“Mahmud və Məryəm” filmi ümidləri doğrultmadı

“Mahmud və Məryəm” filmi ümidləri doğrultmadı
2 oktyabr 2013
# 09:54

Aprel ayından bəri dəfələrlə anons olunan, lakin bir türlü gəlib çıxa bilməyən “Mahmud və Məryəm” filmi (rejissor Mehmet Ada Öztekin, ssenari müəllifi Elçin) nəhayət ki, Bakının yolunu tanıdı, əhli-əyalı, cah-cəlalı ilə qırmızı xalıdan keçib “Nizami” kino Mərkəzinə varid oldu. Olmağına oldu, amma...

Nağıl dili yüyrək olar, deyibən keçək birbaşa mətləbə.

Deməli, bilənlər bilir, bilməyənlər üçün: “Mahmud və Məryəm” Türkiyə və Azərbaycan kinematoqrafçılarının (“24 kare film” və “Salnamə” studiyaları) ortaq istehsalıdı, yazıçı Elçin Əfəndiyevin eyniadlı romanı əsasında çəkilib. Süjet xətti məlumdu – Gəncə xanı Ziyad xanın oğlu Mahmudla keşiş qızı Məryəmin faciəvi sevgisindən bəhs eləyir, “Əsli və Kərəm” dastanının traktovkasıdı. Filmlə romanı müqayisə etməyəcəyəm, hər ikisi tamamilə fərqli ifadə və təsvir vasitələrinə söykənən incəsənət növləridir. Əsas olan əhvalatın ekranda öz həllini necə tapmasıdır.

Dahi rus rejissoru Sergey Eyzenşteyn “Filmə bircə meyarla münasibət bildirmək olar: biz onda vahid üslubun olub-olmadığını, rejissorun üslub ardıcıllığını qoruyub-qorumadığını müəyyənləşdirməliyik. Əgər filmdə vahid üslub tapsaq, deməli, o, sənət əsəridi. Pisdir, ya yaxşıdır, bunu uzun illərdən sonra demək olacaq” - deyirdi.

Bu baxımdan “Mahmud və Məryəm” filminin müəllifləri bir əldə iki qarpız tutmağa, eyni anda həm tarixi film, həm də sufi mistikası ilə cilalanmış melodram çəkməyə çalışıblar. Əslində bunda heç bir problem yoxdu. Ancaq nəticə özünü doğruldanda. “Mahmud və Məryəm” filmində tarixlə melodram bir-birinə sızmağı bacarmayıb. Burda tarix ara-sıra gözlənilmədən peyda olan quru faktdan başqa bir şey deyil, hadisələrə təsir eləmir. Buna görə də “sarayda muğam məclisi və Qarabağın xatırlanmağı” və “Çaldıran çölü” epizodları havada qalır. Üstəlik bütün film boyu türkcə danışan Ziyad xanın (Fəxrəddin Manafov) muğam epizodunda Azərbaycan dilinə keçməyi də ümumi atmosferdə əriməyib və diqqət çəkir. “Çaldıran çölü” epizodunda isə ümumi planın dominantlığı kadrların təsir gücünü öldürür, türkün türklə savaşının mənasızlığı ideyası hədəfə dəymir. Məsələn, Q.Q.Markesin “Vəba zamanı eşq” romanı əsasında çəkilmiş eyniadlı filmdə bu problem çox sadə həll olunub. Filmdə vəba mövzusuna yalnız bir dəfə toxunulub – həkim Xuvenal Urbinonun gəlişini müşayiət eləyir. Beləliklə vəba, həm melodram xətti önə çəkilmiş əhvalatda yad ünsürə çevrilmir, həm də dramaturji yük daşıyır. Lakin “Mahmud və Məryəm”də əksinədi. Tarix nəinki heç ictimai-sosial fon rolunu da oynamır, hətta nağıl kimi başlayan filmin sehrli ab-havasını da dağıdır.

Filmin ikinci ciddi qüsuru ritm pozuqluğudur. Epizodların bir qismi həddindən artıq uzun, digərləri isə qısa, yaxud çox dinamikdir. Epizoddan epizoda montaj keçidləri kəskin olduğundan (ruslar buna “balta ilə kəsmək” deyirlər) vahid temporitmin yoxluğu dərhal diqqəti cəlb eləyir. İki saat on dəqiqəlik film boyunca yalnız bir yerdə - Mahmudun çöldə huşunu itirib Süleyman paşanın sarayında ayıldığı epizodda axıcı montajdan istifadə olunub və effektli keçid alınıb.

Elə bu məqamda operator işini də qeyd etmək yerinə düşərdi. Peşəkarlıqla lentə alınmış təbiət mənzərələri dərinliyi, əzəməti ilə dünyanın əbədiliyini, bəndələrin faniliyini xatırladır. Daha doğrusu, xatırlatmalı idi. Əfsus ki, yanlış montaj ucbatından nəhəng təbiətlə balaca bəşər övladı arasındakı ziddiyyət yoxa çıxıb. Buna görə də film bir-birilə bağlılığı olmayan, qırıq-qırıq epizod yığınına çevrilir. Teatrşünas Aliyə Dadaşovanın təbirincə desək, “həvəskar rəssamların sevgi mövzusunda işlədikləri açıqcalar, ucuz mənzərə rəsmləri formatında bir-birini əvəzləyən şəkillər” təsiri bağışlayır.

Bir-iki kəlmə də aktyor oyunu haqqında. Nəzərə alsaq ki, Mahmud və Məryəm kimi birxətli, işi-gücü məsum-məsum baxmaqdan ibarət olan personajları yaratmaq ağır zəhmət tələb eləmir, onda Aras Bulut İynemli (Mahmud) ilə Eva Dedovanın (Məryəm) oyununu qənaətbəxş adlandırmaq olar. Onların yerinə hər şeyi kamera eləyir. Fəxrəddin Manafov Ziyad xan rolunda həmişəki jestləri və mimikaları ilə tanışdı. Ümumilikdə “Mahmud və Məryəm” filmində iki personaj tamaşaçının yaddaşına qazılır: Polat Bilginin ifasında Sofu – müdrikliyi və sinizmi ilə, Tomris İncerin ifasında Qısır Qadın – zahiri görünüşü, ədaları, sonda uçmağı, bir sözlə tipik nağıl personajı olmağı ilə.

Fəxrəddin Manafovla yanaşı “Mahmud və Məryəm” filmində Şamil Süleymanov, Məlahət Abbasova, Elnur İsmayılov çəkiliblər.

O ki qaldı məqalənin əvvəlindəki ammaya... “Mahmud və Məryəm” filmi Nizami Kino Mərkəzinə varid oldu olmağına, amma yuxarıda sadaladığım nöqsanlar ucbatından ona bəslənən ümidləri, xərclənən pulları doğrultmadı. Nə Bakıda, nə də bəyaz ekrana ilk çıxdığı Türkiyədə. Sadəcə Azərbaycan kinosunun “müştərək filmlərin istehsalı” bəndində növbəti “quş” oldu, vəssalam.

qaynar.info

# 2088 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #