də baxdım. Orda da türk sineması üçün yeni sayıla biləcək xeyli iş görüb. “Sarmaşıq” qədər dərinlərə və usta ümumiləşdirmələrə getməsə də.

Filmin bir müəmma içində bitməsinin də öz effekti var. Bəlkə, gözlənilən final olsaydı bu qədər təsirli alınmazdı. Bu fənd filmin adamın yaddaşını uzun zaman məşğul etməsinə yol açır, öz-özünə variantlar düşünürsən və beləliklə rejissorla “əməkdaşlığa” cəlb olunursan.

# 1173 dəfə oxunub

Müəllifin son yazıları

# # #